Cabbar Savalanlını cibinə narkotik atmaqla həbs etməkdə bu hakimiyyət nəyə nail olmaq istəyir, səmimi deyim ki, mən anlaya bilmirəm. Deyək ki, başqalarını qorxutmaq istəyir. Axı bu yolla onlar illərlə başqalarını qorxutmaq istəyiblər və məğlubiyyətə düçar olublar. Bu, ölkəsinin, xalqının, cəmiyyətinin azadlığı üçün savaşa qoşulan hər bir gəncin hər an gözlədiyi, hər an başına gələcək şərəfsizcə yapılan YAP hərəkətidi. Buna hər kəs hazırdı. Öldürməklə də qorxutmaq olmaz. Çünki ölənlə ölünmür.
Bəlkə xəbərimiz yoxdu – Dövlət baba o qədər cılızlaşıb ki, bir məhlə, tin uşağı səviyyəsinə düşüb və onun “banda”sına qarşı gələnləri beləcə cəzalandırır? Bu, çox ayıb və hər bir vətəndaşın başını aşağı salacaq məqamdı. Dövlət özünü uşaq kimi apararmı? Bəlkə heç dövlət yerli-dibli yoxdu?
Bir nəfər inqilab eləyə bilməz. Və bir (yüz, min) nəfəri həbs eləməklə də olacaq inqilabın qarşısını almaq olmaz. Bəs bunların istədiyi nədi? Nişanələr xərifləmiş qocanın aqoniyasından başqa bir şeyə bənzəmir.
Beynəlxalq hesabatlarda narkotranzit ölkəsi kimi qələmə verilən bir dövlətdə baş verib bu 0.17 qramlıq həbs. Ölkənin narkotranzit olması isə o deməkdir ki, burada ən yuxarı qatda oturanların bu işdə əli var, payı var, məsuliyyəti var. Kəsəsi, hər kəs hər şeydən xəbərdardı. Hətta ondan da xəbərdardı ki, yüksək hakimiyyət eşelonunda kimsə bu tranzitə mane olmaq istəsə, ən qısa zamanda ya hakimiyyətdən atılır, ya başına ağıl qoyulub “düz yola” qaytarılır, ya da başını üzürlər. Və bunların hamıya bəlli olduğunu bilə-bilə bir gəncin cibinə 0.17 qram narkotik atıb həbs eləyirlər.
“Savalanlı Cabbar – sən tarixin özüsən, XXI əsr tarixini sən yazacaqsan, tarix sənə boyun əyəcək”,- bu sözləri Cabbar yazıb dəftərçəsinə. “Facebook”dakı şəxsi səhifəsində Rəsulzadənin, Elçibəyin, Atatürkün və Milli qəhrəman Mübariz Ibrahimovun fotosunu yerləşdirən gənc. Cabbarın “sən tarixin özüsən, XXI əsr tarixini sən yazacaqsan” dediyi isə onun özü deyil (bəlkə də YAP şər aparatı elə bu cümlədən qorxub), onun da sıralarında yer tutduğu, yetişməkdə olan açıq zehinli, şərə boyun əymək istəməyən, sivil dünya ailəsinin bərabərhüquqlu üzvü olmağı arzulayan işıqlı gənclikdi. Bəli, bizim tariximizi o şir ürəkli, savadlı gənclik yazacaq, yumurtadan çıxmağa macal tapmamış simasızlığa, yaltaqlığa, köləliyə alışdırılan kostyumlu, qalstuklu degenrat gənclik yox. YAP anlamalıdır ki, Savalanla iş bitmir – gərək bütöv bir gənclik nəslini məhv eləyəsən, qətliam törədəsən. Bunu isə onlar yalnız şəkərli, infarktlı narahat yuxularında görə bilərlər.
Bacardıqları nə varsa, hamısı üz qızardır – “Hərənin bir düşüncəsi, hərənin bir yanaşması var. Əgər biz orda Lukaşenkonu dəstəkləmişiksə, deməli, bu, hər bir millət vəkilinin öz mövqeyidir”,- kimi kəllə-mayallaq cümlə işlədən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev kimilərinin elədikləri kimi. Ən azı qismən tərbiyəli sayılacaq dünya ailəsinin içində çoxluq geriçiliyə, diktaturaya, vəhşiliyə, feodal gerizəkalılığına qarşı gələrkən Lukaşenkonu müdafiə eləməklə millətimizin başını yerə soxanlardan nə gözləmək olar ki? Dünya Lukaşenkoya diktator deyir, bizimkilər yox. Niyə? Çünki o layihənin lehinə səs vermək, öz dövlətinin başçısının əleyhinə səs vermək kimi bir şeydi. Ancaq nəticə dəyişmir. Dünya ailəsinin içində şərə “hə” deyən azərbaycanlının səsi cəmi 3-dü. Bu üç səsə qarşı dünyanın 90 səsi var. Deməli, Cabbar Savalanlı haqlıdı. 3 səslə onun tarix yazmasına kimsə əngəl ola bilməz – tarixin tullantıları nə qədər atılıb-düşsə də…