Bayraq qaçqınları
Elliklə gözümüz aydın!
Hakimiyyətdəkilərin bayrağı sevə-sevə deyil, büdcəni sökə-sökə tikdikləri ən uzun bayraq qülləsinin yaxınlığında yaşayanları oradan köçürəcəklər. Əlbəttə, qüllənin sonuncu titrəməsindən sonra gözü o insanların mənzillərində olanların əlinə yaxşı fürsət düşüb. Bunu bəhanə edib, ətrafdakı binaları uçuracaq, yerində isə özləri üçün allah bilir, nə tikəcəklər – hotel-motel, ticarət mərkəzi-zad.
Beləcə, dilimizə də yeni söz birləşməsi daxil olacaq – bayraq qaçqınları! Qarabağ qaçqınlarımız var, sel qaçqınlarımız var, indi bir də bayraq qaçqınlarımız olsa, xəncərimizin qaşı düşməz ki…
Ehhh… Biz görmüşük bayraq insanları çətiri altına yığar. Coşdurar. Birləşdirər. O uzun bayraq isə insanları pərən-pərən salacaq. Həyata küsdürəcək.
Nə isə canım, hər şey olacağına varır bu ölkədə. Saxta bayraq sevgisinin də axırı necə olmalı idisə, elə olur. Heç təəccüblənməyin.
Oqtay Şirəliyev açıqlama versin
Dünən bəzi internet saytlarında Rabitə və Informasiya Texnologiyaları nazirliyinin Vidadi Zeynalov ad-soyadlı aparat rəhbərinin açıqlamasını gördüm. Orada Masallıdakı ATS-də partlayışda ölən və yaralananların ailəsinə nazirliyin birdəfəlik yardım edəcəyi bildirilib. Buraya qədər deyiləcək sözüm yoxdur.
Açıqlamanın gerisini oxuyaq: “Xəstəxanada olanların ehtiyacları da nazirlik tərəfindən ödəniləcək”.
Indi sözüm səhiyyə naziri Oqtay Şirəliyevədir. Ey Oqtay müəllim, biz jurnalistlər xəstəxanaların pulsuz olması barədə yazıb-pozanda daş atıb başınızı tutursunuz, “ola bilməz, mümkün deyil, yalandı, böhtandı” deyib yeri-göyü inlədirsiniz.
Indi bir zəhmət, aydınlıq gətirin görək, böyük bir nazirliyin aparat rəhbərinin dediklərinə sözünüz nədir? Doğrudan da, xəstəxanalar pulsuzdursa, o zaman bir nazirlik orada hansı ehtiyacları ödəmək fikrindədir?
Heydərizmin daha bir utanc səhifəsi
Günlərdir yaptokratlar Irandakı soydaşlarımızdan imdad diləyirlər. “Ayağa qalxın!” deyirlər, “Haqqınızı tələb edin!” deyirlər, “Bundan artıq əzilməyinizə imkan verməyin!” deyirlər.
Niyə? Çünki molla rejimi ilə aralarından qara pişik keçdi axı… “Səhər” telekanalında ünvanlarına tənqidin biri bir qəpik oldu axı… Quyruqları qapı arasında qaldı axı…
Və beləcə, bir anın içində hamısı dönüb Güney həsrətlisi, Təbriz aşiqi, Zəncan nisgillisi oldular.
Nə qədər iyrənc bir mənzərədir! Dünənədək Elçibəyin Bütöv Azərbaycan savaşını məsxərəyə qoyub gülənlərin, onun Güney Azərbaycan sevdasını lağ obyektinə çevirib hərzə-hədyan danışanların bu gün bostanlarına Irandan bir daş atılınca Güney Azərbaycanın mərhəmətinə sığınması qədər çirkin, utancverici heç nə ola bilməz.
Zatən Azərbaycanın bütünlük davasını öz korporativ maraqlarına alət etməyi də yalnız bunlar öz əxlaqlarına və vicdanlarına sığışdıra bilərdilər.
“Yazıqlar olsun” deyirəm, başqa heç nə demirəm.
Zibil söhbətinin davamı
Dünən hakimiyyətin zibillərin idarə olunması üçün strateji plan hazırlamasından yazmışdım. Plana görə, zibillərin toplanmasından “çeşidinin və xarakterinin (!) öyrənilməsinədək” hər cür işlər görüləcəkmiş.
Mən də yazmışdım ki, cənablar, siz ölkədə idarəçiliyin zibilini çıxarıb sonra heç zibili də idarə edə bilməzsiniz.
Dünənsə diqqətli oxuculardan biri o strateji planla bağlı bir məqamı çatdırıb diqqətimə: məgər zibillərin yenidən istehsala hazırlanması yolları da müəyyənləşdiriləcəkmiş!
Həə… bu artıq başqa söhbətdir. Bax bunu – zibildən yeni nəsə istehsal etməyi yaxşı bacarar hakimiyyətdəkilər. Havadan demirəm bunu, illərin təcrübəsinə dayanıram.
Ədəbiyyatın “ə”sinə belə dəxli olmayan, sadəcə, rəhbər haqqında yağlı-buğlu təriflər yaza, əttökən mədhiyyələr düzüb-qoşa bilən birindən “xalq şairi”, “xalq yazıçısı” qayıran… Hərf tanımayan, iki eşşəyin arpasını bölə bilməyən, sadəcə, kralın ağzından çıxan hər sözə dərhal “ləbbeyk” deməyi bacaran, ağa qara, düzə əyri söyləmək əlində su içimi kimi bir şey olan birindən deputat düzəldən zehniyyət zibildən də nə desən hazırlayar, heç quşqum yoxdur!