Nə mus-mus deyək, nə Mustafa olaq

19 yaşlı gənc cəbhəçi Cabbar Savalanlını narkotiklə tutdular. 2005-dən başlayaraq 2 il fasilələrlə hakimiyyət AXCP sıralarında elə hey bir ucdan narkoman “tapıb” çıxarır.

2006-ci ildə satirik Mirzə Sakit, 2009-cu ilin referendum ərəfəsində iki sabirabadlı cəbhəçi eyni məzmunlu şərə ürcah olmuşdu. 
Ilham Əliyev hakimiyyətində ki bu inad var, qorxasan sabahda-filanda AXCP sədri Əli Kərimliyə qarşı narkobaron ittihamı irəli sürdürsün.

Niyə də etməsin?

Bir halda ki, hamının güldüyü – ələ saldığı işləri bunlar çox arsızcasına etməyi bacarırlar…
Bir halda ki, Əli Kərimli 6 ildir “cibindən tank əleyhinə qumbara” çıxdığına görə pasportdan məhrum edilib, ona “narkobaron” deməyə nə var?
Bu qurama həbslərdə cəmiyyətdə total qorxunu gücləndirmək məqsədi ilə yanaşı, vacib bir mesaj da var. Onlar göstərmək istəyirlər: bizə qarşı duranlar narkomanlar, ruhi xəstələr, ekstremistlər və xuliqanlardır.

Oysa, heç kim çörəyi qulağına yemir.

Sevinərək demirəm, Bakı həyatının dərinliyinə azca bələd olanların hanısı hakimiyyətdəkilərin övladlarının narkomaniyadan əziyyət çəkdiyini bilir. Məmur uşaqları Cabbar kimi gündə 40 qəpik xərcliyi olanlar deyil, onlar böyük şövqlə atalarının xalqdan oğurladığı minləri narkotika üçün xərcləyirlər.
Iki il əvvəl kifayət qədər səs-küy doğuran “Ekstazi işi”ndə prokurur uşaqlarının narkotikə necə meylləndiyini görmədikmi? Gənc uşaqların narkotik bataqlığında necə məhv olduğuna şahidlik etmədikmi?

Il yarım əvvəl “Qaçqınkom” Əli Həsənovun yüksək vəzifəli şəxslərin uşaqlarının narkoticarətdə önəmli yer tutduğunu öz qulaqlarımızla eşitmədikmi?
Lap bu günlərdə ABŞ-ın keçmiş səfiri Enn Dersinin gizli hesabatında Azərbaycan hakimiyyətinin narkotranzitə qarşı çox loyal mövqe sərgilədiyini oxumadıqmı?
Oxuduq, eşitdik, bildik. Ancaq proseslər göstərir ki, bunlar hamısı azdır. Oxuyub bildiklərimiz bizi müdafiə edə bilmir. Şər heç vaxt olmadığı kimi təntənə yaşayır.
Deməli, istənilən birimizi Ilham Əliyevin könlü istəsə, rahatca “narkoman”, “xuliqan” çıxara bilir. Geniş ictimaiyyətin isə bu hadisəyə uzaqbaşı reaksiyası ufuldamaqdı.

Nə vaxta qədər belə davam edəcək axı.

Bəzən bizə deyirlər, ehtiyatlı olun… Mən hansısa əxlaqsızın, quldurun yaşadığı küçəsindən keçəndə və ya belələri ilə davranışda necə ehtiyatlı olmağın təhərini gözəl bilirəm. Ancaq bir yerdə ki polis, məhkəmə, bir sözlə, dövlət özü şər rolunda çıxış edirsə, onda işlər dalana dirənir. Burda müdafiə imkanları sıfıra bərabərdir. Xilas ancaq şərin üstünə gedib onun mahiyyətini dəyişməkdir.
Qan Turalı ötən yazısında “Evə dönüş”( Türk filmi) haqqında maraqlı bir nümunə vermişdi. Birini də eyni filmdən mən gətirsəm, ziyan etmərik.
Filmdəki baş qəhrəman Mustafa laqeyd bir tipdir. Daim mübarizə aparan, etirazçı iş yoldaşlarını ələ salır, onların fəaliyyətinə gülür. Türkiyədə 12 sentyabr çevrilişi olur. Hər gün Mustafanın iş yoldaşlarından biri tutulur və onun reaksiyası mahiyyətinə uyğun olur: “Haqq olur, nəsə etməsəydi tutulmazdı. Bəs məni niyə tutmurlar?”.
Çox keçmir onu da devrimçi adı ilə tuturlar. Heç nə, onun belə olduğunu evində kirayədə yaşadığı, ancaq uzun müddətdir kirayə pulunu verməməklə boğaza yığdığı “sahibə” yalandan hərbçilərə xəbər vermişdi.
Həsb olunan, işgəncə görən Mustafa günahsızlığını heç kimə sübut edə bilmir…
Xülasə, mus-mus deməkdən, Mustafa olmaqdan imtinanın zamanı yetib, yoldaşlar…