“Çelsi” Kakanı transfer etmək istəyir

“Çelsi” heyətinə bir neçə ulduz futbolçu cəlb etmək niyyətindədir. Bu siyahıda əsas namizədlərdən biri “Real” ın braziliyalı ulduzu Kakadır.
Fernando Torres və David Luiz kimi futbolçuları transfer etməklə kifayətlənməyən “Çelsi” rəhbərliyi bu yay Kakanı Londona gətirməkdə israrlıdır. “Çelsi”nin prezidenti Roman Abramoviçin Kaka üçün 30 milyon avro xərcləməyə hazır olduğu bildirilir.

“Milan”da Kaka ilə birgə çalışan “Çelsi” klubunun baş məşqçisi Karlo Ançelotti də keçmiş oyuçusunu yenidən öz komandasında görmək arzusundadır. Hərçənd “Çelsi”nin uğursuz çıxışına görə mövsümün sonunda klub rəhbərliyinin Ancelotti ilə yolları ayıracağı barədə xəbər yayılıb. Eyni zamanda, bu mövsüm zədə ucbatından “Real”da gözlənilən oyunu heç cür sərgiləyə bilməyən Kakanın da Madrid klubundan gedəcəyi ehtimalı böyükdür.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2009-cu ildən 65 milyon avro müqabilində “Milan”dan “Real”a transfer olunmuşdu.
“Çelsi” ilə bağlı başqa bir xəbər də var. Klub rəhbərliyi serbiyalı müdafiəçi Branislav Ivanoviçlə müqaviləni uzadıb. Ivanoviçin “Çelsi” ilə yeni müqaviləsi 2016-cı ilin yayınadək nəzərdə tutulub.

London klubu Ivanoviçi 2008-ci ilin yanvarında Rusiya “Lokomotiv”indən 13 milyon avroya transfer etmişdi.