Müsəlman diktatora bu status-kvonun davam etməyəcəyi izah olunub
Azərbaycan hakimiyyəti ABŞ-a qarşı növbəti əks-hücuma keçdi. İlham Əliyevin “The Washington Post”da “müsəlman diktator” adlandırılması rəsmi Bakının qəzəbli münasibətinə səbəb olub. Operativ reaksiya verməklə hər kəsi təəccübləndirən Azərbaycan hökuməti bu dəfə dərhal ABŞ-ı hədəfə alan məqalənin rəsmi mediada yayılmasını təmin edib. Ilham Əliyev onsuz da gizlədə bilmədiyi qəzəbinin açıq ifadə olunmasını əmr edib. “Azərbaycan” qəzeti açıq-aşkar Birləşmiş Ştatlar hökumətini dünyada baş verən neqativ (demokratikləşmə S.H.) proseslərində ittiham edib. Hətta bir qədər uzağa gedərək bildirib ki, Misirdə baş verən olaylarda xalqın rolu az olub. Milyonların meydanlara axışmasının səbəbini izah edə bilməyən rəsmi qəzet yəqin ki, o milyonların Hüsnü Mübarəkdən niyə narazı olduğunu da bilmir. Bilsə, yəqin ki, eyni dərdə çarəni Ilham Əliyev üçün də tapar.
ABŞ-a qarşı qəzəbi növbəti dəfə ifadə etməkdə başlıca məqsəd xalqa belə bir mesaj verməkdir ki, ABŞ dünyanı xaraba qoyur. Amma anlamaqda və arlanmaqda zorluq çəkirlər ki, mərmər küçələrdə və günəş kimi işıqlı çilçıraqların altında ac qarına və işsiz xoşbəxt yaşamaq olmur. Heç insanı yuxu da tutmur ki, səadəti yuxuda görsün. Odur ki, Azərbaycan hakimiyyətinin başlıca narahatçılığının ABŞ-ın demokratiya tələb edən xalqlara verdiyi dəstək olduğu gün kimi aydın olur. Elə buna görə də “Azərbaycan” qəzetində ABŞ növbəti dəfə tənqid hədəfi olub.
Rəsmi qəzetdə açıq-aşkar ABŞ-ın nəinki bizim ölkədə, hətta postsovet məkanında Azərbaycan hökumətinin bir çox layihələrinin baş tutmamasına müqavimət göstərdiyi yazılıb. Müəllif bu mövqeni belə də ifadə edib: “Azərbaycanın öz milli maraqlarını müdafiə etməsi və buna uyğun müstəqil siyasət yürütməsi belə qüvvələri qıcıqlandırır. Bəzən isə təkcə Cənubi Qafqaz regionunda yox, həm də postsovet məkanında yer alan ölkələrin perspektivilə bağlı ambisioz planlarının reallaşması yolunda maneəyə çevrilir. Hər halda, yaxın tarixə nəzər yetirməklə bununla bağlı xeyli misallar gətirmək olar”.
Maraqlıdır ki, ABŞ və Azərbaycan arasında uzun müddətdir davam edən müttəfiqlik münasibətləri Ağ evin demokratiya tələbləri artandan sonra düşmənçilik həddinə çatıb. Ilham Əliyev administrasiyası açıq şəkildə bəyan edir ki, ABŞ-a mane olmaq onların şüurlu məqsədidir. ABŞ-a qarşı çıxmaq, Türkiyə ilə münmasibətləri korlamaq eyni zamanda Rusiyaya yaxınlaşmaq deməkdir. Bu cür açıq mətnlə antiQərb fikirləri səsləndirməklə görünür ki, Ilham Əliyev ABŞ-la barışmaq istəməyən qüvvələrdən dəstək umur. Amma bu, “qaranlıq otaqda qara pişik axtarmaq”dır, üstəlik pişik də orada yoxdur.
Elə həmin yazıda bu siyahıya düşəcək iki namizəd var: Iran və Çin. Iranla bağlı vəziyyət aydındır. Yeri gəlmişkən, dünən bu ölkənin prezidenti Mahmud Əhmədinejad Əliyevi Irana rəsmi səfərə dəvət edib. Məncə, indiki geosiyasi şəraitdə bu dəvət təsadüfi sayılmamalıdır.
Çin rəhbərinin də ABŞ-da demokratik islahatlara dair söz verdiyi üçün Ilham Əliyevə “əl tutacağı” inandırıcı deyil. “Azərbaycan” qəzetinə inansaq, bu qüvvə elə Əliyevlər hakimiyyətidir: “Qətiyyətlə söyləmək olar ki, müstəqil siyasət yeridən Azərbaycan postsovet məkanında ABŞ-la yola getməyən ölkələr arasında bəlkə də birincidir”.
“The Washington Post” nə yazıb ki?
“Dövlət katibi Hillari Klinton bugünlərdə ayrı-ayrı ölkələrdə demokratik islahatların aparılmasının da ABŞ-ın strateji maraqlarına daxil olduğunu bildirib. Klinton deyib ki, bu, sadəcə bir idealizm deyil, həm də strateji zərurətdir”.
Sizcə, “The Washington Post”un redaktorunun yazdığı bu cümlələr Ilham Əliyev üçün qorxulu ola bilərmi? Məncə, yox. Hərçənd, bu fikirlərdən belə çıxır ki, biz daha diktatorlara demokratiya çağırışları etməyəcəyik, xalqlarla demokrtatiya quruculuğunu həyata keçirəcəyik. Bu, bizim üçün ideya deyil, işdir.
Başqa bir sitat: “Dövlət katibi bildirib ki, yaxın perspektivdə risklər vəd etsə də, ABŞ həmin rejimlərə çatdıracaq ki, ”indiyə qədərki status-kvo sadəcə olaraq, davam etdirilə bilməz.
Bu sözlər praktikada nə demək olacaq? Azərbaycanda başqa bir dünyəvi müsəlman diktatoru olan Ilham Əliyev də ABŞ-la siyasətdə Islam radikalizmi kartını oynayır. Və neft lazım olan ABŞ da bu ölkədə seçkilərin saxtalaşdırılmasına, jurnalistlərin həbs edilməsinə anlayış göstərir. Yəni, indi ABŞ rəsmiləri Əliyevə deyəcəklər ki, status-kvo davam etdirilə bilməz!!!”
Məncə, daha qorxulu məqam, kürkə birə salan cümlələr burdadır. Azərbaycanın rəsmi qəzeti yazır ki, bu fikirlər Obama hökumətinin mövqeyidir. Fikrimizcə, artıq şərhə ehtiyac yoxdur. Bu status-kvo Ilham Əliyevin hakimiyyətidir. “Belə davam etməyəcək…” nə deməkdir? Bu sualın cavabı da aydındır. Artıq demokratik dünya Ilham Əliyevə də öz mesajını verdi. Ilham Əliyev növbəti situasiyanın aktyorları sırasında deyil…
Seymur Həzi