Bütün bunlar Avropa ölkələrinin birində baş versəydi, tayfa televiziyaları gündə neçə dəfə göstərəcəkdi.
Azərbaycana car çəkəcəkdilər ki, demokratiyadan danışanların ölkəsində insanlıq yoxdur.
Ancaq bu olaylar Azərbaycanda baş verir.
Bizim Azərbaycanda.
Avropa Şurasının üzvü olan Azərbaycanda.
Başında dayananların demokratiyadan, insan haqlarından ağzı köpüklənə-köpüklənə danışdığı Azərbaycanda.
“Zabit əsgəri döyüb öldürdü”.
“Polis rəisi vətəndaşları qanına-qəltan etdi”.
“Polislər vətəndaşı qətlə yetirdi”…
Artıq bu tip xəbərlər qulağımızı döyənək edib.
Nə baş verir, bu məmləkətdə?
ZABIT ŞƏRƏFI anlayışı əhəmiyyət kəsb edirmi Azərbaycanda?
Şərəfi olan zabit qadına əl qaldırarmı?
Şərəfi olan zabit tabeçiliyindəki əsgəri döyüb öldürərmi?
Vətəndaşı təpiyi altına salan zabit asayişi necə qoruya bilər?
Əsgərini qətlə yetirən zabit vətəni qorumaq iqtidarındadırmı?
Cavab hər kəsin beynində hazırdır.
YOX! YOX! YOX!
Həm Müdafiə, həm də Daxili Işlər nazirliyinin rəhbərləri Mozambikin paytaxtında yox, Bakıda otururlar.
Lap belə Maputudan bu qurumlara rəhbərlik edirlər.
2011-ci ildir, Allaha şükür ki, indi internet var, onun vasitəsi ilə polis və müdafiə sistemində nələrin baş verdiyindən xəbər tuta bilərlər.
Hər iki nazir təbii ki, rəhbərlik etdiyi qurumların əməkdaşlarının əməllərindən xəbərdardır.
Sadəcə, susurlar.
Bu susma da üç səbəbdən ola bilər:
1. Bu nazirlər tabeçiliyində olanları idarə etmək iqtidarında deyillər;
2. Bu nazirlər özlərinin belə, təhlükəsizliyini qoruya bilmir.
3. Bu qurumlarda çalışan əməkdaşların bəziləri quduzluq virusuna yoluxub.
Üç səbəbdən üçüncüsü təkcə bu iki nazirlikdə təzahür etmir. Nəqliyyat və Vergilər Nazirliyinin, Gömrük Komitəsinin və digər dövlət idarələrinin əməkdaşları arasında da quduzluq virusu geniş yayılıb.
Bu siyahıya hakimiyyət strukturlarında çalışan və quduzluq virusunun potensial daşıyıcıları olan məmurları da əlavə etsək, vəziyyətin daha da təhlükəli olduğu aşkarlanacaq.
Gerçəkdən, bəzi məmurlarla təmasda olarkən, adama elə gəlir ki, qarşındakı dövlət nümayəndəsi yox, quduz bir məxluqdur.
Nə qədər Azərbaycan vətəndaşı dövlət idarələrində quduzlaşmış məmurların təzyiqinə, təhqirinə məruz qalıb.
Nə qədər Azərbaycan vətəndaşı quduz məmurların yumruğunun, təpiyinin altında əzilib.
Çarə nədədir?
“Vəziyyət vahiməli olsa da, kritik deyil!” – Uinston Çörçillin sözləridir.
Quduzluq virusuna qarşı mütləq vaksinasiya aparılmalıdır.
Vaksinasiya mütləq aparmaq lazımdır ki, cümlə Azərbaycan məmurlarına sirayət etməsin.
Bəs bu vaksinasiyanı kim aparmalıdır?
Təbii ki, dövlət.
Ilham Əliyev quduzluq virusuna yoluxanları məcburi vaksinasiya etdirməlidir.
O bunu etməsə, quduzların həmləsinə məruz qalan xalq bu vaksini əldə etmək yolları arayacaq.
Xalqın quduzluğa qarşı vaksinasiya üçün Tunis və Misir təcrübəsindən də bəhrələnmək haqqı var.
Allah uzaq etsin, cümlə Azərbaycan alt-üst olar o zaman.
Bir şey var ki, bu təhlükəli virusun Azərbaycanda yayılmasının qarşısı mütləq alınmalıdır.
Hansı yolla olur-olsun.