Sumqayıt-88: “Əliyev mafiyası onu yenidən tutdurdu”

Mənə deyiblər ki, “get Sumqayıta, sənə kimi desələr, güllələ”

əvvəli ötən saylarımızda

– Mən Ədalətə bəraət hökmünün çıxarılmasını istədikcə Heydər Əliyevin mafiyası ona böhtanlar atdı. Cibinə narkotik qoydular. Sumqayıt Şəhər Polis Idarəsinin rəisi Ənvər Quliyev, Mahmud Nəbiyev də öz qohumlarıdır. Bunlar oğlanlarıma, ailəmə cəza verə-verə üç oğlan nəvəmi də öldürdülər. Ataları həbs olunub, başım qarışıb, uşaqları müalicə etdirmək üçün dərman pulu tapmamışam. Sabir oğlum bir sutka can verdi, onu həkimə aparıb müalicə etdirə bilmədik.
Ədalət 2001-ci ildə rəhmətə gedib. Onu tez-tez həbs edirdilər. Müxtəlif yollarla şərləyirdilər. Istəyirdilər ki, mən bu işdən əl çəkim. Nəyisə tələb etməyim. Başımı qatırdılar, onu içəridə döyürdülər. Anasına danışırdı ki, “içəri girən kimi deyirlər, bu demoqoqun oğludur, məni söyürlər”. Ağzından laxta-laxta qan gəlirdi. Hansısa cinayəti törətdiyini boynuna alması üçün toka qoşurdular. Azər adlı birisi oğlumu vurub qabırğalarını sındırmışdı. Türmədə iynələr də vururdular. Ədalət Şüvəlanda vərəm olmuşdu, çıxıb gələndən 5-6 ay sonra öldü. Narkotiklə bağlı həbs etmişdilər. Bu ittihamla bağlı bəraət almışam. Dəymiş maddi-mənəvi ziyanı da ödəyiblər.

Rus müstəntiq Səfərova nəyi etiraf edib?

Əlistan kişi Moskvada Ədalətin günahkar olmadığını sübut etmək üçün müxtəlif instansiyalara müraciət edəndən sonra onu Bakıya, istintaq qrupunun rəhbərlərindən biri Kozırev soyadlı müstəntiqin yanına göndəriblər: “O, mənə sual verdi, soruşdu ki, Səfərov, səni, yaxud oğlanlarını tanıyıram, evini, ünvanını bilirəm? ”Yox” cavabını verdim. Dedi, məni Moskvadan göndəriblər ki, get sənə nə qədər adam versələr, tut güllələ.
Dedi, bunu edəcəyəm və əgər əvvəlcədən gəlsəydin, oğlunu buraxardım. Artıq mənlik deyil, iş prokurorluqdur. Dedi ki, sizin yerli hüquq-mühafizə orqanları bizə uşaqların ünvanlarını verdi, biz də tutduq.

“Qara gödəkçəli, uzunboy oğlanlar” kimlər idi?

Erməninin yaxşısı da var, pisi də. Mənim onlara qarşı düşmənçiliyim yoxdur. Amma bizimkilər bunun təşkilatçılığını Qriqoryanın ayağına yazıblar. Ay, Aslan Ismayılov, mən bu işin içində olmuşam. Mən hadisələrin şahidiyəm. Bunun Qriqoryana heç bir dəxli yoxdur.
Müslümzadə tribunadaydı, Sumqayıta yeridilən hərbi qoşunalrın rəhbəri Krayev də ordaydı.
Müslümzadə fevralın 27-də uşaqların əlindən çörəyi alıb yedi və dedi ki, mən də siz yeyən çörəyi yeyirəm. Amma bu tayfa hər şeyi onun boynuna yıxdı. Şahidiyəm, dedi ki, qurban olum, dağılışın. Krayev də deyirdi ki, dağılışın, mən də qoşunu çəkim.
Dedilər yox, heç yerə getmərik.
Bir KQB işçisi mənə yaxınlaşdı, dedi ki, əgər uşaqların buradadırsa, onları götür çıx get. Qayıdanda gördüm ki, bizimkilər bir dəstə əsgəri girov götürüblər. Indiki kimi gözümün önünə gəlir, üzlərini binaya tərəf çevirmişdilər, aralarında bir zabit də vardı, əsgərlərin əlləri yuxarıda idi. Dəyənəklə zabitin başına vururdular.
Yaxınlaşıb dedim ki, ermənilərlə ədavət aparırsınız, amma bu hərəkətinizlə rusları da bizim əleyhimizə qaldıracaqsınız. Tələb edirdilər ki, hərbçilər geri çəkilsinlər. Mənim oğlumun üzünə duran həmin vaxt kafedən oğurluq edənlərdən biri idi. Yəni Qriqoryanın, başqasının boynuna yıxmaq lazım deyil. Öz adamlarımızın cinayətini demək lazımdır. Oqtay Moskvadan gələn bir KQB işçisinə demişdi ki, məni atama görə tutublar. Sonra onu buraxdılar.
Orada qara gödəkçələrdə, enli kürəkli, uzunboy oğlanlar gəzişirdilər. Təşkilatçılar da onlar olublar.

SSRI KQB-si, ya Əhməd Əhmədov?

Moskva, 1992-ci ilin mart ayı…
Yenidənqurmanın ideoloqu A.Yakovlevin “Moskovski novosti” qəzetinə müsahibəsindən: “Dnestryanı bölgədə və Sumqayıtda baş vermiş hadisələri SSRI ”KQB?-si təşkil etmişdi”.
Daha sonralar Yakovlev bu fikri “Sumqayıtın əks-sədası” verilişində də bir daha təkrar edib: “Sumqayıt hadisələrini SSRI hərbi-sənaye kompleksi və SSRI ”KQB”si təşkil etmişdi”.
Bəs onda haqqında güllələnmə hökmü çıxarılan Əhməd Əhmədovun və ən azı, 2 ildən 15 ilədək iş alan 93 nəfərin günahı nə olub? Bilirik, o vaxtkı rəhbərlərin hansından soruşsaq, belə cavab verəcək: “Biz kim idik? Hadisələrin törəməsinə, evlərin banından çəkilməsinə imkan verən Kremlin lakeyləri…”
Sumqayıt, 2006- cı ilin yanvarı. “Xəzər” qəzeti:
“Sumqayıt hadisəsi kimə lazım idi?” “Sumqayıt hadisəsi ermənilərə Ermənistanda yaşayan 200 min nəfərdən çox azərbaycanlını deportasiya etmək, Dağlıq Qarabağda vəziyyəti gərginləşdirmək və xalqımız barədə vəhşi imic formalaşdırmaq üçün çox lazım idi. Ermənilər onlar üçün yaradılan şəraitdən çox məharətlə istifadə etdilər”.

Azərbaycan dilini bilən təxribatçı qrupa kim rəhbərlik edib?

Fevralın 27-də SSRI “KQB”nin sədr müavini Bobkov Sumqayıtda idi, bütün proseslər onun nəzarətinə keçmişdi. Ayrı-ayrı şəhər sakinləri bir neçə gün əvvəl Azərbaycan DTK-nın  Sumqayıt şöbəsində baş verə biləcək təxribatlar barədə məlumat versələr də, heç bir tədbir görülməyib. Əvəzində respublikanın və Sumqayıt şəhər rəhbərlərinin özümüzü günahkar çıxarmaq tendensiyası bizə çox baha başa gəldi. Hadisələrin səbəblərini araşdıran SSRI prokurorluğu və “KQB”sinin istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır etdi. Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə, günahsız adamların mühakiməsində iştirak etdilər.
Bakı, 2010-cu il. Vəkil Ə.Abdullayevlə müsahibədən:
– Vəkil ilkin istintaqda deyilənləri niyə qabartmadı?
– Vəkil qabarda bilərdi, amma o, bunları etmədi. Əslində, Yaşin çox yaxşı müdafiə edirdi. Amma sonra onu qorxutdular və o, fəal müdafiə etmədi.

“Niyə mənim oğlumu Moskvada mühakimə edirsiniz?..”

Moskva, 21 oktyabr 1988-ci il. Günün birinci yarısı…
Ifadə vermək üçün Ismayılovun atası Azad Ismayılov dəvət olunur. O deyir: “Oğlum günahkar deyil. Niyə mənim oğlumu Moskvada mühakimə edirsiniz?”
Ifadə vermək üçün Yavər Cəfərovun anası məhkəmə zalına  dəvət edilir:
– Oğlumun 18 yaşı var? Sizdən soruşuram: o, adam öldürə bilər? Orada kimin kimi öldürdüyü məlum deyildi? Bir də soruşuram: Oğlum əsas təşkilatçı olmayıb. Zalda oturanların hamısı yaxşı bilir ki, bütün bunları kim təşkil edib? Bəs onlar hanı? Niyə bu adamlar mühakimə olunmurlar? Burada mühakimə olunanların yerində, vəzifəlilər, bütün bunlara imkan verənlər, şərait yaradanlar oturmalıydılar…
Bütün bunlar Əliyevin, Bağırovun, Müslümzadənin işidir. Hərəsi öz hakimiyyətini qorumaq istəyirdilər.
Zalda canlanma yaranır. Hakimin xəbərdarlığı da onları sakitləşdirmir.
Hakim bir saat fasilə elan edir…

ardı var

Surxay Hüseynli,
Azər Hüseynbala