İçərişəhəri kim “təmir” etdirir

Rövnəq Abdullayev, Hafiz Paşayev və Ziya Məmmədovun adı hallanır

 

Içərişəhərin Qala divarlarına bitişik olan tikililərinin bir hissəsi artıq sökülüb. Deyilənə görə, Qala divarlarının ətrafı genişləndirilir. Amma biz orada olanda metronun “Içərişəhər” stansiyasından Qoşa Qala qapılarına qədər bütün ərazinin yerlə-yeksan edildiyini gördük.
Qeyd edək ki, ölkə başçısı Ilham Əliyev Içərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyəti olmayan tikililərin yerində, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün 2009-cu il dövlət büdcəsindən vəsait ayrılması barədə sərəncam vermişdi.
Amma söhbətləşdiyimiz insanlar prezidentin verdiyi sərəncamla razılaşmadıqlarını deyirlər. Onların sözlərinə görə, evlərinin uçma təhlükəsi olmayıb: “Neçə illərin evləridir. Indiyə qədər heç bir təhlükə olmayıb. Niyə indi uçdu? Sadəcə yeyintidir bu. Biz şəhərin mərkəzində yaşayırıq. Amma kompensasiya kimi hər kvadrata 2500 manat verirlər. Halbuki bazar qiyməti 5 mindən yuxarıdır”.
Əhaliyə evlərinin qəzalı vəziyyətdə olduğu bildirilib. Bir neçə evin sakini isə söküntü-dağıntının olmasına baxmayaraq, təhlükəli vəziyyətdə yaşamağa üstünlük verir. Ətrafda yaşayanlardan aldığımız məlumata görə, sökülən yerlərdə hotel tikilməsi planlaşdırılır. Adının çəkilməsini istəməyən sakin isə bildirir ki, həmin hoteli ARDNŞ prezidenti Rövnəq Abdullayev tikdirir: “Ümumiyyətlə, tikinti-quruculuq işləri onun nəzarətinə verilib. Içərişəhərin yoldan görünən hissəsi tamamilə boş olacaq. Amma arxa hissəsində obyektlər ucaldılacaq”.
Adıçəkilən ünvanda işləyən fəhlələrin dediyinə görə, ərazidə hamamın da tikilməsi planlaşdırılır.
Məlumat da gəzir ki, Hafiz Paşayevlə Ziya Məmmədovun Içərişəhərdə əli var. Adları çəkilən şəxslərin də hasara alınan yerdə obyekt tikdirmək planları var.

 

Ramin DEKO