Nə vaxtsa etiraf edəcəklərmi?

Bu ölkənin məəttəl qalası işləri varmış. Bizimkilər Irana qarşı etirazlarını öz ölkəsində yox, Ankarada bildirirlər. Prinsipcə, buradaca qeyri-adi bir şey yoxdur, bəli, harada azərbaycanlı varsa, orada Azərbaycanın maraqları var. Amma hər halda bir sual da o qədər də maraqsız deyil. Əcəba, görən, Bakı şəhərində Iranın səfirliyi yoxdurmu? Bəlkə buradaca etiraz etmək istəyənlər tapılmır? Vaxt vardı ki, Cənub və cənublular problemi ən aktual məsələlərin sırasında olurdu. Məşhur bir filmdə deyildiyi kimi: “Hanı o günlər?”. Bəli, o günlər artıq yoxdur, keçmişdə, 93-dən o tərəfdə qalıb. 
Bu məntiqlə bizim bu Iranla çox rəvan münasibətlərimiz olmalı idi, çünki daha “məsuliyyətsiz” və “qeyri-siyasi bəyanatlar” verən yoxdur. Amma varmı belə münasibət? Hə, sizlərdən soruşuram, Iranla aramızda qardaşlıq və dostluq münasibətləri və bir də tam anlaşma mövcuddurmu? Əfsuslar! Bunlar elə zənn edirdi və indi də elə düşünürlər ki, əvvəlki siyasət adamları tam naşı idilər. Amma zaman hər şeyi yerbəyer etdi. Fəqət, nə faydası? Etiraf edən yoxdur. Etiraf edənlər tapılsa, çox mətləblər etiraf edilməlidir. Mən indi bir məsələ haqda düşünür, amma cavab tapa bilmirəm. Bilirsiniz, nəyi nəzərdə tuturam? Görən, o vaxt hərəkatdakı ifrat radikalizm və populizm haradan qaynaqlanırdı? Bəs indi niyə bu, yoxdur? Bəlkə də ona görə ki, o vaxtın radikalları hakimiyyətdədir. Bir dəfə 20 Yanvar hadisələri haqda yazmışdım. O vaxtkı siyasi proseslərə ciddi təsir göstərən üç qüvvəni göstərmişdim: Xalq hərəkatı, L.Brejnevin nomenklaturası və bir də M.Qorbaçov nomenklaturası. Nomenklatura sözü sizi çaşdırmasın deyə, ərz edim ki, mən uyğun olaraq həmin dövrün məmur elitasını nəzərdə tuturam. Son nəticədə nə baş verdi? “Brejnevçilər” hamını məğlub etdi və siyasi, iqtisadi hakimiyyətə yiyələndi, indi düz on səkkizinci ildir ki, hakimiyyətin çələnglərini heç kimlə bölüşmürlər. Və mən indi köhnə radikallar haqqında düşünəndə ağlıma birinci L.Brejnev nomenklaturası və onları müdafiə edənlər gəlir. Bəli, onlar özlərinin dar hakimiyyət maraqlarını geniş regionçu müstəviyə keçirə bildilər, ölkənin iki güclü regionunu da bu prosesə qatmağa müvəffəq oldular. Son nəticədə hamı kənarda qaldı, eləcə də həmin iki region…
Mən bunları nəyə görə yazıram? Əvvəldə etiraf haqda danışdım. Bu da etiraflardan biridir, çünki biz hərəkatçılar da elə özümüz də bilmədən L.Brejnev nomenklaturasını hakimiyyətə aparan yolu təmizləməli olduq, bizim köməyimiz və elə iştirakımız ilə onlar geniş “siyasi prospekt”ə çıxa bildilər. Indi fikirləşirik ki, Irana qarşı etiraz aksiyasını niyə görə burada deyil, Ankarada keçirirlər? Bəlkə sadəcə, ona görə ki, burada icazə verilmir.

Konstitusiya uğrunda hərəkat realdırmı?

Eşitdim ki, Ictimai Palata yeni konstitusiya layihəsi hazırlamaq istəyir. Çox yerinə düşən təşəbbüsdür. Bu yaxınlarda Konstitusiyamıza nəzər yetirməli oldum. Ilahi, sənədi hansı vəziyyətə salıblar!.. Həm də qarşıdan 2013-cü il gəlir. Indi bir çox yerlərdə neomonarxiyaya qarşı hərəkatlar geniş vüsət alıb. Azərbaycanlılar da sözlərini deməlidirlər. Ona görə də ortalıqda təklif olmalıdır ki, insanlar söhbətin nədən getdiyini bilsinlər. Hətta mən bir detalı qeyd etmək istəyirəm ki, bəlkə 95-ci ilin Konstitusiyası ilə bağlı düzəliş və təkliflər haqqında danışmaq olardı, amma indi həmin sənədi elə vəziyyətə gətirib çıxarıblar ki, artıq söhbət düzəlişlərdən deyil, tam yeni bir sənədin hazırlanmasından gedə bilər. Əslində biz elə 93-cü ildə hakimiyyətə yeni konstitusiya layihəsi ilə gəlməli idik. Düzdür, onsuz da sonra dəyişəcək və öz bildikləri düzəlişləri edəcəkdilər. Amma bəlkə o vaxt yeni Konstitusiya və onun əsasında qurulan yeni münasibətlər olsaydı heç 93-cü ilin iyunu da olmayacaqdı?! Kim bilir?..

Kiçik sözardı

Bu sətirləri yazanda hələ də Mübarəkin gedişinin intizarında idik. Deyir, 60 il siyasətdə olmuşam, artıq yorulmuşam. Soruşan da yoxdur ki, kim səndən xahiş edir ki, hakimiyyətdə qalasan?! Hətta ABŞ da tələsdirir. Eşidəcəkmi?..