oqtay esedov

Spikerlə Ramiz Mehdiyev arasında konflikt

Oqtay Əsədovun sabiq deputat Nizami İsgəndərovu özünə köməkçi götürməsi PA rəhbərini qəzəbləndirib

 

Prezident Administrasiyasının rəhbəri (PA) Ramiz Mehdiyevlə Milli Məclisin sədri Oqtay Əsədov arasında qarşıdurma yaranıb. Bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, qarşıdurmaya səbəb Oqtay Əsədovun keçmiş deputat Nizami Isgəndərovu özünə köməkçi götürməsidir. Məlumatlara görə, spikerin bu addımı Ramiz Mehdiyevi hiddətləndirib. PA rəhbəri deyib ki, Nizami Isgəndərovun adı YAP-ın siyahısından çıxarılır, amma Oqtay Əsədov bu adamı özünə köməkçi götürür.
Əslində Ramiz Mehdiyevin qəzəblənməsinin səbəbi başqadır. Nizami Isgəndərov qərbi azərbaycanlı qruplaşmasına daxil olan şəxsdir. Oqtay Əsədov da bu bölgəni təmsil edir. Ramiz Mehdiyevin isə qərbi azərbaycanlılara münasibəti bəllidir. Digər tərəfdən Nizami Isgəndərovun əmisi Isgəndər Isgəndərov təhsil nazirinin müavinidir. Ramiz Mehdiyev uzun müddətdir ki, Misir Mərdanovu gözümçıxdıya salıb. Akademiklə təhsil nazirinin münasibətləri olduqca pisdir. Isgəndər Isgəndərovun təhsil nazirinə çox yaxın şəxs olduğunu nəzərə alsaq, deməli, o da Ramiz Mehdiyevin “qara siyahısı”nda olan şəxslərdən biridir. Bu halda Ramiz Mehdiyev necə razı ola bilər ki, “qara siyahı”ya saldığı bir şəxsin qardaşı oğlu ölkənin üçüncü şəxsinin köməkçisi olsun?
Oqtay Əsədovun bu məsələdə geri çəkiləcəyini söyləmək çətindir. Amma mümkündür ki, spiker Ramiz Mehdiyevlə konflikti dərinləşdirməkdən çəkinsin.

 

İnformasiya şöbəsi