Cəbhəçi xanımlar Cabbarın ailəsinə baş çəkib

Fevralın 8-də AXCP-nin qadın fəalları Sumqayıtda saxta ittihamla saxlanaraq haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilən Cabbar Savalanın ailəsi ilə görüşüb. Görüşdə AXCP-nin sədr müavini Gözəl Bayramlı, Rəyasət Heyətinin üzvləri Solmaz Hüseynova, İradə Əliyeva, Səadət Cahangir və NTK-nın üzvü Ayəndə Mürsəliyeva iştirak ediblər.

 

Partiyanı təmsil edən xanımlar ailəyə gənc fəalın müdafiəsi ilə bağlı üzvü olduğu AXCP-nin və ictimai təşkilatların gördüyü işlər barədə məlumat veriblər. Söhbət zamanı vurğulanıb ki, Cabbarın siyasi motivlə həbs olunması kimsədə şübhə doğurmur və hökumətin şərləmə üçün istifadə etdiyi bu köhnə metod artıq hər kəsdə ikrah hissi doğurur.

Cabbarın anası Təravət xanım oğlunun haqsız yerə həbs edildiyinə əmin olduğunu bildirib. O deyib ki, həyat yoldaşı rəhmətə gedəndən sonra iki oğlunu zəhmətlə böyüdüb, boya-başa çatdırıb. Övladları indiyə kimi heç bir pis vərdişlə məşğul olmayıb, siqaret belə çəkməyiblər. Onların yaxşı təhsil alması və əsl vətəndaş kimi böyüməsi üçün əlindən gələni edib. Ananın sözlərinə görə, oğlu bu yolda onu gözləyən təhlükələrdən xəbərdar olub, amma heç bir halda tutduğu yoldan çəkinməyəcəyini deyib.

Görüş zamanı daha maraqlı bir fakt da ortaya çıxıb. Məlum olub ki, Cabbarın atası da Əbülfəz Elçibəyin dəfn mərasimində iştirakından sonra, böyük sarsıntı keçirərək vəfat edib.

Xanımlar gənc fəalın tezliklə azadlığa çıxması üçün partiyanın əlindən gələni edəcəyini və hər zaman ailəyə dayaq olacağını bildiriblər. Onlar hökumətin bu həbsi gənclərin gözünü qorxutmaq məqsədilə etdiyini, amma Cabbarı uzun müddət orada  saxlaya bilməyəcəyinə əmin olduqlarını söyləyiblər.