Hakimiyyətin korrupsiyaya qarşı mübarizə hay-küyü indi hər yerdə maraqla müzakirə edilir. Hay-küy isə daha da böyüyür. Ramiz Mehdiyevin, nazirlərin sırasına Ilham Əliyev də qoşuldu. O da korrupsiyanı düşmən elan etdi. Hətta xalqı günahkarları tapmağa, onların adlarını xəbər verməyə çağırdı. Bəlkə inananlar da tapılır, zülmdən, talandan beli əyilən vətəndaşların bəziləri bu ümidə, bu şansa da sevinir. Böyük əksəriyyət isə inamını çoxdan itirib, çünki məsələnin nə yerdə olduğunu yaxşı anlayırlar…
Hər halda hakimiyyətin yeni kampaniyası Tunisdə, Misirdə baş verən inqilablarla yanaşı, bizim ölkənin əsas müzakirə mövzusudur. Hətta bu kampaniyanı da əksəriyyət ərəb dünyasında baş verənlərdən ayırmır, hakimiyyətin qorxuya düşüb çıxış yolları axtarması kimi izah edir. Yazırıq, danışırıq, deyirik, gülürük. Açığı, xeyli dərəcədə gülməlidir. Korrupsiyanın içində üzən, özü korrupsiyanın səbəbi olan bir rejim bu bəlanın kökünü kəs bilərmi? Kəsmək istəyərmi?
Yadınızdadırsa, bu arada Ilham Əliyevə mədhiyyələri ilə ölkə gündəmini tutan tanınmış alim Lütfi Zadə onu Sinqapur lideri ilə müqayisə etmişdi. Həmin Sinqapur lideri isə bütün dünyada korrupsiyanın və rüşvətin kökünü amansızlıqla kəsməyi ilə məşhurdur. Söhbət bu ölkənin ilk baş naziri olmuş Li Kuandan gedir. O, ölkəsinə qanunun hökmranlığını gətirmiş, bu ölkəni ağuşuna alan korrupsiyanın kökünü kəsməklə dünyanı heyran qoymuşdu. Li Kuan hakimlərin sayını azaltmış, onları ən yaxşı vəkillər arasından seçib, maaşlarını 100 minlərə, bəzən 1 milyon dollara qaldırmışdı. Polisin tərkibini dəyişmişdi. Elə bir mübarizə getmişdi ki, bəzi oğru nazirlər ya ölkədən qaçmış, ya da intihar etmişdilər. Korrupsiyanın kökü kəsilmişdi.
Bəs Ilham Əliyev bunu edə bilərmi? Istəyərmi? Illərlə əlbir işlədiyi nazirlərin, oliqarxların əlini yığarmı? Onları həbs edərmi? Yox, biz inanmırıq. Bizim cəmiyyət buna inanmır. Çünki illərdir bu xalqa elə zülmlər edilib, bu cəmiyyət elə talanlar və yalanlar görüb ki, inana da bilmərik. Talançı və yalançılar necə inanasan?
Müzakirələr də bu yöndədir. Amma müzakirələr öz yerində, bəs bu hay-küy, bu kampaniya nə ilə bitəcək? Mənə görə, hakimiyyətin, yalandan da olsa, antikorrupsiya kampaniyasına başlaması cəmiyyətin uğurudur. Əksinə, bu kampaniya bütün hallarda hakimiyyətin ziyanına bitəcək.
Birincisi varianta baxaq. Hakimiyyət görüntü kampaniyası aparır, inqilab dalğasını ötürməyə çalışır. Vaxt keçir və bilinir ki, antikorrupsiya kampaniyası yalançı hay-küydən başa bir şey deyilmiş. Bu, iqtidarı daha böyük qınağa tuş gətirəcək, onu daha böyük xalq narazılığı ilə üz-üzə qoyacaq. Inqilabı daha zəruri edəcək.
Ikinci varianta baxaq. Hakimiyyət qismən də olsa korrupsiyanın kökünü kəsməyə çalışır, xalqın xeyrinə addımlar atır. Bu isə xalqı daha da gücləndirəcək, onun dəyişikliklərə inam və həvəsini artıracaq. Cəmiyyət daha israrla siyasi dəyişikliklər istəyəcək. Bu da cəmiyyətin uğurudur və avtoritar hakimiyyətin sonunu yaxınlaşdıracaq.
Bütün hallarda hakimiyyətin bu addımı onu daha çətin vəziyyətə salacaq, xalqın xeyrinə olacaq. Təzadlı görünə bilər, amma hiylə də bəzən fayda gətirir. Təbii ki, yuxarıda deyilənlər aralıq variantları inkar etmir. Xüsusən də, Tunis və Misir ruzigarının belə güclü əsdiyi bir vaxtda. Elə dünən gecədən Mübarəkin də istefası gözlənilirdi…