Qırx il bundan əvvəlin “islahatları”

Bilirsiniz, dünyada ən zəhlətökən şey nədir? Ucuz təbliğat, ucuz şou! Bəlkə də ölkədə həqiqətən də müstəqil telekanal olsaydı, canımız azacıq rahat və asudə olardı, televizorun düyməsini basıb canımızı qurtarardıq. Amma çox əfsus! Baxmağa məcburuq! Əsl yarışa giriblər, biri deyir beş adam çıxardım, o birisi buyurur ki, mən onunu çıxardım. Bu “islahatlar” mənə lap 1968-69-cu illərin “islahatları”nı xatırladır. O vaxt da korrupsiyaya qarşı çox böyük “mübarizə” başlanmışdı. Amma nəticəsi nə oldu? Ölkədə rüşvət lap tüğyan etməyə başladı. Mən M.Qorbaçova o qədər də müsbət yanaşmıram, ən azı 20 Yanvar hadisələrinə görə. Amma bunlar deyəndə ki, M.Qorbaçovun 1980-ci illərdə gördüyü işləri biz hələ 1968-ci ildə görmüşdük, məni əsl əsəbi gülmək tuturdu! Bu qədər də yalan olmaz axı!.. Indi də yalan danışırlar. Bir çox mətləblərin üstü hələ bir qədər sonra, nə vaxtsa açılacaq. Hə, indi Qərb də ərz edir ki, H.Mübarəkin 70 milyard dollarlıq sərvəti var. Insanların bu cür şok xəbərlər eşitməməsi üçün iş adamları kimi arada siyasət adamlarının da sərvətindən yazmaq lazımdır, çünki bir çox ölkələrdə, xüsusən də avtoritar rejimlərdə siyasətçilər sözün əsl mənasında siyasəti çox məharətlə biznesə çevirirlər və bir də görürsən ki, ən gəlirli biznes sahəsi elə siyasətin özüdür. Burada yadıma A.Kamyunun bir personajının sözü düşür: “Bəli, hamı bilir ki, hakimiyyət və siyasət oğurluqdur. Ona görə də mən açıq-aşkar oğurluq edəcəm…”. Totalitar rejimlərdə məsələ bir qədər mürəkkəb olur, bəli, orada müstəqil biznes sferaları olmadığı üçün siyasətçilər nəfslərinə çox meydan verə bilmirlər. Amma avtoritar rejimlər və avtoritar liderlər isə tamam başqa məsələdir. Mən başqa bir avtoritar lideri – Y.Ərəfatı xatırlayıram. Bəli, ölən kimi onun da sərvətini açıqladılar, təxminən 6 milyard dollar idi. Indi özünüz təsəvvür edin, hələ mövcud olmayan bir dövlətin avtoritar və xarizmatik bir liderinin bu qədər sərvəti varsa, onda hakimiyyətdəkilər nə qədər sərvətə malikdirlər! Ona görə də, dünyanın ən varlı adamlarından yazan “Forbes”in də yazdıqlarını bir qədər ironiya ilə oxumaq lazımdır – B.Geyts kimdir axı?! Bu dünyada “papaq altında” oğullar var ki, sərvətilə onu kölgədə qoyar və dünyanı şoka salar! Həmin dünyanı ki, onun demokratik kəsimində siyasət adamlarının biznesə, biznes adamlarının isə siyasətə müdaxiləsini azaltmaq istəyirlər və müəyyən mənada buna nail də olurlar. Amma ölkələr var ki, əsl sərvət və əsl dövlət elə siyasətdədir.

Misirin dərsi

Hamı D.Medvedevi pisləyir, amma mənə elə gəlir ki, onun problemi V.Putin adlı bəlanın kölgəsindən çıxa biməməsidir, bəli, o çox cəhd edir, amma hələ bacarmır. Həmin Medvedev Tunis hadisələri zamanı dedi ki, bu, hamı üçün bir dərs olmalıdır. Indi Tunisdən, Misirdən dərs götürməsələr də, bir çoxları ən azı görüntü yaratmaq istəyir ki, guya ölkələrində belə problemlər yoxdur. Elə bizimkilərin də təlaşı bununla bağlıdır. Amma onlar başqa detallara diqqət yetirsəydilər cəmiyyət üçün daha yaxşı olardı. Misirdə indi bir komitə yaranıb, konstitusiyaya düzəlişlər ediləcək. Prezidentlik müddəti, deyəsən, qısaldılacaq. Amma burada nə baş verdi? Iki dəfəlik məhdudiyyət də aradan götürüldü! Indi həyat diqtə edir ki, məhdudiyyət bərpa edilsin. 2013-cü ilə iki il qalıb, hər halda, düşünmək üçün vaxt var.

Tiranların kədəri

Sözün əsl mənasında hakimiyyət adamlarının psixologiyasını başa düşmək çətin məsələdir. Iran şahının nə qədər sərvəti vardı? Necə oldu bu sərvət? Ona və yaxınlarına xoşbəxtlik gətirdimi?! Tunis prezidenti də xoşbəxt, rahat ola bilməyəcək… Misir prezidenti də! Hamısı! Bəs onda sarı metala bu qədər hərisliyin xeyri nədir? Xüsusi təəssüf doğuran budur ki, bir çox hallarda bu sərvətləri millətə qaytarmaq olmur, nəticədə tiranların nə özünə qismət olur, nə də millətə! Bəlkə bu da bir qısasdır – azadlığın qisası. Azadlığı rədd edib köləliyi seçəndə, köləliyin ağuşuna atılanda, azadlığın da qisası yaman olur – otuz il və hər ilə bir milyard dollar.