Musa Yaqub İctimai Palataya üzv olur

Palatanın Koordinasiya Şurası ictimai-siyasi vəziyyəti müzakirə etdi

 

Müxalifət partiyaları və vətəndaş institutları təmsilçilərinin təsis etdiyi İctimai Palatanın Koordinasiya Şurası fevralın 11-də Milli İstiqlal Partiyasının qərargahında növbəti toplantısını keçirib. Bu haqda “Turan”a Şuranın üzvü Aqil Səmədbəyli bildirib.

 

Onun sözlərinə görə, toplantıda təşkilati məsələlər, İctimai Palatanın strukturlaşması, ölkədəki ictimai-siyasi durum müzakirə obyekti olub. Eyni zamanda KŞ üzvləri tanınmış vəkil Osman Kazımlının Vəkillər Kollegiyasından xaric edilməsinə və AXCP-nin gənc fəalı Cabbar Savalanlının həbsinə münasibət bildiriblər.
KŞ-nın toplantısında rəsmi Bakının iddialarına baxmayaraq, ölkədə ictimai-siyasi durumun ağır olaraq qaldığı vurğulanıb. Eyni zamanda, ədalətsiz seçkilər vasitəsilə hakimiyyətin xalqı dövlətin idarəedilməsindən kənarlaşdırdığı nəzərə çatdırılıb.

Hakimiyyətin korrupsiyaya qarşı mübarizəsi xalqın gözündən pərdə asmaq cəhdi kimi dəyərləndirilib. KŞ xalqla iqtidar arasında uçurum olduğunu xüsusi qeyd edib.
Toplantı iştirakçıları vəkil O.Kazımlının Vəkillər Kollegiyasından uzaqlaşdırılmasını pisləyib, bunu vətəndaşa qarşı ayrı-seçkilik, əqidəsinə görə təqib və təzyiq sayıblar. AXCP-nin gənc fəalı Cabbar Savalanlının həbsini isə siyasi sifariş adlandırıblar.     

A.Səmədbəyli İctimai Palatanın təşkilatlanması ilə bağlı məsələnin bütün il boyu davam eədcəyini nəzərə çatdırıb. Palataya üzv olmaqla bağlı KŞ-yə müraciətlər edilib. Tanınmış şair Musa Yaqubun da müraciət etdiyi açıqlanıb, Palatanın qarşıdakı sessiyasında bu qəbulun gerçəkləşəcəyi nəzərə çatdırılıb. Bundan əlavə, bir neçə hərbiçi pokovnik və keçmiş polis zabitlərindən quruma üzv olmaqla bağlı müraciətlər daxil olub.