Onlar cəbhəçi gəncin müdafiəsinə niyə qalxmadı?!
Budəfəki dəyirmi masa “Hüquq Müdafiə sisteminin hazırkı vəziyyəti” mövzusunda keçirdiyimiz sayca ikincidir. Yenə də müzakirə predmeti hazırda cəmiyyətimizdə böyük ehtiyac duyulan bu institutun fəaliyyətinin zəifləməsi səbəblərini ortaya çıxarmaqdır. Belə ki, beş-altı il əvvəl Azərbaycanda bir-biri ilə rəqabət aparan, ciddi fəaliyyət ortaya qoyan bir hüquq müdafiə sistemi var idisə, hazırda bu anlayışdan əsər-əlamət qalmayıb. Eyni zamanda bir xeyli ittiham da var ki, hüquq müdafiə təşkilatlarının bir çoxu hakimiyyətlə, yumşaq desək, normadan artıq yaxınlaşıb. Və bu yaxınlaşma insanların hüquqlarının müdafiəsində bəzi çətinliklər yaradır. Budəfəki qonaqlarımız hüquqşünas Ənnağı Hacıbəyli, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlıdır.
Bir il ərzində min ərizə alırıq
– Ən xırda qanun pozuntusu ilə bağlı bəyanat verirdiniz. Amma indi passivlik nümayiş etdirilir. Məsələn, parlament seçkisi ilə bağlı sizdən bir səs çıxmadı. Və ya Eynulla Fətullayevin işiylə bağlı ayrı-ayrı qanun pozuntuları olub ki, ciddi səs-küy yaradıb. Bütövlükdə hüquq müdafiə təşkilatları aktivlik nümayiş etdirməyib.
N.Cəfəroğlu:
– Passivlik yoxdur bizdə.
S.Qocamanlı:
– Eynulla Fətullayevin atası özü də etiraf edib: “Çox sağ olun ki, mənim oğlumun məhkəmə işinə bu qədər diqqət yetirmisiniz”. Yenə demək istəyirəm ki, hüquq müdafiəçisi öz işini gündə mətbuata verməməlidir.
– Cəbhəçi gənc həbs olunanda ilk sizinlə əlaqə saxladıq. Amma əvvəlki illərdən fərqli olaraq həmin aktivliyi müşahidə edə bilmədik.
S.Qocamanlı:
– Siz mənə zəng etdiniz. Biz də dərhal Sadiq Gözəlovla əlaqə saxladıq. O da dedi ki, bazar günü olduğundan sabah zəng edərsiniz. Biz bir gün sonra Novella xanımın ofisində toplaşaraq bu işlə məşğul olaraq hər yerə zəng vurduq. Sadəcə biz özümüzü nümayiş etdirmirik.
N.Cəfəroğlu:
– Biz həmin gəncin işi ilə bağlı Obudsmana zəng vurduq. O da bildirdi ki, bu məsələni bilirik. Səməd Seyidovla baş verənlər barədə danışmışıq. Dedik ki, sabah Azərbaycanın məsələsi gündəmə gələcək. Demirsiz hüquq müdafiəçiləri bizi biabır edir. Biz bu cür məsələlərə etiraz etmişik. Oqtay Əsədov bizim haqqımızda deyib ki, biz Azərbaycanı Avropa Şurasında biabır edirik… Məhkəmə sistemi bərbad vəziyyətdədir. Mənə bir il ərzində min ərizə verirlər. Nəyə görə xırda çərçivəyə salırsınız hüquq müdafiəçilərini? Son əfvdə bizə ərizə verən otuz nəfər azadlığa çıxdı. Amma adi vətəndaşların da hüquqları kütləvi pozulur. Məhkəmələrin hüquqları pozulan insanların əlli faizinə kömək ediriksə, bu hüquq müdafiəsi deyilmi? Gəlin hüquq müdafiə təşkilatlarının işini monitorinq edək. Biz sizə Monitorinq Qrupunun işini, bizə daxil olan ərizələri, məktubları göstərə bilərik.
Cəzasızlıq həmişə yeni cinayətə aparır
– Bizim də məqsədimiz bir məqama aydınlıq gətirməkdir. Əvvəlki illərlə müqayisədə insan hüquqlarının ölkədə vəziyyəti nə cürdür?
N.Cəfəroğlu:
– Çox ağırdır. Əgər yüz əlli nəfər insan evindən məhrum olaraq heç kəsə ümid bəsləmədən, bizim üzərimizə gəlirsə, bu nəyin görsənişidir? Biz onların məktublarını tərcümə edirik və diplomatik nümayəndəliklərə təqdim edirik. Bu, hüquq müdafiəçiliyi deyilmi?
– Bu gün üçün Azərbaycanda hətta tanınmış bir vəkil Osman Kazımov belə hüquqlarını qoruya bilmirsə, bu nəyin görsənişidir?
N.Cəfəroğlu:
– Biz bu məsələni də qaldırmışıq. Biz Osman Kazımlını Vəkillər Kollegiyasına bərpa etdirmək niyyətindəyik. Osman Kazımlıya qarşı nəyə görə bu cür addımın atıldığı məlumdur.
S.Qocamanlı:
– Əslində insan hüquqlarının vəziyyəti həmişə acınacaqlı idi. Amma bunun hansı hüquqlar olduğuna diqqət yetirmək lazımdır. Bu gün üçün mülkiyyət və sahibkarlıq hüquqlarının pozulması daha üstünlük təşkil edir. Bu gün mitinq və piket intensiv keçirilmir. Aksiyalarda həbs olunanları isə biz azadlığa buraxdırırıq. Amma əvvəlki illərlə müqayisədə bu gün insanların yaşamaq hüququ əllərindən alınır. Bu, birinci hüquqdur ki, BMT-nin nizamnaməsində, Avropa konvensiyasında xüsusi qeyd olunub. Əgər insanın evi əlindən alınırsa, evin içində uşaq ola-ola ora buldozerlə dağıdılırsa, buna nə ad vermək olar? Insanların ömrü boyu qazandıqları bir göz qırpımında dağıdılır. Görünür, “Qış bulvarı” Azərbaycan üçün daha vacibdir, nəinki arxitekturalı Füzuli küçəsi. Heç bir Avropa ölkəsində köhnə binalara əl dəyilmir. Köhnə olsa belə qorunub saxlanılır. Şəmsi Bədəlbəyli küçəsində mən anadan olduğum evin yanında Zeynalabdin Tağıyevin tikdirdiyi gözəl arxitekturalı bina var idi, yerlə-yeksan etdilər. Cəzasızlıq həmişə yeni cinayətə aparır. Həmin cinayəti törədənlər cəzasız qalıblar. Ona görə bizim qarantiyamız yoxdur ki, sabah bu cür pozuntular başqa yerdə baş verməyəcək. Biz bu işlərlə məşğuluq.
Vəkillər məhkəmələrdə dekorasiyadır
Ə.Hacıbəyli:
– Azərbaycanda bu gün vəkillik acınacaqlı vəziyyətdədir. Vəkillik feodalizm dövrünün avtoritar üsulları ilə idarə olunan bir quruma çevrilib. Əgər məhkəmə hakimiyyətində vəkillik bir dekorasiyadırsa, orada müstəqillikdən söhbət gedə bilməz. Halbuki Azərbaycanda müstəqil vəkillik olmalıdır ki, qanunu pozan, korrupsiya ilə məşğul olan, icra hakimiyyətinin sifarişləri ilə durub-oturan hakimlərlə onlar savaşa girsinlər. Az-çox qalan müstəqil vəkilləri bir-bir aradan götürürlər. Piketdə kimləri isə tuturlar, hüquq müdafiəçiləri onları buraxdırır. Bu, hüquq müdafiəçilərinin bütün fəaliyyəti demək deyil. Hüquq müdafiəçisi fəaliyyəti eyni zamanda insanların maarifləndirilməsini, yeni hüquq müdafiəçilərinin hazırlanmasını əhatə etməlidir. Ona görə biz məsələyə hüquq müdafiəçiləri arasında olan “razborkalar” kontekstində yanaşmamalıyıq. Söhbət hüquq müdafiəçi fəaliyyətinin ümumi problemlərindən getməlidir ki, bugünlər nəyə görə hüquq müdafiə institutunun fəaliyyəti zəifləyib. Mən zəifləyib deyəndə konkret olaraq nəzərdə tutmuram ki, Novella Cəfəroğlunun, Səidə Qocamanlının, Səadət Bənənyarlının fəaliyyəti zəifləyib. Söhbət hüquq müdafiə fəaliyyətinin zəifliyindən gedir. O baxımdan deyirəm ki, ümumiyyətlə, Azərbaycanda koordinasiya məsələləri hazırda bərbad vəziyyətdədir. Indiki vəziyyətin yaranmasının səbəblərindən biri də odur. Indi Azərbaycanda baş verən hər hansı hadisəyə Azərbaycan ictimaiyyəti mobil reaksiya verə bilmir. Indi biz hər hansı qanunsuzluğa görə mobil qüvvə kimi ortaya çıxa bilmiriksə, bu, bütövlükdə cəmiyyətin problemidir. O cümlədən hüquq müdafiəçilərinin. Məndə Məhkəmə Hüquq Şurasının son məlumatı var. Orada yazılır ki, məhkəmə hüquq islahatları gedir. Amma bu sənəddə eyni zamanda vurğulanır ki, hakim korpusunun üçdə birini intizam məsuliyyətinə cəlb etmişik. Və Məhkəmə Hüquq Şurası bunu Azərbaycan ictimaiyyətinə gördüyü müsbət fəaliyyət kimi təqdim edir. Əgər Məhəkəmə Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin seçdiyi kadrların üçdə biri cəzalandırılırsa, deməli, bu orqandakı şəxslərin fəaliyyətində problem var. Misal üçün, Fuad Cavadov MSK-nın üzvüdür. O, eyni zamanda ekspertiza institutunun direktoru və Hakimlərin Seçki Komitəsinin üzvüdür. Təsəvvür edin, mən seçkiyə namizəd kimi gedirəm. Namizədliyim qeydə alınmır. Fuad Cavadovun eksperti MSK-da mənim 575 imzamı beş dəqiqənin içində yoxlayır və rəy verir. Fuad Cavadov MSK üzvü kimi o qərara imza atır. Məhkəməyə müraciət edirəm, orada Fuad Cavadovun seçdiyi hakimlə üz-üzə qalıram. Bu bir daha göstərir ki, ölkədə hakimiyyətlərin bölgüsü, tarazlaşdırılması getmir.
Prezident deyib ki, korrupsiya ilə məşğul olmaq olmaz…
– Hazırda hakimiyyətin korrupsiyaya qarşı mübarizə apardığı ilə bağlı kampaniya gedir. Sizcə, bu istiqamətdə verilən bəyanatlar səmimi və atılan addımlar nə qədər davamlı olacaq? Yoxsa bir müddət sonra ölkə yenə əvvəlki üsulla idarə olunacaq?
Ə.Hacıbəyli:
– Əslində Zakir Qaralovun bəyan etməsi ki, korrupsiyaya qarşı mübarizəyə özlərindən başlamalıdırlar, bu, prokurorların korrupsiya ilə məşğul olmasının dolayısıyla etirafıdır. Ikincisi, korrupsiya ilə bağlı məsələ Misir hadisələri fonunda ortaya atılmış bir tədbirdir və kampaniya xarakteri daşıyır. Bu tədbirlər heç nə ilə də nəticələnməyəcək. Sadəcə olaraq bu günlərdə cəmiyyətin havasını çıxarmaq üçün beş-on məmuru güdaza verəcəklər. Bir-iki gün əvvəl sürücülük vəsiqəsi üçün tibbi arayış almaqdan ötrü müraciət ediblər. Məlum olub ki, vətəndaşlardan yalnız dövlət rüsumu tələb olunur. Səbəb soruşulanda isə bildirilib ki, “bəs televiziyaya baxmırsan, prezident deyib ki, korrupsiya ilə məşğul olmaq olmaz”. Bizdə cəmiyyətdə elə fikir formalaşıb ki, guya korrupsiyanın qarşısını almaq mümkün deyil. Əvvəla, gözümüzün önündə qonşu Gürcüstan təcrübəsi var.
N.Cəfəroğlu:
– Amma reallıqda biz istəyərdik ki, məsələ belə olmasın. Biz də istəyərdik ki, korrupsiyasız yaşayaq. Qonşu Gürcüstandakı korrupsiya ilə mübarizəyə diqqət yetirin. Mən də istəyirəm ki, bizim ölkədə də analoji proseslər getsin.
– Əslində son günlər baş verənlər onu göstərmir ki, birinci şəxs istəsə, korrupsiyaya qarşı mübarizə mümkündür?
ardı gələn sayımızda
Aytən Məmmədova,
Xəyal Şahinoğlu