Ey yaptokrat cənablar!
Nə qədər çətin olsa da, bir anlığa düşünək ki, başladığınız korrupsiyayla mübarizə bir şou-filan deyil, doğrudan da, içinizdəki vicdan hissi nəhayət, oyanmışdır və ölkədə rüşvətin, dərəbəyliyin kökünü gerçəkdən də kəsmək fikrindəsiniz, o zaman bir ünvanı da sizə mən göstərim: təhsil!
Daha da dəqiqləşdirim: illərdir təhsil sisteminin məhv edildiyi, onun məzmununun qətlə yetirildiyi, ora “islahat” adı ilə ayrılan milyonlarca manatın başına daş salındığı barədə Əlövsət Osmanlı yazılar yazır, müsahibələr verir, kitablar çıxarır. Normal ölkədə bu ittihamlara görə çoxdan yerin yerində oynaması gərəkirdi, ya cənab Osmanlını böhtana, yalana görə həbsə atmaq, ən azı cərimələmək, ya da bu ittihamların birbaşa ünvanı olan cənab Misir Mərdanovu qandallamaq, ən azı bircə gün belə tutduğu postda saxlamamaq gərəkirdi, amma bizdə qocaman bir sükut var ortada.
Indi madam ki, haqq yoluna gəldiyinizi deyirsiniz, korrupsiyaya savaş açdığınızı bas-bas bağırırsınız, məmur dərəbəyliyinə son qoyacağınıza and-aman eləyirsiniz, hər kəsi bu ölkədə hüququn üstünlüyünü təmin edəcəyinizə inandırmağa çalışırsınız, o zaman uzağa getməyin, dağa-daşa düşməyin, qanunların və məntiq sizdən tələb etdiyini həyata keçirin, gerçəkdən də ədalətli mühakimə qurun: ya bugünədək böhtan yazdığı üçün Əlövsət Osmanlının, ya da doğrudan da, təhsili “bazar”a çevirdiyinə görə Misir Mərdanovun cəzasını verin.
Əks halda bir deyil, yüz müşavirə keçirin, yüz deyil, min adam işdən qovun, özünüzü “korrupsiyanın düşməni” kimi göstərmək üçün ha dəridən-qabıqdan çıxın, bütün bunların bir şou olmadığına, gözdən pərdə asmağa, rejimə qarşı ictimai nifrəti və qəzəbi səngitməyə hesablanmadığına kimsəni inandıra bilməzsiniz.
Məşhurlaşmamış orden haqqında
Ilham Əliyevi tərifləməkdə heç də Zəlimxan Yaqubdan geri qalmayan Lütfi Zadə rejimdən növbəti hədiyyəsini aldı, “Dostluq” ordeni ilə təltif olundu.
Mən bu ordenin adını ilk dəfə eşitdim. Nədir, nəmənə şeydir, bilmək istədim. Dostlardan soruşdum, çiyinlərini çəkdilər. Sonda internet köməyimə yetişdi, aradım, axtardım, məlum oldu ki, heç demə, kral həzrətləri onu 2007-ci ildə təsis edibmiş.
Düzü, indiyədək “Dostluq” ordenini kimlərin aldığı ilə maraqlanmadım, heç vacib də deyil. Bizim iqtidarın dostları kimlər olasıdır ki: Mövlud Çavuşoğlu, Oljas Süleymenov, nə bilim, Rastropoviç-mastropoviç…
Qısası, Azərbaycan xalqının dostu olmayan, həqiqətin dostu olmayan, azadlığın dostu olmayan hər kəs bu ordenə layiqdir. Çünki onların hamısı, bir qayda olaraq, heydərizmin dostlarıdır.
Əksi olsaydı, bu ordeni hamıdan əvvəl Andreass Qross almalıydı, o zaman hər kəs də Azərbaycanda belə bir yüksək mükafatın varlığından dərhal xəbər tutardı.
Niyə ancaq biz boğuluruq?
Intiharlar, dəhşətli yol qəzaları haqqında xəbərlərin sırasına son vaxtlar dəm qazından boğulmalar da daxil olub. Elə bir gün yoxdur ki, ən azı iki-üç nəfərin bu səbəbdən ölməsi barədə məlumat gəlməsin.
Illərdir qəzetlər, müstəqil ekspertlər Azərbaycan vətəndaşlarına satılan qazın tərkibi haqqında həyəcan siqnalı çalır, bunun xalqa qarşı bir “mavi terror” olduğunu deyir, hökumətdən yenə “çırt” səsi yoxdur. Bunun da səbəbi var: onları ora xalq gətirməyib, onları orada xalqın iradəsi saxlamır, ona görə də özlərini xalqın taleyinə məsul, xalqın həyatına cavabdeh hiss etmirlər.
Qeyri-legitim iqtidardan başqa nə gözləmək olar ki, zatən?
Bütün bunlar öz yerində. Indi məni başqa şey düşündürür: bizə satılan qazı bu hökumət başqalarına da satmırmı? Rusa, yunana satmırmı? Gürcüstana, Türkiyəyə satmırmı? Satır. Elə isə, soruşmağa ayıb olmasın, orada niyə heç kim dəm qazından boğulmur? Ən azı hər gün rus və türk mediasını izləyən… Rusdilli gürcü portallarına göz atan biri kimi deyirəm, mən orada belə xəbərlərlə rastlaşmamışam.
Indi soruşuram yaptokratlardan: cavab verin görək, satdığınız qazdan niyə ancaq biz boğulub ölürük, niyə?..