Əhmədinejad Əliyevi İrana niyə çağırıb?

Arif Yunus: «Səfərin Novruz bayramı ilə bağlı olması gülünc bir bəhanədir»

 

Iran prezidenti Mahmud Əhmədinejad Novruz bayramını qeyd edən ölkələrin başçılarını xoş məramla ölkəsinə dəvət edib. Bu ölkələrin arasında Azərbaycan da var. Iki dövlət arasında münasibətlərin gərgin olduğu bir vaxtda prezident Ilham Əliyevin bu ölkəyə dəvət alması kifayət qədər müəmmalı  görünür. Səfərin məqsədi həqiqətənmi göstərilən kimidir, yoxsa, pərdə arxasında qalan məqamlar var?
Politoloq Arif Yunus da hesab edir ki, hazırda Iranla Azərbaycan arasında münasibətlər kifayət qədər gərgindir. Hər iki ölkə açıq şəkildə bir-birinin əleyhinə müxtəlif ittihamlar səsləndirir: “Iranın da, Azərbaycanın da hazırkı geosiyasi vəziyyəti yaxşı deyil. Iran özünün nüvə proqramı ilə bağlı Qərb tərəfindən təzyiqə məruz qalır. Irana qarşı sanksiyalar tətbiq olunur. Azərbaycanın da xeyli problemləri var. Amma mən hesab etmirəm ki, iki dövlət arasındakı soyuq müharibə ölkə rəhbərləri üçün xüsusi önəm daşıyır. Sözsüz ki, bu səfər Novruz bayramı ilə bağlı deyil. Bu, gülünc bir bəhanədir. Açığı, mən heç gözləmirdim ki, belə bir bəhanə gətiriləcək”.
Politoloqun ehtimalına görə, bu səfər əsasən regionda gedən geosiyasi proseslərlə bağlı olacaq: “Bununla bağlı hər iki dövlət başçısı diskussiyalar aparacaq. Çünki həm Azərbaycan Iran üçün vacib ölkədir, həm Iran bizim üçün. Həm də ortada qarşılıqlı maraqlar var. Azərbaycan rəhbərliyi həmişə Irandan istifadə edib. Qərbə, Amerikaya çatdırıb ki, Iran tərəfindən Azərbaycana Islam təhlükəsi var. Son üç il ərzində Azərbaycanda tutulan Iran casuslarının sayı artıb. Inandırıcı deyil ki, onlar həqiqətən də Iranın casuslarıdır. Iran da öz növbəsində Azərbaycandan istifadə edir. Burada hər iki ölkənin öz maraqları var. Ona görə inanmıram ki, bu görüş ikitərəfli münasibətlərə həsr olunacaq. Hesab edirəm ki, bu, məsələnin mediaya çıxarılan tərəfidir. Burada dediyim kimi, daha çox regionda gedən proseslər ağırlıq təşkil edəcək”.

 

Gültəkin