Sahib Kərimov: «Şəkidəki həbslər iri çəkili məmurların qanunsuz əməllərini ört-basdır etmək üçün atılan addımdır»
«Hakimiyyət korrupsiyaya qarşı mübarizədə səmimidirsə, Şəki Ipək Kombinatı, Heyvandarlıq kompleksi, kərpic və şərab zavodları, alkopon sexindəki korrupsiya faktlarını araşdırsın»
Şəkidə sahibkar Hikmət Səlimovun intiharından sonra icra başçısının müavini Eldəniz Qəhrəmanov və baş memar Yusif Abdurrəhmanovun həbsi gündəmin əsas mövzusu olaraq qalır. Hikmət Səlimov mağazası söküldüyünə görə intihar edib. Eldəniz Qəhrəmanovla Yusif Abdurrəhmanov da məhz bu məsələyə görə həbs olunub. Onlar vəzifə səlahiyyətlərini aşaraq Hikmət Səlimovun obyektini qanunsuz sökməkdə təqsirləndirilir.
Bu hadisə Şəkidə böyük rezonansa səbəb olub. AXCP Rəyasət Heyətinin üzvü, Şəkidən deputatlığa namizəd olmuş Sahib Kərimov bizimlə söhbətində bildirib ki, həm Hikmət Səlimovun intiharı, həm də Eldəniz Qəhrəmanovla Yusif Abdurrəhmanovun həbsini diqqətdə saxlayırlar:
– Bu məsələ bizim diqqətimizdədir və biz çalışırıq ki, Hikmət Səlimovla bağlı olay obyektiv araşdırılsın, bu hadisədə günahı olan bütün şəxslər məsuliyyətə cəlb edilsin. Əslində Eldəniz Qəhrəmanovla Yusif Abdurrəhmanovun həbsi son günlər hakimiyyətin korrupsiyaya qarşı mübarizə şousunun nəticəsidir. Bu, həm də iri çəkili məmurların qanunsuz əməllərini ört-basdır etmək üçün atılan addımdır. Bu addımlar sadəcə icraçı olublar, “yuxarılar”ın tapşırığını yerinə yetiriblər. Indi onları qurban verməklə əhalinin könlünü almağa cəhd olunur.
Onu da əlavə edim ki, Şəkidə təkcə Hikmət Səlimovun deyil, bir çox xırda sahibkarların mağazaları darmadağın edilib. Seçki dövründə səlahiyyətli nümayəndəm, AXCP Ali Məclisinin üzvü Əli Abdullayevə məxsus ticarət obyektinin qapadılması buna misal ola bilər. Həmçinin seçki qərargahımda çalışan insanların bir neçəsi işdən çıxarılıb. Yəni, Şəki Rayon Icra Hakimiyyətinin, xüsusilə icra başçısı Murad Cabbarlının insanları çörəklə sınağa çəkmək ənənəsi var.
– Qeyd etdiniz ki, Hikmət Səlimova məxsus mağazanın sökülməsində və onun intihara vadar edilməsində yalnız Eldəniz Qəhrəmanovla Yusif Abdurrəhmanov məsuliyyət daşımır…
– Bəli, hesab edirəm ki, bu məsələdə əsas məsuliyyət daşıyan şəxs Şəkinin icra başçısı Murad Cabbarlıdır. Sahibkarın ailəsi də deyir ki, mağazanın sökülməsinə göstərişi icra başçısı verib. Deməli, Eldəniz Qəhrəmanovla Yusif Abdurrəhmanov sadəcə icraçıdır. Doğrudur, onların da bu hadisədə məsuliyyət payı var. Lakin fikrimcə, məsuliyyət daşıyan əsas şəxs icra başçısıdır. Amma sahibkarın ölümünə görə əsas məsuliyyət daşıyan şəxs kənarda qalıb, onun göstərişlərini yerinə yetirənlər isə həbs edilib.
– Icra hakimiyyəti iddia edir ki, Hikmət Səlimov qanunsuz olaraq mağazasının sahəsini genişləndirib. Doğrudanmı, mağaza məhz buna görə sökülüb, yoxsa ayrı səbəb var?
– Xeyr. Şəkidə qanunsuz tikililərin sayı yüzlərlədir. Ona görə də mən hesab etmirəm ki, söküntü işlərinin səbəbi budur. Fikrimcə, bu, kiçik sahibkarlığı məqsədli şəkildə sıradan çıxarmaqla bağlı planın tərkib hissəsidir. Son dövrlər abadlıq adı altında bütün bölgələrdə kiçik sahibkarlığa qarşı bir savaş açılıb. Dünyanın hər yerində şəhər mərkəzlərindəki iri ticarət obyektləri kənara köçürülür ki, xırda biznesə zərbə dəyməsin. Azərbaycanda isə bunun tamamilə əksi baş verir. Kiçik sahibkarlıq müxtəlif üsullarla sıradan çıxarılır.
– Hikmət Səlimovun intiharı böyük rezonansa səbəb olsa da, Şəkidən deputat seçilən şəxslər bu hadisəyə heç bir reaksiya vermədilər. Sizcə, bu susqunluğun səbəbi nədir?
– Əlbəttə ki, icra başçısı və bütövlükdə Şəki rayon Icra Hakimiyyətinin kontigentinin hər cür saxtakar fəaliyyəti nəticəsində deputat seçdirilmiş şəxslər bu hadisəyə reaksiya verə bilməzdilər. Seçki prosesində hər məntəqəyə təhkim olunmuş şəxslər ayrı-ayrılıqda idarə və müəssisə rəhbərləri idi. Onların rəhbərlik etdiyi müəssisələrdə rüşvət və korrupsiya faktlarının sayı-hesabı yoxdur. Bu baxımdan icra hakimiyyətinin qeyri-qanuni sifarişlərini canla-başla yerinə yetirirdilər. Şəkidən deputat seçdirilmiş şəxslər də müəyyən öhdəliklərlə mandat qazanıblar. Bu öhdəliklərdən biri də Şəkidəki məmur özbaşınalığını, qanunsuzluqları, korrupsiya faktlarını ört-basdır etmək, seçicilərin deyil, məmurların vəkili olmaqdır. Bu baxımdan onlar Hikmət Səlimovla bağlı hadisədə susdular.
– Sahib bəy, hakimiyyətin korrupsiyaya qarşı mübarizəsinin şou olduğunu bildirdiniz. Nədən bu qənaətə gəlmisiniz ki, hakimiyyət korrupsiyaya qarşı mübarizədə səmimi deyil?
– Baş verən proseslər bu qənaətə gəlməyə əsas verir. Təkcə Eldəniz Qəhrəmanovla Yusif Abdurrəhmanovun həbsi göstərir ki, hakimiyyətin son addımları şou xarakterlidir. Mən yuxarıda qeyd etdim ki, Hikmət Səlimovla bağlı məsələdə əsas məsuliyyət daşıyan şəxs icra başçısıdır. Amma hansısa səbəbdənsə, onun müavini və baş memar həbs edilib. Bundan başqa əgər hakimiyyət korrupsiyaya qarşı doğrudan da səmimidirsə, onda mən konkret Şəki ilə bağlı kifayət qədər faktlar sadalaya bilərəm. Buyurub araşdırsınlar.
Hər kəsə bəllidir ki, Azərbaycanda rayonlar oliqarxlar arasında bölüşdürülüb. Şəki də Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin kurasiyasına verilib. Indi təsəvvür edin, texnoloji parametrləri yerində olmayan, rentabelliyi şübhə doğuran, zamanında çox məşhur olan Şəki Ipək Kombinatı işə salınıb. Hazırda bu müəssisədə Özbəkistandan gətirilmiş naməlum adamlar külli miqdarda kredit vəsaitlərini havaya sovurmaqla məşğuldur. Bu kombinatın işə düşməsində qaranlıq məqamlar çoxdur. Bundan başqa dövlət başçısı Ilham Əliyevin də açılışında iştirak etdiyi Heyvandarlıq Kompleksi var ki, külli miqdarda vəsait hesabına tikilib. Həmçinin bu müəssisəyə külli miqdarda kredit ayrılıb. Amma Heyvandarlıq Kompleksinin fəaliyyəti demək olar ki, yoxdur. Eyni sözləri sahibi bəlli olmayan Şəkidəki kərpic və şərab zavodları, alkopon sexi haqqında da demək olar. Əgər hakimiyyət korrupsiyaya qarşı mübarizədə doğrudan da səmimidirsə, onda Şəki əhalisinin diqqətində olan bu kimi halların araşdırılmasına başlanılmalıdır.
Digər tərəfdən, Azərbaycanda korrupsiya və rüşvətxorluğun kökünü kəsmək üçün mexanizm hazırlanmalıdır. Şəffaflıq artırılmalı, QHT sektoru, mətbuat bu prosesə cəlb edilməlidir. Lakin təəssüf ki, biz bütün bunların əksini görürük.
Vidadi