Ombudsmanın və həbs edilən gəncin eyni sevgisi….

Fevralın 7-də Mübariz Ibrahimovun ad günü qeyd edildi. Hansı Mübarizdən söhbət getdiyini bilirsiniz. Torpaqlarımızı qoruyarkən igidliklə həlak olan Mübariz indi cəsarətin və fədakarlığın simvollarından biridir. Cəsarət və fədakarlığın qüdrəti budur, səni həmişə yaşadır, ölümündən sonra da səni dirilər kimi anırlar. Mübarizin cəsarəti və fədakarlığı o qədər böyükdür ki, hətta korrupsioner hakimiyyətimiz onun kölgəsində gizlənə bilir. Saxta və oğru məmurlar ondan danışarkən elə bil qəhrəmana çevrilirlər. Xalqı soyan, yaltaq, ikiüzlü adamlar Mübarizdən elə danışırlar ki, guya fədakarlıq doğrudan da onların qəlbini riqqətə gətirib. Necə ola bilər bu? Tamahından, rüşvətindən, əyri gəlirindən əlini saxlaya bilməyən bu adamlar canından keçən Mübarizi necə sevirlər?

Ölkəni talayan hakim dəstəyə, seçkiləri saxtalaşdıran siyasi rejimə qulluq edən, xalqı geri atan, zəif salan bir qrupun qarşısında tir-tir əsən, puldan-paradan ötrü yalana, şərə, böhtana əl qoyan bu adamlar qəhrəmanlığı necə sevirlər? Adam söz tapmır…

Cabbarın Mübariz sevgisi

Gənc fəal Cabbar Savalanın həbs edildiyini eşidərkən kompüterin arxasında idim. Dərhal Facebook şəbəkəsində Cabbarın profilinə baxdım. Profillərdə bir qayda olaraq hər kəs özünün fotosunu yerləşdirir, bəziləri isə öz fotosunun yerinə avatar seçir – öz şəklini başqa şəkillə əvəz edir, özünü həmin şəkillə təqdim edir. Cabbarın avatarı Mübariz idi. Milli Qəhrəman Mübariz Ibrahimovun fotosu. Ilk sualım yarandı: belə bir gənc narkoman ola bilərmi? Cabbarın profilindəki digər fotolara baxdım. Məmməd Əmin Rəsulzadənin heykəli önündə çəkdirdiyi fotosunu isə təzə yerləşdirib. Çiynində də Azərbaycan bayrağı… 
Atatürkün, Elçibəyin fotolarını profilində yerləşdirən bu gəncin işığı qəlbimə doldu. Bir rahatlıq gəldi mənə. Mən onsuz da bilirdim ki, AXCP üzvü olan gənc cibində narkotik gəzdirməz. Cabbara verilən ittihamın yalan olduğuna tərəddüdüm yox idi. Amma Cabbarın profili və fotoları məni sevindirdi. Belə gənclərlə ancaq öyünmək olar. Sadəcə 19 yaşlı bu gənc də Eynulla Fətullayev və Mirzə Sakit kimi zorən narkoman elan edilmişdi…

Ombudsmanın Mübariz sevgisi

Fevralın 7-də Cabbar Savalanın məhkəməsindən az sonra TV-lərdə Mübariz Ibrahimovun doğum günü ilə bağlı reportajlar verildi. Qəhrəmanın doğulduğu kənddən reportajlarda gördüm ki, onun ad gününə Bakıdan gedənlər də var. Danışanlardan ombudsman Elmira Süleymanovanın çıxışı diqqətimi çəkdi. Açığı, daha səmimi çıxış da onun idi. Amma birdən elə bil üstümə qaynar su tökdülər. Mübarizi sevən, onu fotosu ilə özünü təqdim edən 19 yaşlı Cabbar Savalan şərlənərək tutulmuşdu. Onun cibinə narkotikə atıblar, onun hüquqlarını düşmən torpağımızı tapdadıqları kimi tapdalayıblar. Cabbar həbs ediləndən sonra ailəsinə xəbər verməyiblər, ondan vəkili olmadan ifadə alıblar. Gecə saat 3-də. Guya səhərə qalsaydı, düşmən torpağımızı alacaqdı. Insan haqları müvəkkili Elmira xanım isə bu haqsızlığa susur… 
Doğrudanmı Mübarizi sevir o? Bəs Mübarizi sevən Cabbarı niyə sevmir? Iqtidarının sevimlisi olmadığı üçünmü?