Misir müxalifəti İranı ittiham etdi

İran müxalifəti isə Misir xalqına dəstək aksiyası keçirmək istəyir

 

Misir prezidenti Hüsnü Mübarək hökumətinə müxalif olan 12 partiya birgə bəyanat yayaraq İran hökumətini ittiham edib. Bəyanatda bildirilir ki, İran hakimiyyəti öz zahirini bəzəmək üçün islamdan sui-istifadə edir:
“İran Misir ordusunu xalqla üz-üzə qoymağa, Misirdə fitnəçilik etməyə çalışır. Biz Təhrir meydanında toplaşan gənclərdən və digər aksiyaçılardan tələb edirik ki, əcnəbilərin yaydığı qərəzli şayiələrə aldanıb evlərinə qayıtmasınlar. Onlar əcnəbilərin müəyyən məqsəd güdən hədəf və proqramlarına qarşı çıxmalıdır”.
İranın Misirin daxili işlərinə qarışmasını pisləyən birgə bəyanatı Əlcil, Yaşıllar, Azad Respublika, Demokrat, Sabah, İttifaq, Mühafizəkarlar, Sosialist Ərəb Misir, Azad İnsanlar, Misir Gəncləri, Millət və Sülh partiyaları imzalayıb.
Fevralın 4-də Tehran cümə namazına rəhbərlik edən İranın dini rəhbəri Əli Xamneyi Tunis və Misir olaylarından danışmışdı: “Tunis, Misirdə baş verən hadisələr İran xalqı üçün xüsusi məna daşıyır. Bu, İrandakı inqilabla başlanan islami oyanışdır. Tunis və Misirdə baş verən olaylar həqiqi mənada bir zəlzələdir. Daha doğrusu, baş verənlər İran xalqının səsinin inikasıdır”.
Misirdə ən güclü islamçı qruplardan sayılan “Müsəlman qardaşlar”ın rəhbəri Məhəmməd Bədi isə həmin gün Xamneyinin dediklərinə reaksiya vermişdi: “Cənab Xamneyi bilməlidir ki, Misir xalqının inqilabı islami yox, xalq inqilabıdır. Çünki bu inqilabda və etiraz aksiyalarında müsəlman əhali ilə yanaşı, ölkə əhalisinin digər təbəqə və zümrələri, o cümlədən xristianlar da fəal iştirak edirlər”.

 

***

İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi isə Daxili İşlər Nazirliyinə müraciət edərək Misir və Tunis xalqlarına dəstək vermək üçün fevralın 14-də paytaxt Tehranda kütləvi yürüş keçirməyə icazə verilməsini istəyiblər. Müraciətdə deyilir: “Möhtərəm daxili işlər naziri cənab Nəccar! Bölgədəki xalq hərəkatlarına, o sıradan da hakim istibdada qarşı qiyama başlamış Misir və Tunis xalqlarına dəstək vermək üçün ölkə konstitusiyasının toplantıların keçirilməsinin azad olması ilə bağlı 27-ci bəndini nəzərə alaraq fevralın 14-ü İmam Hüseyn meydanından Azadlıq meydanı istiqamətində xalq yürüşünün keçirilməsinə icazə verilməsini tələb edirik” (media forum).