Azərbaycan hakimiyyəti Brayzanı narkotiklə «qarşıladı»
İlham Əliyev Şərqdə yeni demokratikləşmə dalğasından narahat olub. Bunu onun Obamaya vasitəçi axtarmasından, müxtəlif nazirliklərə “rüşvəti müvəqqəti dayandırın” komandası verməsindən, fəallaşan gəncliyin nümayəndəsinin cibinə narkotik atdıraraq həbs etdirməsindən anlamaq olur.
Dünyada baş verən demokratikləşmə prosesinin Azərbaycanda da kök atmış avtoritar sistemdən yan keçməyəcəyi məlumdur. Bunu hamıdan yaxşı Ramiz Mehdiyev anlayır. Elə buna görə də sözün birbaşa mənasında hakimiyyət daxilində böyük bir əksinqilabi proses – hərəkətlənmə başlayıb. Bunun hansı uğurla və ya uğursuzluqla nəticələnəcəyinə dair danışmaq hələ tez olsa da, bir sıra ipucları imkan verir ki, biz Əliyevlərin necə daxili gərginlik yaşadığını aydınlaşdıraq.
Yeri gəlmişkən, Azərbaycana yeni təyin olunmuş ABŞ səfirinin fəaliyyətə başlaması demokratiya çağırışı edən gəncin cibinə narkotik atılaraq həbs edilməsilə bir vaxta düşdü. Görünür, bütün bunlar öncədən planlaşdırılmasa da, cənab səfirə diqqətin tərkib hissəsi kimi təxirə də salınmayıb. Yəni, hər şey əvvəlki kimi davam edəcək. Yəni nə?
Birinci tədbir – Obamadan əfv diləyi…
İlham Əliyev özünü nə qədər “vurdum-duymaz” aparsa da, son günlər baş verən hadisələrdən açıq təsirləndiyi görünür. Xüsusilə, Gürcüstan prezidenti Mixail Saakaşvilinin yanına elçi göndərməsi buna bariz sübutdur. Görünür ki, Ramiz Mehdiyev özü demokrat Mişa ilə ünsiyyətdən bir nəticə hasil edə bilməyəcəyini düşünüb və Kəmaləddin Heydərovun irəli verilməsi planlaşdırılıb.
Burada başlıca məqam odur ki, Mehdiyev bir müddət əvvəl eyni məqsədli səfəri Türkiyəyə etmişdi. Akademikin uğur əldə edə bilməməsi belə bir təəssürat yaradıb ki, onun Kremllə sıx bağlılığı Türkiyə və Qərbmeylli dairələrdə, xüsusilə də Gürcüstanda müsbət qıcıq yaratmaz. Buna görə də Kəmaləddin Heydərov irəli verilib. Amma görünür, Azərbaycan hakimiyyətinin texnoloqları bir şeyi diqqətdən qaçırır ki, baş verən mövqe dəyişiklikləri və qarşılıqlı münasibətlərin korlanması məhz Ilham Əliyevin ayrı-ayrı dövlətlərə, siyasətçilərə qarşı sərgilədiyi siyasətin nəticəsidir. Yəni, Qərb dünyası Ilham Əliyevlə əməkdaşlığın üstündən xətt çəkib. Ikinci və üçüncü dərəcəli məmurlar isə onsuz da çoxdan var və Qərb dünyasının Azərbaycana münasibətində onların təsiri başlıca amil deyil. Söhbət Ilham Əliyevin özündən gedir və onun narahatlığına yaranmış əsaslar kifayət qədər ciddidir. Təsəvvür edin ki, heç Obama ilə təkbətək gərgin söhbət bu qədər narahatlıq yaratmamışdı…
“Rüşvəti dayandırın!” – ikibaşlı siqnalın bir izahı
Uzun illərdir ki, hakimiyyət müxtəlif yollarla ən ağır şərtlər altında yaşayan insanlarımıza bu sistemin əbədiyaşar olacağını təlqin edə bilmişdi. Az sayda ictimai-siyasi fəalın müqaviməti bu siyasətin tam və qəti qələbəsinə imkan vermədi. Haqq nazildi, ama üzülməyinə az qalmış yenidən tiranların binası uçmağa başladı. Indi Ilham Əliyev tapşırıb ki, rüşvət müvəqqəti olsa da, dayandırılsın. Bunu nazirliklərin və komitələrin kollegiya iclaslarında açıq elan edirlər. Baş prokuror deyir ki, “korrupsiya ilə mübarizədə birinci özümüzdən başlamalıyıq”. Deməli, hakimiyyət daxilində inqilabi vəziyyətin tam formalaşması həm dərk olunur, həm də dolayı yolla etiraf edilir.
Cabbarın, yoxsa Brayzanın şərlənməsi?
Qeyd etdiyimiz kimi, ABŞ səfiri işə başlar-başlamaz fəal cəbhəçi gənc Cabbar Savalanlının cibinə narkotik atıb həbs etdilər. Cabbar sosial şəbəkələrdə və açıq tədbirlərdə ən uca səslə demokratiya hayqıran gənclərdən idi. Bu da Obamanın məşhur çıxışında demokratiya çağırışına səs verən gəncin aqibəti…
Bu olay eyni zamanda, yeni inqilabi dəyişikliklərə can atan gəncliyin gözünün qorxudulması olsa da, həm də ABŞ-ın yeni səfirinin qarşılanma törəni kimi də başa düşülməlidir.
Seymur Həzi



