İran müxalifətinin liderlərindən olan Mehdi Kərrubi fevralın 9-da “Nyu York Tayms” qəzetinə müsahibəsində Tunis və Misir xalqlarının qiyamına dəstək vermək üçün təyin edilmiş kütləvi yürüşdən danışıb.
Mehdi Kərrubi deyib ki, 14 fevral yürüşü həm İran hakimiyyəti, həm də İrandakı “yaşıl hərəkat” üçün böyük bir sınaq sayılır: “İran hakimiyyəti xalqa belə bir fikri aşılamağa çalışır ki, ərəb xalqlarının qiyamı bölgədə guya bir növ islami oyanışdır. Onlar müxalifətin yürüş keçirməklə bağlı istəyinə qarşı çıxsalar, göstərəcəklər ki, İran İslam Respublikasının ərəblərin etirazına verdiyi dəstək yalandan başqa bir şey deyil.
Qarşıdan gələn bazar ertəsi İrandakı “yaşıl hərəkat” üçün taleyüklü bir gündür. Hökumət icazə versə, böyük bir yürüşün şahidi olacağıq. Tunis və Misir xalqlarının azadlıq uğrunda hərəkatı hakimiyyətin qəddarlıqla əzdiyi “yaşıl hərəkat”a təzə nəfəs verib, onu yenidən canlandırıb”.
Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi fevralın 7-də Daxili İşlər Nazirliyinə müraciət edərək Misir və Tunis xalqlarına dəstək vermək üçün fevralın 14-də paytaxt Tehranda kütləvi yürüş keçirməyə icazə verilməsini istəyiblər (media forum).

Kərrubi: “14 fevral yürüşü böyük sınaq olacaq”
•