Mübarək hakimiyyətdən dinc yolla getməyə razılıq verdi
Vitse-prezident haqda ilginc məlumat yayıldı
Misirdə gərginlik davam edir. Hökumətin müxalifət təşkilatlarıyla danışıqlar masasına oturmasına baxmayaraq, paytaxt Qahirənin Təhrir meydanında “Hakimiyyətdən əl çək!”, “Millət bu rejimi devirmək istəyir!” şüarları səsləndirilib. Nümayişçilər Misir ordusuna məxsus tankların hərəkət edib onları mühasirəyə almasını önləmək üçün yerlərindən belə tərpənmirlər. Meydanı istirahət zonasına çevirən etirazçılar meqafon və divar qəzetlərilə bir-birilə əlaqə yaradırlar.
Vitse-prezident Ömər Süleyman “This Week” jurnalına verdiyi müsahibəsində nümayişçilərə müraciət edərək “evinizə gedin, vəziyyətin normallaşmasına icazə verin” söyləməsi də işə yaramayıb.
“Mübarək getsin, ölkə seçkilərə hazırlaşsın!”
Nəticəsiz qalan hökumət-müxalifət danışıqlarından sonra Mübarəkin təyin etdiyi yeni kabinetin toplantısı keçirilib. Qurulması planlaşdırılan Konstitusiya Komissiyası hüquqi islahatlar təklifini martın ilk həftəsində açıqlayacaq. Müzakirələrə qatılmayan Misir müxalifətinin lideri Məhəmməd əl Baradeyi isə Mübarəkin hakimiyyətdən ayrılması və üç nəfərlik bir prezidentlik heyətinin ölkəni seçkilərə hazırlaması təklifini dəstəkləyib.
Diktatorun gedişi üçün “yol xəritəsi”
Misir prezidenti Hüsnü Mübarək hakimiyyətin dinc ötürülməsi üçün dəqiq qrafiki ehtiva edən “yol xəritəsi” hazırlanması barədə sərəncam verib. Bu barədə dünən Hüsnü Mübarəklə keçirdiyi görüşdən sonra vitse-prezident Ömər Süleyman bəyan edib.
Ömər Süleyman prezidentin istefasını tələb edən aksiyaçıların da təqib olunmayacağını bildirib: “Prezident milli konsensusu alqışlayır və böhranı aradan qaldırmaq üçün hazırda bizim düzgün yolla getdiyimizi təsdiqləyir”.
Mübarək “vicdanlı” komissiya yaradır
Bundan başqa, Misir prezidenti Qahirənin Təhrir meydanında 11 nəfərin ölümü ilə nəticələnmiş qarşıdurmanın araşdırılması üçün müstəqil komissiya yaradılması haqda göstəriş verib. Prezident deyib ki, “komissiya tamamilə müstəqil olmalı və Misir cəmiyyətində ləyaqətli və vicdanlı olmasıyla tanınan şəxslərdən təşkil olunmalıdır”. O, komissiyanı “nümayişçilərə qarşı yol verilmiş yolverilməz qanun pozuntularını araşdırmağa” çağırıb.
“Mena” xəbər agentliyinin yaydığı məlumata görə, dünən Misir prezidenti Hüsnü Mübarək, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zəyid Əl Nəhyanla Qahirədəki iqamətgahında görüşüb. Görüş barədə ətraflı məlumat verilməsə də, Zəyid Əl Nəhyanın Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısının məktubunu Mübarəkə təqdim etdiyi bildirilib.
Ömər Süleyman Israilin adamıdır?
ABŞ diplomatlarının məxfi yazışmalarını yayan “WikiLeaks” saytı Misirin yeni vitse-prezidenti Ömər Süleyman haqda ilginc məlumat açıqlayıb. Saytın yayımladığı gizli yazışmada bildirilir ki, Ömər Süleyman Israilin adamıdır. O, Hüsnü Mübarəkin yerinə Təl-Əvivin əsas namizədidir və “qırmızı telefon” vasitəsilə hər gün Israil rəsmilərilə əlaqə saxlayır.
“WikiLeaks”in ələ keçirdiyi və Ingiltərənin “The Telegraph” qəzetinin yayımladığı 2008-ci il tarixli ABŞ diplomatlarına aid gizli teleqramlarda Israil Müdafiə Nazirliyinin Devid Haxam adlı müşavirinin bəzi sənədlərdə Ömər Süleymanı “Soliman” kimi təqdim etdiyi yazılıb.
ABŞ-ın Təl-Əvivdəki səfirliyindən Vaşinqtona göndərilən dosyedə Haxamın Soliman (Ömər Süleyman) haqda təriflər yağdırdığı və Israil Müdafiə Nazirliyi ilə Misir kəşfiyyatı arasında qurulan qırmızı xəttin hər gün istifadə olunduğu bildirilib.
Məxfi yazışmada qeyd olunur ki, Mübarəkin ölməsi və ya vəzifəsini icra edə bilməməsi halında Israil Ömər Süleymanın ən azı, ölkənin vitse-prezidenti postuna əyləşməsini dəstəkləyir: “Vəzifə dəyişikliyi ssenarisinin analizi üçün Qahirədəki səfirliyimizə təlimatlar verə bilərik. Ancaq Soliman variantı üçün Israilin ortaya qoyduğu seçim müzakirə oluna bilməz”.
“Misirlilər azadlıq, azad və ədalətli seçkilər istəyir”
ABŞ prezidenti Barak Obama hesab edir ki, Misirdəki siyasi vəziyyət müsbət istiqamətdə dəyişməyə başlayıb. “Misirdə siyasi proseslərin gedişinin müzakirəyə ehtiyacı olduğu göz qabağındadır. Misirlilər də məhz bu sahədə uğurlara nail olurlar”, – deyə Ticarət Palatasında çıxış edən Obama bildirib.
Ağ ev rəhbəri Misirdə hakimiyyətin nizamlı ötürülməsinə və müxtəlif siyasi spektrləri təmsil edən şəxslərin hökumətdə iştirakına tərəfdar olduğunu bildirib: “Misirlilər azadlıq, azad və ədalətli seçkilər, onları təmsil edən və dinləyən hökumət istəyirlər. Biz onlara (Misir hakimiyyətinə) dedik ki, dərhal hakimiyyətin nizamlı ötürülməsinə başlamalıdırlar”.
Iğtişaşlarda neçə nəfər ölüb?
Misirdə yanvarın 25-dən başlayan kütləvi etiraz aksiyalarında ən azı 297 nəfər dünyasını dəyişib. Rəqəmi “Human Rights Watch” təşkilatı açıqlayıb. Təşkilatın nümayəndələri bildiriblər ki, həlak olanlar haqqında məlumatlar kütləvi aksiyaların daha geniş vüsət aldığı Qahirə, Süveyş və Isgəndəriyyə şəhərlərindəki yeddi xəstəxanadan götürülüb.
Misirin Səhiyyə Nazirliyi isə indiyə qədər aksiyalarda həlak olanlar və yaralananların sayı ilə bağlı heç bir rəsmi məlumat yaymayıb.
Turan