Hüsnü Mübarəkin ən böyük sirri

Dünyanın ən əzəmətli diktatoru və ən varlı adamı haraya sığına bilər?

Artıq 20 günə yaxındır ki, Misir əhalisi prezident Hüsnü Mübarəki qovmaqla məşğuldur. Amma Hüsnü Mübarək getmir. Dünənki çıxışından sonra yaranan təəssürat isə bundan ibarətdir ki, Hüsnü Mübarək “getmir” yox, gedə bilmir. Günlərdir ki, Misir əhalisi bu adamı rüsvay etməklə məşğuldur. 30 il ərzində Misir xalqına etdiyi zülmün acığı yavaş-yavaş çıxılır. Həm ötəndəfəki, həm də dünənki çıxışından əvvəl təkcə Misir əhalisi yox, bütün dünya onun istefa verib gedəcəyini gözləyirdi. Amma hər iki halda, o bir az geri çəkilməklə kifayətləndi. Sonuncu çıxışı isə, təbii, daha artıq qəzəb yaradıb və kimsə onun bundan sonra, hətta oyuncaq şəkildə olsa belə, Misir prezidenti olacağını təsəvvür etmir.
Hüsnü Mübarəkin gedə bilməməsi bir neçə mühüm səbəblə bağlıdır. Birinci səbəb ondan ibarətdir ki, onun gedə biləcəyi yer yoxdur. Bir trilyon dollara qədər əmlakın sahibi, ən böyük ərəb ölkəsinin başçısı Yer kürəsində sığına biləcəyi ünvan tapa bilmir. Doğrudur, bu çox acınacaqlı və rəzil bir faktdır, amma faktdır.
Hüsnü Mübarək yüz milyardlarla əmlakının, özünün, ailəsinin təhlükəsizliyini təmin etmək üçün hökmən qüdrətli bir dövlətə sığınmalıdır. Bu qüdrətli dövlət yeni Misir hökumətinin tələblərinə duruş gətirib onu istintaq orqanlarına verməməlidir. Amerika Birləşmiş Ştatları bu rolda çıxış etmək istəyində deyil: Mübarək ABŞ prezidentinin “get” eyhamını (və açıq bəyanatını) nəinki eşitməzliyə vurdu, hətta ikinci çıxışı zamanı xarici təzyiqlər qarşısında geri çəkilməyəcəyini bildirdi. Onun ABŞ-a yolu bağlıdır. Aşkar görünür ki, Obama Mübarəkə “get” deyərkən ona hara getməklə bağlı məsləhət vermək istəmir.
Avropa Mübarəki gözləmir. Misir inqilabının ilk həftəsindən sonra Ingiltərənin baş naziri Hüsnü Mübarəki ittiham edən bəyanat səsləndirdi. Bu sərt bəyanatın heç bir nöqtə-vergülündə Mübarəkin sonrakı taleyi üçün təminat vermək həvəsi görünmürdü. Fransa baş nazirinin Mübarəklə, sadəcə, bir qədər yaxın münasibəti olduğuna görə başı dərdə girib. Başqa bir avropalı baş nazir – Berluskoni Hüsnü Mübarəkin bacısı qızına görə iztirablar yaşayır. Bütün bunlara görə bu coğrafiyada kimsə ona sığınacaq verməklə başını cəncələ soxmaq istəmir. Misir diktatoru ilə hətta yaxın münasibət baş qaxıncına çevrilirsə, Avropanın demokratik siyasi sistemləri ictimai rəyin qorxusundan ona qucaq açmaz.
Doğma ərəb ölkələri üçün Hüsnü Mübarək indi daha fəlakətli adamdır. Yalnız ən ağır sabit vəziyyətilə fərqlənən Səudiyyə Ərəbistanı onu ölkəyə buraxa bilər. Çünki orada despotik rejim ən qəddar şərtlərlə ayaqdadır. Indi Hüsnü Mübarəkin ayağının dəyə biləcəyi ərəb ölkəsi potensial inqilab mərkəzi ola bilər. Indi onsuz da cəmiyyətin inqilabi əhval-ruhiyyəsi qarşısında əsən ərəb kralları onu ölkəyə buraxmaq barədə fikri qətiyyən ağıllarından keçirməzlər. Əlbəttə, Hüsnü Mübarəkin pulları da cəlbedici faktordur. Amma pullar çox kirli və çox mübahisəli olduğundan onların parlaqlığı itir.
Hüsnü Mübarək Israilə gedə bilər. O, bütün ərəb dünyasını Israilə münasibətdə parçalaya bilmiş bir siyasi fiqurdur.
Amma Israil Mübarəki yalnız bir halda öz sərhədləri daxilinə ala bilər. Əgər Mübarəkin Israilə gəlməsi ərəb dünyasında bu dövlətə nifrəti birə-beş artırmasa. Hüsnü Mübarəkin Israilə sığınması Israil üçün dəhşətli nəticələr yarada bilər. Bu halda Israil Misirin yeni hökuməti ilə “Mübarək qovğası” yaşamalı olardı. Misir isə, məsələn, Iordaniya və ya Suriya kimi balaca, səssiz-küysüz ölkə deyil. “Dəvə ölü olsa da, dərisi bir eşşək yüküdür” məsəli var.
Misirlə soyuq müharibə və ya hər hansı gərginlik Israilə gərək deyil. Üstəlik, o faktı nəzərə almaq lazımdır ki, postMübarək dövrünün Misirində Türkiyə təmayüllü bir hökumətin yaranacağı ən çox ehtimal edilir.
Hüsnü Mübarək 30 il ərzində vəhşi ehtirasla topladığı, dəyəri yüz milyardlarla ölçülən nəhəng pullarla bərabər ortada qalıb. Ona kimsə yiyə durmur. Hamı ona “get” deyir. Hamı ondan iyrənir. O isə istefa verib Misirdə də yaşaya bilməz, tükünü didərlər. 30 illik cinayətləri ona bağışlansa da, 300-dən çox adamın ölümünü doğuran qanlı olayları ona bağışlamazlar.
Ibrətamizdir. Görk alınası olaydır.
Dünyanın ən varlı, amma ən zalım padşahlarından biri hakimiyyətsiz duruma düşüb və o bütün var dövləti ilə birlikdə heç kimə lazım deyil. O isə hətta infarkt keçirmək üçün tələb olunan sosial duyğulardan da məhrum olub.

P.S. (Yazı Hüsnü Mübarəkin istefa xəbəri çıxandan əvvəl yazılıb)