Ramiz Mehdiyevə antikorrupsiya məktubu

Azərbaycan təhsilini rüşvətsiz və korrupsiyasız görmək arzusu ilə

 

Bildiyimiz kimi, bu il yanvar ayının 27-də Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın iclası keçirilib. İclasda, bəzi sahələrlə yanaşı, təhsil sistemində də rüşvətxorluğun və korrupsiyanın olduğu vurğulanıb. O da qeyd olunub ki, ölkəmizin imicinə xələl gətirən bu neqativ hallar aşkarlanmalı və qısa müddətdə aradan qaldırılmalıdır. Elə bu məqsədlə də R.Mehdiyevə bir açıq məktub ünvanlamağa qərar verdik.

 

Hörmətli Ramiz müəllim!
İndiyədək nazir Misir Mərdanov təhsilimizdə rüşvət və korrupsiyanın olduğunu hər vəchlə inkar edirdi. Bu da sistemdə cəzasızlığa gətirib çıxarırdı. Məşhur bir postulat var: “Vətəndaşın dövlətə qarşı inamı iki halda itir: Bir günahsız cəzalandırılanda, bir də ki, günahkar cəzasız qalanda”. Məhz Təhsil Nazirliyində yaranmış bu “cəzasızlıq sindromu” vətəndaşlarımızın dövlətə qarşı inamsızlığını xeyli artırmışdı. Ona görə də rəhbərlik etdiyiniz komissiyanın qərarını müəyyən mənada alqışlayır və bunu yaranmış inamsızlığın aradan qaldırılması yönündə dövlətin atdığı addımlardan biri kimi qiymətləndirirəm. Bununla yanaşı, bir jurnalist kimi, komissiyanın işinə bəzi məsələlərdə çiyin vermək istərdim.
Bu yaxınlarda tanınmış təhsil eksperti Əlövsət Osmanlının 400 səhifəlik  “Təhsil tariximizin qara ləkələri” adlı fundamental kitabı çapdan çıxdı. Hesab edirəm ki, bu kitab Sizin komissiya üçün yaxşı qaynaq ola bilər. Burada islahat adı ilə təhsilimizin məzmunundan tutmuş Dünya Bankının kreditlərinin və dövlət vəsaitlərinin dağıdılmasınadək bir çox ciddi mətləblərə aydınlıq gətirilib. Bu gün kitabın məziyyətləri barədə mətbuatda geniş fikirlər və resenziyalar dərc olunur. Amma nədənsə, aidiyyəti dövlət və hökumət qurumlarının reaksiyası duyulmur. Yaşı səksəni haqlamış qocaman bir publisist kitabda yazılanlarla bağlı qəzet səhifələrində, görün, nə deyir: “Savadıma, dünyagörüşümə arxalanıb onu deyə bilərəm ki, heç bir dövlətdə belə rəzalətə dözməzdilər. Parlament müzakirələri başlardı, iqtidar qəzetləri od püskürərdi, aləm bir-birinə dəyərdi və dünyanı vecinə almayan nazirin (Misir Mərdanov nəzərdə tutulur – F.H.) pişiyini divara dırmaşdırardılar. Öz təcrübəmdən bilirəm, ən yüksək səviyyədə məsələyə reaksiya verilməyəndə, aşağıda od tutub yansan da, dadına çatan tapılmayacaq. Yüzlərlə ittiham kitab şəklində çıxıb. Bu, rusların  təbirincə desək, “çepe”dir. İndi də, görəsən, tədbir görülməyəcək?! Əlövsət Osmanlının kitabı ilə xüsusi orqanlar maraqlanmalıdırlar”.
Mətbuatda gedən məlumatlara görə, Əlövsət müəllimin tədqiqatları “Təhsil tariximizin qara ləkələri” ilə bitmir, onun daha iki kitabının çapı gözlənilir: “Təhsilimiz hara gedir?” (448 səh.) və “Təhsilimiz bu gün” (416 səh.). Birinci kitab bu ayın sonunadək, ikinci isə mart ayında işıq üzü görəcək.

Hörmətli Ramiz müəllim!
Siz həm də ölkə başçısı yanında Təhsil üzrə Komissiyaya rəhbərlik edirsiniz. Məncə, Osmanlının qaldırdığı məsələlərin hərtərəfli araşdırılması üçün rəhbəri olduğunuz komissiyaların tərkibində birgə işçi qrupu yaratmaq lazımdır. Çünki kitabda söhbət islahat adı ilə külli miqdarda vəsaitin talan edilməsindən (Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya) və təhsilin məzmununun dağıdılmasından (Təhsil üzrə Komissiya) gedir.
Xatırladıram ki, təhsilimizdəki əyintilər barədə, Ə.Osmanlının kitabları ilə yanaşı, ayrı-ayrı ictimai qurumlar və ekspertlərin də olduqca maraqlı tədqiqatları var:

1. Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltikyanı və Şərqi Avropa ölkələri ilə müqayisəli təhlili. (İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi. Bakı, 2010, 53 A4 səh.). Aparılan tədqiqat nəticəsində belə qənaətə gəlinib ki, müqayisə olunan ölkələrdə orta təhsilin səviyyəsi bizim təhsilin səviyyəsindən olduqca yüksəkdir.

2. Məktəb layihələrinə ayrılmış dövlət investisiyalarının monitorinqi üzrə yekun hesabat. (Azad İqtisadiyyata Yardım İctimai Birliyi. Bakı, 2010, 30 A4 səh.). Aparılan monitorinq nəticəsində belə qənaətə gəlinib ki, Təhsil Nazirliyi məktəb tikintiləri zamanı xərcləmələrdə böyük şişirtmələrə yol verib. Hətta o da üzə çıxarılıb ki, nazirlik tamamilə eyni parametrli məktəbin tikintisinə Yaponiya səfirliyindən 4 dəfə çox vəsait xərcləyib.

3. Fənn kurikulumlarının monitorinqi. (Müəllif: Ə.Osmanlı. Bakı, 2010, 80 səh.). Monitorinq nəticəsində bəlli olub ki, kurikulumlar biabırçı gündədir və Təhsil Nazirliyi islahat adı ilə külli miqdarda vəsaiti havaya sovurub.

4. Dərslik siyasəti: köhnə və təzə problemlər. (Müəllif: F.Süleymanoğlu. Bakı, 2010, 80 səh.). Tədqiqat nəticəsində bəlli olub ki, dərslik siyasətinin həyata keçirilməsində ciddi əyintilərə yol verilib.

5. Yeni və köhnə dərsliklər: fərqlər, problemlər. (Müəllif: V.Məmmədov. Bakı, 2010, 64 səh.). Tədqiqat nəticəsində bəlli olub ki, köhnə proqramlar və dərsliklər (1-3-cü sinif) məzmun tutumuna görə yenilərdən çox üstündür.

Qeyd: 2010-cu ildə TQDK-nın qəbul imtahanları ilə bağlı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (PİSA tədqiqatı), Beynəlxalq Akademik Perspektivlər İnstitutunun, məşhur “Newsweek” jurnalının tədqiqatlarının nəticələrini də bu siyahıya əlavə etsək, təhsilimizin hansı durumda olduğu açıq-aşkar görünər.

Hörmətli Ramiz müəllim!
Ə.Osmanlının “Dərslik tariximizin qara ləkələri” kitabını və yuxarıda sadaladığım tədqiqatların 5-ni də ekspress poçt xidməti ilə Sizə göndərirəm. Ümidvaram ki, onlar rəhbərlik etdiyiniz komissiyalar üçün gərəkli olacaq və biz media mənsubları bu istiqamətdə görülən tədbirlər barədə vaxtaşırı məlumat əldə edə biləcəyik.

Azərbaycan təhsilini rüşvətsiz və korrupsiyasız görmək arzusu ilə,

Fizzə Heydərli