«10-12 ailəni bu prosesdən uzaqlaşdırmaq lazımdır»
Ərəb ölkələrində baş qaldıran inqilab dalğasından başqa avtoritar rejimlərin həyəcan keçirməsi açıq hiss olunmaqdadır. Artıq Azərbaycan hökuməti də korrupsiyaya qarşı mübarizə aparacağını bəyan edib. Nazirliklər və digər dövlət qurumları kollegiya iclasları keçirib müvafiq tapşırıqlar vermək üçün növbəyə dayanıblar. Regionlara son səfəri zamanı ölkə başçısı Ilham Əliyev də diqqətçəkən fikirlər səsləndirib. Hər zaman Azərbaycanın inkişaf etmiş ölkə olduğunu deyən prezident bu dəfə fərqli danışıb. O bildirib ki, Azərbaycanı müasirləşdirməli, həm siyasi, həm də iqtisadi islahatlar baxımından inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmalıyıq. Ictimai nəzarət daha güclü olmalı, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. İlham Əliyev yalnız bu yolla getməli olduqlarını, başqa çıxış yolunun isə olmadığını deyib. Bəs ölkə başçısının bu tip bəyanatlarını müxalifət səmimi qəbul edirmi?
«Hökumətin antikorrupsiya tədbirləri adı altında atdığı addımları əhali gülüşlə qarşılayır»
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, hökumətin antikorrupsiya tədbirləri adı altında atdığı addımları əhali gülüşlə qarşılayır. Buna səbəb isə hakimiyyətin atdığı addımların səmimi qəbul edilməməsidir: “Azərbaycanda korrupsiya bu hakimiyyətin bel sütununa çevrilib. Ona görə də inanmıram ki, hansısa addımlarla xalqı aldatmaq mümkün olsun. Bu rejimin xarakterini nəzərə alsaq, korrupsiyaya qarşı mübarizə müvəqqəti bir şeydir. Yaxın zamanlarda biz bunun şahidi olacağıq”.
N.Məmmədli hesab edir ki, korrupsiyaya qarşı mübarizə aparmaq istəyən hökumət daha tutarlı addımlar atmalıdır: “Ölkədə korrupsiyaya qarşı mübarizə aparmaq istəyirlərsə, maksimum 10-12 ailəni bu prosesdən uzaqlaşdırmaq lazımdır. Onlar qaldıqca korrupsiya da qalacaq. Korrupsiyaya qarşı mübarizə aparılırsa, bu, bazardakı qiymətlərdə özünü göstərməli idi. Əgər bazarda qiymətlər getdikcə artırsa, korrupsiyanın azalması ilə bağlı deyilənlər nağıldan başqa heç nə deyil”.
AXCP sədrinin müavini Ilham Əliyevin səsləndirdiyi son bəyanatları hökumətin keçirdiyi həyəcanla əlaqələndirdi: “Çox ciddi həyəcan keçirirlər. Sabirabadda baş verən proseslər də bunu göstərir. Ona görə də xalqın qəzəbini dayandırmaq üçün müvəqqəti addımlar atmaq istəyirlər. Ancaq çətin ki, bunlar problemlərin həlli yolu olsun”.
«Hakimiyyət problemi həll etmək yox, bunun görüntüsünü yaratmaq məqsədi ilə bu tipli addımlar atır»
Müsavat partiyası İcra Aparatının rəhbəri Arif Hacılı isə iqidarın demokratik ölkələrdə olduğu kimi normal siyasət yürütmədiyini qeyd etdi. Daxili siyasətlə yanaşı, xarici siyasət də kampaniya xarakteri daşıyır: “Bizim hökumət ərəb ölkələrində gedən proseslərlə bağlı narahatlıq keçirirlər. Bu səbəbdən də rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə kampaniyası aparmaqla məşğuldurlar. Əslində bunun arxasında heç nə dayanmır”.
A.Hacılının fikrincə, rüşvətxorluq və korrupsiyaya son qoymaq üçün Gürcüstan modelindən istifadə etmək lazımdır. Bununla da çox qısa müddətdə Azərbaycanda həm rüşvətxorluq və korrupsiyaya, həm iqtisadiyyatın ayrı-ayr sahələri üzərində monopoliyaya son qoymaq mümkündür. Ancaq Azərbaycan hakimiyyəti problemi həll etmək yox, bunun görüntüsünü yaratmaq məqsədi ilə bu tipli addımlar atır.
Fizzə