Avtoritar rejimlərin hamısını inqilab gözləyir

Vəfa Quluzadə: «Bütün avtoritar rejimlər başa düşməlidir ki, insan hüquqlarının bərqərar olması hakimiyyətlərin xeyrinədir»

 

Misirdə baş verən hadisələr hələ də dünya gündəminin əsas mövzusudur. Etiraz aksiyaları bir qədər səngisə də, hökumət ciddi güzəştlərə gedəcəyini, prezident isə etirazçıların bütün şərtlərini yerinə yetirəcəyini deyib. Belə olan halda Misirdə bundan sonra hansı proseslər baş verə bilər? Məsələ ilə bağlı politoloq, Yaxın Şərq üzrə mütəxəssis Vəfa Quluzadənin fikirləri ilə tanış olduq.

 

– Misirdəki hadisələrin bundan sonrakı inkişafını necə proqnozlaşdırırsınız?
– Mənə elə gəlir ki, Hüsnü Mübarəkin məsələsi həll olunub və o gedəcək. Ya tez, ya da özü arzu etdiyi kimi, sentyabrda, bütün işləri təhvil verib gedəcək. Burada məsələnin incəliyi var. Hüsnü Mübarək Amerikanın otuz illik müttəfiqidir. Otuz il Amerikaya, Israilə xidmət edib. Görün xidmətləri nə qədər böyükdür ki, izdihamlı nümayişlər gedir, ancaq Fələstin problemi ilə bağlı şüar olmayıb. Ərəb ölkəsində bunu təsəvvür edə bilməzdim. Amma gördük ki, Misirdə bu olmadı. Birinci mərhələdə heç dini şüar da yox idi. Heç Allahu-Əkbər də demirdilər. Bütün müsəlman ölkələrində müsəlmanlar nümayişə bu şüarla çıxırlar. Amma Misirdə belə olmadı. Hüsnü Mübarək Amerikanın öz adamıdır, ona xeyli xidmət göstərib. Ona görə şıltaqlıq edir. Amerika da məcburdur onun şıltaqlığı ilə oynasın. Çünki onunla sərt rəftar etsə, digər müttəfiqləri ABŞ-ı qınayacaqlar ki, Mübarəkin bu qədər xidməti olub, ancaq cavabı bir təpik oldu. Ona görə Amerika məcburdur ki, Hüsnü Mübarəklə bir qədər nəvazişlə rəftar etsin. Amma onun erası bitib. Misirdə yeni islahatlar olmasa, böyük inqilab olacaq. Bu inqilabın nəticəsində “Müsəlman qardaşları” hakimiyyətə gələcək. Amerikanın dərdi bu dəqiqə əsas ondan ibarətdir ki, Misirdə yeni dünyəvi rejim qursun. “Müsəlman qardaşları” təşkilatı hakimiyyətə gəlməsin. Misirdə bu təşkilatın çox böyük avtoriteti, hörməti var. Onun sırasında ziyalı təbəqəsinin nümayəndələri çoxdur. Ona görə də Amerika Hüsnü Mübarəki birdən-birə bayıra atmağa imkan vermir. Birdən “Müsəlman qardaşları” hakimiyyəti götürər. Ona görə bir müddət Mübarəki hakimiyyətdə saxlaya bilərlər. Bir tərəfdən islam qüvvələrinin qarşısını almaq, digər tərəfdən nökərlərini hörmətlə yola salmaq istəyirlər.

“Rusiya ilə Iranda buna oxşar hadisələrin olması hələ tezdir”

– Burada digər ölkələrin, məsələn, Rusiya və Iranın marağı nədən ibarətdir? Iranda belə üsyanın olacağı ehtimalı varmı?
– İranda və Rusiyada demokratiyanın səviyyəsi Misirdəkindən yüksəkdir. Orada baş verənlərin Rusiya və Irana ciddi dəxli yoxdur. Çünki bu, xalis Misir fenomenidir. Misirdə çox olmuşam. Orada insanların yaşayış səviyyəsi olduqca aşağıdır. Olduqca kasıb yaşayırlar. Iran Misirlə müqayisədə daha zəngin yaşayır. Rusiya isə Misirlə müqayisədə yağ-bal içində üzür. Ona görə Rusiya ilə Iranda buna oxşar hadisələrin olması hələ tezdir.

“İnsan hüquqlarının bərqərar olması hakimiyyətlərin xeyrinədir”

– İnqilabın növbəti dayanacağı hansı ölkə ola bilər?
– Bütün avtoritar rejimlər başa düşməlidir ki, insan hüquqlarının bərqərar olması hakimiyyətlərin xeyrinədir.  Insan hüquqları qorunanda sərbəst toplaşmaq mümkün olur. Etirazlar indikator kimi göstərir ki, ölkədə təhlükə var. Inqilab ola bilər. Tədbir görün. Onlar da tədbir görürlər və inqilab olmur. Özləri də hakimiyyətdə rahat qalırlar. Amma kim ki bunları yaxın buraxmır, onda vəziyyət gərginləşir. Bütün inqilablara baxanda bunu görmək olur. Avropada bir milyon adam küçəyə çıxır, sözünü deyir. Bu da hakimiyyətə cəmiyyəti idarə etməyə imkan yaradır. Bizdə belə düşünürlər ki, demokratiya yalnız xalqın xeyrinədir. Iqtidarın xeyrinə deyil. Mən elə düşünmürəm. Hesab edirəm ki, demokratik quruluş iqtidara uzun müddət hakimiyyəti əlində saxlamağa imkan verir. Amerikanı götürün. Görün neçə illərdir, bu gün demokratlar, sabah respublikaçılar hakimiyyətdə olur. Onların ikisi də eyni şeydir. Avropa ölkələrində də vəziyyət elədir. Elə etmək lazım deyil ki, xalq üsyan etsin. Misir xalqını tanıyıram. Olduqca mülayim, sülhsevər, olduqca nəcib bir xalqdır. Elə bir üsyan Iraqda olsaydı, vətəndaş müharibəsi, qırğın-dava, insan tələfatı olacaqdı. Ancaq Misirdə gördünüz ki, insan tələfatı da az oldu. Insanların bir-biri ilə rəftarı yaxşı oldu. Xristianlarla da müsəlmanların rəftarı yaxşı idi. Bunların hamısını nəzərə almaq lazımdır.

Fizzə