“… gedib orada yaşaya bilmərəm”
«Yəqin ki, Hüsnü Mübarək cibli kəfən arzusundadır»
Vüsalın 17 yaşı var. Bir ildən sonra artıq o, səsvermə hüquqlu vətəndaş olacaq. Deyir ki, mən hələ özüm üçün müəyyənləşdirməmişəm ki, kimə nə üçün səs verəcəyəm.
***
“Hər kəsin özünün müəyyənləşdirəcəyi bir məsələdir ki, mən kimə səs verməliyəm. Bu sualı o adamlar verir ki, ölkədə gedən proseslər onu maraqlandırır. Adətən müxalifətə o adamlar səs verir ki, o, ölkədə dəyişikliyin olmasını istəyir və indiki hökumətin fəaliyyətindən narazıdır. O adamlar müxalifətə səs verirlər ki, onlar görürlər ki, çox rahat şəkildə hansısa problemi həll etmək olar, amma fəaliyyətdə olan hökumət bunu illərlə həll etmir. Hətta, ailədə elə dolanışıq problemləri ola bilər ki, bu problemlər ölkənin idarəçiliyilə bağlı ola bilər. Düşünərsən ki, axı, hökümət bu problemləri həll edə bilər, amma etmir…”
***
Vüsal Abbasquliyevin ailəsi 1993-cü ildə Qubadlı rayonundan qaçqın olaraq Bakıya gəlib. Qubadlını görməyib və heç xatırlamır. Yalnız “videosüjetlərdə görmüşəm”, deyir. Ümid edir ki, nə zamansa Qubadlını görmək ona da qismət olacaq.
“Məni artıq gənc saymaq olar. Biz gənclər ilk növbədə məktəbdə müəllimlərimizin, evdə valideynlərimizin təsirilə formalaşmağa başlayırıq. Amma hərdən görürük ki, müəllim, mövqeyi özündən ”yuxarı” olanlardan qorxur. Bu zaman əlbəttə ki, müəllimlərdən müsbət nəsə öyrənmək mümkünsüz olur. Sözünü deyəcək uşaqlar çox azdır. Bu da indiki gəncliyin formalaşmasına, müəyyən mənada təsir edir. Əgər dərsinə məsuliyyətlə yanaşsa, vaxtında gəlib dərslərini keçsə, heç bir nöqsanı olmasa, müəllim də heç zaman qorxmaz. Bizdə elə müəllimlər də var ki, yeri gəldikdə öz sözlərini deyə bilirlər. Ona görə də, onlarla hamı hesablaşır”.
Vüsalın yaxın hədəfi və hobbisi nədir?
“Indi qarşımda olan yeganə məqsədim ali məktəbə qəbul olmaqdır. Əlavə olaraq, musiqiyə marağım var, gitara çalmağı bacarıram. Vaxt azlığından buna çox vaxt ayıra bilmirəm”.
– Hansı peşə sahibi olmaq istəyirsən?
– Iqtisadçı olmaq arzusundayam.
“Mən ümumi yataqxanada yaşayıram, orada yaşamaq dözülməzdir”
– Azərbaycanda iqtisadiyyatın indiki vəziyyəti necədir?
– Azərbaycanda yaşayan insan deyir ki, bizdə böhran yoxdur. Xarici dövlətdə yaşayan vətəndaş isə adi bir problem yaranan kimi deyir ki, bizdə böhran var. Xarici ölkədə yaşayanlar, məsələn, bir şalvara öz maaşının cüzi faizini verir. Amma Azərbaycanda qiymətlər həmişə baha olur. Ona görə də bizdə bir şalvar maaşın böyük hissəsinə alınır. Bizdə həmişə bahalıq olduğundan cəmiyyət bu böhranı hiss etmir. Amma biz nefti olan bir ölkəyik.
– Iqtisadiyyatımızın əsasını neft təşkil edir. Iqtisadçı olacağın təqdirdə neft gəlirlərini bölüşdürməyi sənə həvalə etsələr, bunu necə edərsən?
– Bir məsələni də deyim ki, indi boş yer tapan kimi, tez bir zamanda hündür binalar ucaldılır. Mənim fikrimcə, bu binalara yataqxanada qalanları yerləşdirmək olar. Mən yataqxanada qalıram və yataqxana şəraitinin necə olmasını yaxşı bilirəm. Bu şərait çox dözülməzdir. Ümumi mətbəx və ümumi ayaqyolundan istifadə etmək məcburiyyətində qalırsan. Gözləməlisən ki, kimsə qurtarsın, sənə növbə çatsın. Yəni, bu şəraitdə heç bir halda rahat olmaq mümkün deyil. Mənim kimi şəraitdə yaşayanlar çoxdur… Bəzi qaçqınlar da var ki, onların şəraiti yüksək səviyyədədir.
Vüsal özünü vətənpərvər hesab edirmi?
Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, şəxsən mən özümü vətənpərvər hesab edirəm. Amma təəssüflər olsun ki, ətrafımda olan tanışlarımda, dostlarımda bu vətənpərvərliyi müşahidə edə bilmirəm. Gördüklərim məni qane etmir.
– Bunu nə ilə əlaqələndirərdin?
– Biz əsgərlikdən yayınma hallarına rast gəlirik. Mənim fikrimcə, bunun səbəbləri orduda əsgərlərə olan münasibətdir. Bunu hər kəs bilir ki, orduda əsgərlərin döyülməsi halları olur. Mən əsgərliyə getməyənlərdən də eşitmişəm: çoxları döyülməkdən qorxur. Bundan əlavə, antisanitariyanın olması da səbəb ola bilər. Elə uşaqlar olur ki, əsgərlikdən vərəm xəstəliyinə tutularaq qayıdır.
***
– Aldığın təhsildən razısanmı?
– Təhsildən razıyam, savadlı müəllimlərimiz var. Ali məktəblərdə təhsil o qədər də güclü deyil, nə təhsil alırsansa, elə orta məktəbdə alırsan. Amma bir məsələyə münasibətimi bildirmək istəyirəm. Son vaxtlar rus dilini əsas dərs kimi deyil, maraq dərsi kimi keçirlər. Kim istəyir keçir, kim istəyir keçmir. Amma işə daxil olmaq istəyənlərdən birinci olaraq, rus və ingilis dillərini necə bildiyini soruşurlar. Əgər bu dil bizə işləyərkən lazım olacaqsa, məktəblərdə də bu dili yaxşı tədris etmələri gərəkdir.
“Mübarəkə heykəl ucaldılması normal deyil: o, rüşvətxordur, diktatordur”
– Son zamanlar dünyanın diqqət mərkəzində olan Misir hadisələri barədə nə məlumatın var?
– Təbii ki, məlumatım var və mən də prosesləri izləyirəm. Mən hesab edirəm ki, Misir xalqı haqlıdır. Bunu prezident Mübarək də başa düşür, ona görə də bütün kadrları dəyişdirdi. Amma istefa vermək niyyətində deyil. Yəqin ki, cibli kəfənə sahib olmaq istəyir. Yəni, yığdığı pullar ona bəs etmir.
– Xırdalanda Hüsnü Mübarəkə heykəl qoyulub. Ümumiyyətlə, heykəllərə münasibətini bilmək istərdim.
– Mübarəkə heykəl ucaldılması məncə normal deyil: o, rüşvətxordur, diktatordur. Heykəllərə münasibətimə gəldikdə isə, baxır kimin heykəlini ucaldırsan. Mənə elə gəlir ki, heykəllərə xərclənən pulları məcburi köçkünlərin, qaçqınların şəraitini yaxşılaşdırmaq üçün istifadə etmək olar. Mənim əlimdə imkan olsaydı, belə edərdim.
– Sən necə fikirləşirsən, Azərbaycanda Misir hadisələri baş verə bilərmi?
– Əgər işğal olunmuş torpaqlarımızın sülh yolu ilə geri qaytarılması bir az da uzansa, bu kimi hadisələr bizdə də baş verə bilər. Ümumiyyətlə, Qarabağı sülh yolu ilə geri almaq mümkünsüz görünür. Müharibə yolu ilə də geri almaq çox çətindir. Ermənistanın arxasında Rusiya kimi dövlət dayanır. Bu baxımdan bu məsələ çox çətindir. Qalibiyyət üçün xüsusi xarici siyasət qurmaq lazımdır.
“Biz sərbəstliyi özümüz əldə etməliyik”
– Internetdən necə, istifadə edirsən?
– Daha çox dostlarımla virtual əlaqə üçün və müəyyən məlumatlar toplamaq üçün istifadə edirəm. Bu sahədə də problemlər var. Məktəblərdə olan kompüterlər zəifdir, elə məktəblər var ki, heç onlarda kompüter yoxdur. Internet olanda da həftədə bir dəfə olur, ya da olmur.
– Avropa gəncləri ilə bizim gənclik arasında hansı fərqlər var?
– Avropa gəncləri daha müasirdilər. Onlar 16 yaşdan işləməyə başlayırlar, cəmiyyətdə özlərinə yer tuturlar. Bizdə götürək oğlan uşağını – 17-18 yaşı var, amma sərbəst deyil. Bir məsələ də var ki, biz sərbəstliyi kimsədən gözləməli deyilik, onu özümüz qazanmalıyıq.
– Sən bu sərbəstliyi qazanmısan?
– Hələ ki, tam olaraq qazanmamışam. Yəqin ki, ali məktəbə qəbul olunsam, bu sərbəstliyi də qazanmış olaram.
***
“Mən XX əsrdə göz açmışam, XXI əsrdə mənim altı yaşım olub. Görməsəm belə, 19-cu əsrin yaşayış tərzi üçün hərdən darıxıram. O dövrün Bakısında yaşamaq istəyirəm. Indi hər yerdə hündür binalardır. Sadəcə, Içərişəhərdə olanda hiss edirsən ki, Bakıdasan. Köhnə Bakı adama daha maraqlı gəlir.
Qubadlıda heç olmamışam. Qubadlı azad edilsə, ora gedib yaşaya biləcəyimi düşünmürəm. Bura öyrəşmişəm, buradakı mühit mənim üçün daha doğmadır”.