Eldar İbrahimov nazir ola bilmədi

YAP-çı deputata bildirilib ki, parlamentdəki fəaliyyətilə kifayətlənsin

 

YAP-çı deputat Eldar Ibrahimov nazir olmaq istəmədiyini deyib. Eldar Ibrahimov bildirib ki, deputat kimi fəaliyyət göstərmək onu qane edir. Eldar Ibrahimovun bu açıqlaması maraq doğurur.
Bir neçə ildir ki, YAP-çı deputatın kənd təsərrüfatı naziri olmaq istəyi barədə mətbuatda yazılır. Hətta “WikiLeaks” saytı da ABŞ rəsmilərinin Azərbaycanla bağlı hesabatlarını açıqlayan zaman, sənədlərin birində Eldar Ibrahimovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəstəyi ilə kənd təsərrüfatı naziri olmağa can atdığı vurğulanmışdı. Eldar Ibrahimov nə Azərbaycan mətbuatında yazılanları, nə də ABŞ rəsmilərinin açıqlamalarını təkzib etmişdi. Bundan başqa, YAP-çı deputatın  özünü aqrar sahənin inkişafı üçün ciddi fəaliyyət göstərən şəxs kimi tanıtdırmaq cəhdi, kənd təsərrüfatı naziri Ismət Abbasovu daim tənqid etməsi də, onun belə bir iddiada olduğunu və bunu heç gizlətmədiyini göstərirdi. Bəs indi nə oldu ki, Eldar Ibrahimov birdən-birə nazir olmaq istəmədiyini bəyan elədi. Bəzi məlumatlara görə, YAP-çı deputatın belə bir açıqlama verməsi Ismət Abbasovun postuna yiyələnmək cəhdlərinin boşa çıxması ilə bağlıdır. Bildirilir ki, Eldar Ibrahimov çox çalışsa da, bütün əlaqələrini işə salsa da, nazir olmaq üçün xeyir-dua ala bilməyib. Bu baxımdan da artıq ümidini üzüb. Digər tərəfdən onun bu iddiası “yuxarılar” tərəfindən bəyənilməyib. Hətta məlumatlara görə, YAP-çı deputata nazir olmaq sevdasını unutmağı və parlamentdəki fəaliyyətilə qane olmağı  tapşırıblar. Məlumatlara görə, bu posta Ramiz Mehdiyevin öz adamı olduğu üçün Eldar Ibrahimovu neytrallaşdırıb. Həmin şəxs Prezident Administrasiyasında şöbə müdiri işləyən Azər Əmiraslanovdur.
 

 

İnformasiya şöbəsi