sulheddin

İnqilab dalğası Irana keçir?

Sülhəddin Əkbər: «Iranda bu proseslər başlasa, etirazçı qüvvəllər Misirdən fərqli olaraq demokratik dünyadan daha güclü dəstək qazana bilər»

 

Ərəb ölkələrində baş verən üsyan dalğası Irana da keçə bilər. Artıq burada da müxalifətin fəallaşması müşahidə edilir. Müxalifət liderləri Mirhüseyn Musəvi, Mehdi Kərrubi və eks-prezident Haşimi Rəfsəncani tərəfdarları fevralın 10-da etiraz aksiyası keçirməyi planlaşdırırlar. Iran müxalifətinin xalqa müraciətində də etiraz çağırışları edilib. Hətta Rəfsəncani inqilab dalğasının Misir və Tunislə məhdudlaşmayacağını, Iranda da təkrarlana biləcəyini deyib. Ərəb ölkələrini silkələyən üsyanların növbəti dalğası Irana keçə bilərmi?
Müsəlman dünyasında ciddi xalq oyanışı prosesinin getdiyini deyən siyasi ekspert Sülhəddin Əkbər bu dalğanın yayılmaqda davam etdiyini bildirdi: “Xalqlar artıq total, avtoritar rejimlərlə hesablaşmaq istəmirlər. Bu dalğa bir çox ərəb ölkələrini, Misiri, Tunisi, Əlcəzairi, Yəməni, Iordaniyanı, müəyyən dərəcədə Suriyanı da əhatə edib”.
Ekspert digər müsəlman rejimlərinin, o cümlədən Iran rəhbərliyinin bundan ciddi narahatlıq keçirdiyini də qeyd etdi: “Iranda 2009-cu ildə baş verən prosesləri də nəzərə alsaq, görərik ki, bu ölkədə də etiraz dalğasının baş qaldırması mümkündür. Ərəb ölkələrindəki üsyanlar Iran rejimi üçün təhdid mənbəyi ola bilər. Nəzərə almaq lazımdır ki, bu gün etirazların baş qaldırdığı müsəlman ərəb rejimləri Amerika, Israil və Avropaya yaxınlığı ilə seçilirdi. Qərb bu rejimləri dəstəkləyirdi. Iranda isə vəziyyət fərqlidir. Irandakı rejim ölkə vətəndaşları ilə yanaşı Avropa, Israil, Amerikanı da qane etmir. Ona görə də əgər Iranda bu proseslər başlasa, etirazçı qüvvələr Misirdən fərqli olaraq demokratik dünyadan daha güclü dəstək qazana bilər”.
S.Əkbərin sözlərinə görə, Qərbin Misir rejiminə olan münasibəti bu ölkədəki proseslərdə tormozlayıcı rol oynayırdı. Amma Iranda bunun əksini müşahidə etmək mümkün olacaq. Amerika, Avropa Birliyi və Israil, ola bilsin müəyyən mərhələdən sonra Türkiyə də Irandakı demokratikləşmə prosesinə, xalqın azadlıq istəyinə dəstək versin.

 

Fizzə