Kampaniyaya Dini Qurumlarla iş üzrə Komitənin sədri də qoşuldu
YƏHYA DAŞDƏLƏN
Professor Yəhya Daşdələn Azərbaycan məmurlarının hədəfində
“Uzun illər Azərbaycan hakimiyyətinin qızğın təbliğatçısı olmuş, Ankaradakı Kültür Dərnəyinin keçmiş üzvü Yəhya Daşdələnin ”Azadlıq” qəzetinə müsahibəsi iqtidar düşərgəsində qıcıq doğurub. Xüsusilə, Yəhya Daşdələnin son müsahibədə açıqladağı bəzi faktlar Azərbaycanın Türkiyədəki keçmiş səfiri, hazırda Ispaniyada səfir olan Məmməd Əliyev və dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Hidayət Orucovun ciddi etirazına səbəb olub. Adıçəkilən şəxslərin etirazları həm də, açıqlanan faktlarda onların da adlarının yer alması ilə bağlıdır. Həm Məmməd Novruzoğlu, həm də Hidayət Orucov bu müsahibədən sonra redaksiyamıza cavab məktubu ünvanlayıblar. “Azadlıq” qəzeti olaraq adıçəkilən şəxslərin mövqelərini olduğu kimi dərc edirik, eyni zamanda bu polemikada tərəf olmadığımızı bildiririk. Yəqin ki, Yəhya Daşdələn Məmməd Əliyevlə Hidayət Orucovun mövqeyi ilə bağlı öz münasibətini açıqlayacaq.
Məmməd Əliyev: “Daşdələn sensasiya yaratmaq istəyir”
“Qəzetiniz 5 fevral 2011-ci il tarixli sayında, Ankaradakı Kültür Dərnəyinin keçmiş üzvü Yəhya Daşdələnlə müsahibə dərc olunmuşdur.
Y.Daşdələnin kim olduğunu, nəyə qulluq etdiyi Türkiyədə, Azərbaycanda şanssızlıqdan ona rast gəlmiş, onunla tanış olmuş insanlar yaxşı bilirlər. O əsassız sensasiya yaratmaq, diqqəti sevilməyən adamlığına cəlb etmək üçün, hörmətli azərbaycanlı ziyalıların ləyaqətinə toxunan böhtanlar atmağı özünə peşə etmişdir. Anadolu türkləri “palçıq at, izi qalsın” adlandırdığı metoddan istifadə edən Y.Daşdələn kimi bir adamın böhtanlarının, yalanlarının, hədyanlarının araşdırılmadan, yoxlanmadan, adı “Azadlıq” olan qəzetinizdə çap olunması təəssüf doğurur.
Y.Daşdələn Ankarada “Azərbaycan lobbisi başkanı” vizit kartını çap etdirərək özünü guya “başkan” təqdim etməyə başlamış, özündən, oğlundan, qızından və kürəkənindən ibarət “lobbisi” üçün ölkəmizdən böyük miqdarda pul tələb etmişdir. Dost və qardaş məmləkətdə belə lobbiyə ehtiyac olmadığını, Azərbaycanın Türkiyədə, Türkiyənin isə Azərbaycanda lobbilərinin xalqlarımız və dövlətlərimiz olduğunu bildirəndə Y.Daşdələn qəzəblənmiş və böhtan atmaq, şantaj etmək yolunu seçmişdir.
Dünya Səhiyyə Təşkilatının, UNISEF-in, Dünya Pediatriya cəmiyyətinin qurucularından olan, bu qurumlara uzun zaman rəhbərlik etmiş, ailəsinin büdcəsindən 6 milyard dollar xərcləyərək, Ankarada 2 universitet şəhəri yaratmış, şəxsi hesabından 500 min dollar ayıraraq, Ankarada “Azərbaycan Evi” inşa etmiş, yüzlərlə türk tələbələrlə birlikdə hər ay 4 azərbaycanlı tələbəyə təqaüd vermiş dünya şöhrətli alim rəhmətlik Ihsan Doğramacıya və Türkiyədə, Türk dünyasında böyük nüfuza malik olan tanınmış ziyalımız hörmətli Hidayət Orucova dil uzatması bu adamın hansı yola qulluq etdiyini aydın göstərir.
Y.Daşdələnin dediyi, guya lobbi qurmaq üçün Azərbaycandan Ankaraya 1 milyon dollar göndərildiyi tamamilə yalandır, heç bir əsası olmayan böhtandır.
Y.Daşdələn şəxsimə qarşı yönəldilmiş yalanları-böhtanları faktı, sənədi olmayan iddiası ilə ləyaqətimə toxunaraq cinayət işləmişdir.
Y.Daşdələn iddiasını isbatlamasa (böhtanı isbatlamaq isə qeyri-mümkündür) insanlarımızın ləyaqətinə və şərəfinə təcavüz etməyə çalışan bir məxluq olduğunu təsdiq etmiş olacaqdır.
Azərbaycandakı və Türkiyədəki məhkəmələrin Y.Daşdələnin şərlərini, hədyanlarını, yalanlarını, böhtanlarını, tezliklə ortaya çıxaracağına və ona layiq olan cəzanı verəcəyinə inanıram.
Qəzetinizin “Azadlıq” adına sadiqsinizsə, bu yazıya, toxunmadan, böhtan dolu müsahibəni verdiyiniz kimi, qəzetin görkəmli yerində, böyük hərflərlə verəcəyinizə ümid edirəm.
Fizika-Riyaziyyat elmləri Doktoru, Professor, Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri Məmməd Novruz oğlu Əliyev”.
Hidayət Orucov: “Daşdələn əvvəllər məni təriflərdi”
“Son vaxtlar Azərbaycan-Türkiyə münasibətlərini, Azərbaycanın ümummilli liderinin fəaliyyətini, eləcə də ayrı-ayrı dövlət məmurlarını bu və ya digər situasiyalarda təftiş edərək siyasi ”sensasiya” al-verçiliyi gündəmə gətirilir. Bunun haradan, niyə və nə üçün, məhz, bu günlərdə qaynaqlandığı məlumdur. Ən qəribəsi odur ki, “deyilən və deyilməyən sözlər”in, dövlət qulluğuna “təyinatlar uğrunda gedən pərdəarxası mübarizənin” dürüstlüyünə əhəmiyyət verilmədən məqsəd “həqiqət” qəlibindən zorən çıxarılaraq “qocaman şahidlik” effekti ilə mətbuata sızdırılır. Təftiş həvəskarlarının çılğınlığı müsahibə verənlərin “döyüş” əzmini necə üstələyirsə, hətta tərbiyə və milli adət hesab edilən qonağı “duz-çörəyə” dəvət, süfrə arxasında nəzakətli davranış qaydaları, hətta uydurma “corab və qalstuk” xırdaçılığı da bəlağətli, xəbərçi və üsyankar formatda təqdim edilərək “öz çəkilərini” artırmaq müqabilində şəxsən necə kiçikləndiklərinin da fərqinə varmırlar.
Qəzetinizin 19 yanvar və 5 fevral 2011-ci il tarixli saylarında professor Yəhya Daşdələnin ölkəmizin dövlət adamları – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov, Türkiyədəki keçmiş səfirimiz Məmməd Novruzoğlu, mən və başqa rəsmi şəxslər barədə “xatirələri”, eləcə də dünya şöhrətli mərhum alim Ihsan Doğramaçı, ictimaiyyətin yaxşı tanıdığı digər şəxslərin adlarının rişxənd üslubda hallandırılması ağsaqqal insana yaraşmayan ucuz qeybət və ədalətsizlik olmaqla yanaşı, həm də mətbu yalan, əli heç bir yerə çatmayan adamın intiqamı təsirini bağışlayır.
Yəhya Daşdələnin adını çəkdiyi şəxslər barədə əsassız olaraq acıqlı danışmasının təfərrüatları mənə yaxşı məlumdur, lakin onları qəzet səhifəsinə çıxarmağı öz səviyyəmə sığışdırmıram, mədəniyyətim buna imkan vermir. Ancaq qətiyyətlə bildirirəm: onun söylədikləri uydurmadır, böhtandır.
Azərbaycanda “xalqa narkoz verərək onu uyutmağa çalışan siyasət” aparıldığı iddiası da Yəhya Daşdələnin uzaqdan atdığı daşlardan biridir və ilk növbədə xalqımızı aşağılamaqdan başqa heç nə deyil. Ümumiyyətlə, siyasi iddialı “şok açıqlamalar” ciddi böhtanlar olduğu üçün məsələyə aydınlıq gətirməyi lazım bildim.
Yəhya Daşdələn Azərbaycanda yetərincə tanınır. Dəyişkən mövqe sahibi olan bir şəxsin özünü “Azərbaycanın Türkiyədəki lobbi qrupunun başqanı” kimi təqdim etməsi idealist təxəyyülün nəticəsidir. Azərbaycan-Türkiyə münasibətlərinin mənşəyi və inkişafı təsdiq etmişdir ki, Türkiyənin ölkəmizdəki lobbisi Azərbaycan xalqı, Azərbaycanın Türkiyədəki lobbisi isə türk xalqıdır. Kim bu məsələdə “araçılıq” edərsə, bükülərək çıxar. Hörmətli professorun ahıl durumuna hörmətlə yanaşaraq ona Türkiyənin “Öndər” qəzetinin 24 aprel 2000-ci il tarixli sayında dərc olunmuş “Örnək dövlət adamı” adlı öz yazısına yenidən nəzər yetirməyi məsləhət görürük. Yəhya Daşdələn imzası ilə dərc olunmuş o qədər də iri olmayan bir yazıda mənim ünvanıma yağdırılan tərifli ifadələr barədə təsəvvür yaratmaq üçün onların bir neçəsinə diqqət yetirmək kifayətdir: “ciddi, səmimi, şəxsiyyətli insan”, “uluslararası şöhrətə layiq”, “Prezident Heydər Əliyevin… prinsiplərinə sadiq və ona səmimiyyətlə bağlı olan Dövlət müşaviri”, “üzüldüm, ona görə ki, Türkiyədə nə üçün özünü bu cür siyasətdə, ədəbiyyatda və sosial həyatda yetişdirmiş bir şəxsiyyət yoxdur”, “Hörmətli Heydər Əliyevin iş yoldaşları arasında Dövlət müşaviri Hidayət Orucov kimi insanların bulunması Azərbaycanın tərəqqisi və təkamülü üçün bir təminat və bir qarant olaraq qəbul edilməkdədir” və s.
Maraqlıdır ki, Yəhya Daşdələnin mənə ünvanladığı həmin yazısından sonra onunla heç bir əlaqəmiz olmayıb. Doğrudan da, gecikmiş əks-səda “kral”a yaraşmayan “pulsuz siyasi komediya”dır.
Azərbaycanın ən yeni tarixinin reallıqlarını kənardan seyr edən bəzi həvəskar “Azərbaycansevərlər” dövlət məmurlarının adını qarışıq illərin kontekstində, məişət xırdalıqları fonunda çəkməklə nəyə işarə etdikləri ucuz taktikadır. Vətənin, dövlətçiliyin möhkəmlənməsi və inkişafı naminə sədaqətlik nə vaxtdan siyasi ittiham hesab olunub?!
Yəhya Daşdələnin “etiraflar”ı bir daha sübut etdi ki, onun vaxtı ilə Azərbaycanla bağlı məsələlərdən kənarda saxlanılması uzaqgörənlik əlamətidir.
Cənab Yəhya Daşdələn, çox məşhur və ibrətamiz bir ata sözümüzü xatırlatmaq istərdim: “Yalan ayaq tutar, amma yeriməz”.
P.S. Redaksiyadan sadəcə bir əlavə edirik. Dövlət məmurlarının “təsadüfi”, “səbatsız”, “dəyişkən adam” adlandırdıqları professor Daşdələn həqiqətən də, uzun illər ərzində Azərbaycanda rəsmən belə təqdim edilib: “Turkiyədə Azərbaycan lobbisinin başqanı” və ya “Türkiyədə Azərbaycan diasporunun başqanı”. Məsələn, belə bir fakt: Azərbaycan hökumətinin rəsmən yaratdığı “Heydər Əliyev Universiteti” (http://www.ndu. edu.az/kitabxana/kitabxanaz/aliyev.html) adlı elektron kitabxanadan: “Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov,…(burada 10-15 rəsmi şəxsin adı çəkilir-red), Türkiyədəki Azərbaycan diasporunun rəhbəri, professor Yəhya Daşdələn,…(siyahı davam edir)… “Heydər Əliyev Universiteti” və kitabxanasının zənginləşməsinə və inkişafına köməklik göstərmiş, dəyərli tövsiyələr vermişlər. 2004-cü ildə Ramiz Mehdiyevin rəhbərliyi ilə Heydər Əliyev haqqında buraxılan “DÜNYANI HEYRAN QOYAN INSAN” adlı kitabda müəlliflərin siyahısında Bill Klintondan Helmut Kola qədər dünyanın 20-30 vitrin adamının arasında Yəhya Daşdələnin də adı var. Bu kitabdakı müəllif siyahısında da Daşdələn “Türkiyədə Azərbaycan diasporunun rəhbəri” kimi təqdim edilir.
İnformasiya şöbəsi