Maliyyə Nazirliyi, Mərkəzi Bank və Heydər Əliyev muzeyinin binaları heç bir əsas olmadan sökülür
Azər Mehtiyev: «Bu, ölkəyə gələn böyük vəsaitlərin mənimsənilməsidir»
Son illər Azərbaycanda tikinti qədər də söküntü işləri aparılır. Özü də, sökülən təkcə sadə vətəndaşların evləri deyil, həm də möhtəşəmliyi ilə seçilən dövlət idarələri, muzeylər və başqa inzibati binalardır. Sökhasökə tuş gələn binaların əksəriyyəti cəmi bir neçə il bundan əvvəl inşa olunan tikililərdir. Vaxtilə böyük pullar bahasına başa gələn həmin binalar indi kiminsə maraqları ucbatından yerlə-yeksan olur. Məsələn, ən son Bakıxanovdakı Heydər Əliyev muzeyinin söküldüyü barədə xəbər yayılıb. Prezidentin bəyənməməsi ucbatından yenidən inşa olunacaq binaya vaxtilə yüz min manata qədər vəsait xərcləndiyi bildirilir. Bundan başqa, Maliyyə Nazirliyi və Mərkəzi Bankın binalarının da sökülməsi planlaşdırılır.
Iqtisadçı Azər Mehtiyev deyir ki, bu, ölkəyə daxil olan böyük neft pullarının yaratdığı sindromdur. Belə ki, hökumət əldə etdiyi pulları bu cür layihələrə yönəltməklə ölkəyə gələn böyük pulların istifadəsi üçün meydan açır: “Dövlət idarələri binalarının Heydər Əliyev prospekti boyu yerləşdirilməsi planı var. Bu səbəbdən də həmin binaların bu əraziyə köçürülməsi gözlənilir. Bu, şəhərin ayrı-ayrı hissələrində tikilmiş bütün dövlət qurumlarına aiddir. Bu sırada Milli Bank, Maliyyə Nazirliyi də var. Təbii ki, kifayət qədər böyük vəsaitlərin yönəldiyi bu layihələr yalnız tikinti və yenidənqurma işlərinə xidmət etmir. Həm də ölkəyə gələn böyük vəsaitlərin mənimsənilməsi və istifadəsi üçün bir meydan açır”.
A.Mehtiyev deyir ki, Heydər Əliyev muzeyi adı ilə tikilmiş bina və bu tip başqa tikililər plana uyğun inşa edilməyiblərsə, onların sökülməsi mümkündür. Dövlət qurumlarına gəlincə, yeni inzibati binanın tikintisi zamanı köhnədə o qurumun müəyyən bölmələrini saxlamaq və ya binanı başqa bir quruma vermək də olar.
Gültəkin