Hakimiyyət antiMübarək mitinqinin Əhmədinejad əleyhinə çevriləcəyindən narahatdır
Misir hadisələri Iranda ictimai-siyasi gərginlik yaradıb. Rejimin tərəfdarları misirli müxaliflərə dəstək üçün bu gün aksiya keçirəcək. Iran müxalifəti isə eyni xarakterli mitinqi fevralın 14-nə təyin edib. Müxalifət Tehran hakimiyyətinə müraciət edərək Misir lideri Hüsnü Mübarək əleyhinə keçiriləcək aksiyaya icazə istəyib.
Iran Misir rəhbərinə qarşı olsa da, müxalifətin antiMübarək mitinqinin prezident Mahmud Əhmədinejad əleyhinə çevriləcəyindən ehtiyat edir. Molla rejimi islahatçı müxalifətə xəbərdarlıq ünvanlayıb. Prokuror Qulam Hüseyn açıqlama verərək müxalifətin mitinqinə icazə verilməməsini təklif edib.
Onun sözlərinə görə, müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin tərəfdarlarının əsl məqsədi başqadır. Onlar Misirdə hakimiyyətə etiraz edən xalqı dəstək xatirinə mitinq keçirmək istəmir. Iran iqtidarının sözçüləri insanları müxalifətin fevralın 14-də keçirməyi planlaşdırdığı aksiyaya qatılmamağa çağırıb.
Iran Inqilab Keşikçiləri Korpusunun (“SEPAH”) üzvü, Tehranın “Məhəmməd Rəsulullah” ordusunun komandanı Hüseyn Həmədani jurnalistlərə açıqlamasında Tunis və Misir xalqlarının qiyamına dəstək verməyə hazırlaşan müxalifətə qarşı sərt bəyanatlar səsləndirib. O, müxalifət liderlərini “cənazə” adlandırıb və onları casusluqda ittiham edib: “Fitnəçilər cənazədən başqa bir şey deyillər. Biz onların hər hansı bir hərəkətini yerindəcə şiddətlə əzəcəyik”.
Müxalifət liderlərindən Mehdi Kərrubi ABŞ-ın “The New York Times” qəzetinə verdiyi müsahibəsində Tunis və Misir xalqlarının qiyamına dəstək vermək üçün təyin edilmiş kütləvi yürüşdən danışıb. O, 14 fevral yürüşünün həm Iran hakimiyyəti, həm də ölkədəki “Yaşıl Hərəkat” üçün böyük bir sınaq olacağını bildirib.
Iran hakimiyyəti müxalifətin mitinq keçirməkdə israrlı olmasından narahatlıq keçirərək repressiyalara başlayıb. Təhlükəsizlik qüvvələri müxalifət lideri Mehdi Kərrubini qeyri-rəsmi ev dustağı edib. Xüsusi təyinatlılar müxalifət liderinin övladlarından birinin atasının evinə daxil olmasına icazə verməyiblər.
Onlar Kərrubinin mənzilini mühasirəyə alaraq onun övladına anaları Fatimə Kərrubi istisna olmaqla, fevralın 14-nə qədər heç kimin Kərrubini görə bilməyəcəyini söyləyib. Mehdi Kərrubinin ev dustağı edilməsinin fevralın 14-də keçirilməsi planlaşdırılan mitinq-yürüşlə əlaqəli olduğu vurğulanır.
Bundan əlavə, Mehdi Kərrubinin müşaviri, Milli-Məzhəbi Fəallar Şurasının üzvü Tağı Rəhmani həbs edilib. ETTELAAT əməkdaşları Tağı Rəhmanini mənzilindən aparıblar. Tağı Rəhmaninin vətəndaşları fitnə törətmək üçün qanunsuz aksiyalara çağırmaqda ittiham edilərək həbs olunduğu bildirilir.
Üləmalar Məclisinin üzvü ayətullah Seyid Əli Məhəmməd Dəstqeyb Iran rəsmilərinin dindən sui-istifadə etdiyini, xalqın ölkədəki vəziyyətdən narazı olduğunu söyləyib: “Cəmiyyətdə bütün problemlər rəsmilərin Islama zidd hərəkətlərilə əlaqədardır. Ölkənin indiki ağır vəziyyətində xalqın əsas narazılığı ona görədir ki, bunlar nə Qurana əməl edirlər, nə də Konstitusiyaya…”
Ayətullah Dəstqeyb müxalifət liderləri Mirhüseyn Musəviyə qarşı təzyiqləri pisləyib: “Bu Allah bəndəsi nə özünə var-dövlət yığıb, nə vəzifə və kreslo əldə etməyə çalışır. Onun həmişə dediyi budur ki, hakimiyyətdəkilər qanuna əməl etməlidirlər”.
İnformasiya şöbəsi