«YAP-ın kursu Azərbaycana xəyanətdir»

Yeganə Əmiraslanova: “Əli Əhmədovun olduğu partiyada özümü görmürəm”

«Korrupsiyaya bulaşmış qurumlar ifşa olunmalıdır»

 

ZƏRİF SİYASƏT

Rubrikamızın budəfəki qonağı deputatlığa keçmiş namizəd, Ictimai Palatanın üzvü, həmçinin bu yaxınlarda Gədəbəy rayonunda baş vermiş faciədə zərərçəkmiş ailənin hüquqlarının müdafiəçisi Yeganə Əmiraslanovadır. Bu xanım yaxın vaxtlara qədər hakim Yeni Azərbaycan Partiyasının üzvü olub. Ilk sualımız da elə keçmiş partiyası ilə bağlıdır…

– 2005-ci ildəki parlament seçkisinə YAP-ı dəstəkləyən, 2010-cu ildə isə artıq bu partiyanın üzvü kimi qatıldınız. Bu partiyaya üzv olmaqla seçkidə hakimiyyətin dəstəyini qazanmaq istəyirdiniz?
– Məqsədim konkret bu olsaydı, 2005-ci ildə YAP-a yazılardım. O zaman Gədəbəydə seçkinin nəticəsini ləğv etdirə bildik. Təkrar seçkiyə YAP-ın namizədi kimi qatıla bilərdim. Əslində heç bir partiyaya üzv olmamağımın əsas səbəbi özümü peşəkar jurnalist saymağımdır. Jurnalistin hansısa partiyaya mənsub olması onun fəaliyyətini daraldır. Seçkilərə il yarım qalmış YAP üzv olmağımı izah edə bilərəm. Sözün əsl mənasında reallıqla barışan insanam. Seçicilərim mənim üçün çox böyük mücadilə apardı. Təbii ki, bu, qarşılıqlı oldu. 2005-ci ildən 2010-cu ilə qədər seçicilərimdən ayrılmadım, onlarla daim təmasda oldum. Mənə 2005-2006-cı illərdən dəstək olan seçicilərimin xahişini nəzərə alıb, YAP-a yazıldım. Buna baxmayaraq müstəqil namizəd idim.

“Əli Əhmədovun olduğu partiyada özümü görmürəm”

– Seçkilərdən sonra statistika göstərdi ki, YAP-çı namizədlərə həmin dairədə yaşayan partiya üzvlərinin sayı qədər səs verən olmadı. Belə bir “nüfuzlu” partiyaya üzv olmaqla seçici səsi qazanmağa ümid edirdiniz?
– Bizim rayonda parlament seçkisi dövründəki fəallıq mənə görə idi. Seçki prosesini müşahidə edənlər deyirdi ki, burada başqa namizəd görünmür. Seçicilərimin xatirinə bu partiyaya üzv oldum. Amma YAP bizi qəbul etmədi. Çox yaxşı da etdi. O partiyada Əli Əhmədov kimi bu xalqa, millətə dəxli olmayan birisi var. Ən azı Əli Əhmədovun olduğu partiyada özümü görmürəm.

– YAP-a üzv olanda Əli Əhmədovu tanımırdınız?
– Tanıyırdım. O, bir fərddir.

“YAP-ı dəstəkləyənlər millətə xidmət etmirlər”

– Seçiciləriniz bu orijinal xahişi nə ilə izah ediblər?
– Seçicilər YAP-çı olduğumu önə çəkib məni aşkar müdafiə edirdilər. YAP Heydər Əliyev ideyasını dəstəkləyən bir partiyadır. Ancaq hesab etmirəm ki, partiya bu gün Heydər Əliyevin özünü dəstəkləyir. Əli Əhmədov başda olmaqla YAP-ın üzdə olan bir çox simaları millətə xidmət etmir.

“Sevinirəm ki, saxta seçkilərdə təyin olunmadım”

– Parlamentə düşə bilsəydiniz, Əli Əhmədovla bir partiyada qalacaqdınız yəqin ki?
– Parlamentdə təkcə mənim olmağımla xalqın qazandığını demək olmazdı. Bu baxımdan sevinirəm ki, saxta seçkilərdə təyin olunmadım.

– Təyin olunsaydınız mandatdan imtina edəcəkdiniz?
– Bir namizədin demokratik seçimi demokratik seçki demək deyil. Seçkinin nəticələri bu şəkildə davam etsəydi və mən seçilsəydim, bəli, imtina edəcəkdim.

“Bir ailənin özünü yandırması kifayət qədər ciddi faciədir”

– İctimai Palataya üzv olmusunuz. Keçmiş YAP-çı orada necə uyğunlaşır? 
– Bu gün ölkə daxilində baş verən hadisələrə reaksiyanın verilməməsi mənə ağır gəlir. Millət vəkili olmaq istədiyim rayonda vəziyyət daha bərbaddır. Bir ailənin özünü yandırması kifayət qədər ciddi faciədir. Gözləyirdim ki, dövlət başçısı fövqəladə müşavirə çağırsın, bu günə qədər rayonumuzda baş verən hadisələrlə bağlı icra başçısı, digər strukturların rəhbərləri cəzalandırılsın. Ancaq indiyə qədər heç bir ciddi tədbir görülməyib. Əslində cinayət işinin açılması da bizim üçün bir nailiyyətdir.

– Bir neçə il əvvəl müsahibələrinizin birində demişdiniz ki, ölkə xaricində bütün çıxışlarımın əsas mövzusu Azərbaycanın uğurları olub. Söhbət hansı uğurlardan gedirdi?
– Beş ildən artıq Dünya Azərbaycanlıları Konqresinin Bakı ofisinin rəhbəri olmuşam. O dövrdə Avropada keçirilən toplantılarda vurğulamışam ki, dünya azərbaycanlılarının üz tuta biləcəyi yeganə müstəqil dövlətimiz var. Həmişə demişəm ki, qüsurlarımızı ölkəmizdə deməliyik. Avropa, Amerika üçün Azərbaycan müzakirə obyekti olmalı deyil.

“İnsanlar Ictimai Palataya çox böyük ümidlərlə yanaşır”

– İctimai Palatadakı fəaliyyətinizi bundan sonra necə görürsünüz?
– Bu quruma sözün əsl mənasında çox böyük ümidlərim var. Onu vətəndaş cəmiyyətinin ümidlə baxdığı yeganə qurum hesab edirəm. Ictimai Palatanı təsis edənlərin üzərinə böyük məsuliyyət düşür. Ictimai Palata vətəndaşın ümid ümmanında son damladır. Cəmiyyət nə təkcə müxalifətdən, nə də iqtidardan ibarətdir. Orta təbəqə də var. Bunu nəzərə almaq lazımdır. Bu baxımdan çox istərdim ki, Ictimai Palata ictimailəşsin, bundan sonra siyasi hadisələrə daha fəal yanaşsın. Ətrafımda olan insanlar Ictimai Palataya çox böyük ümidlərlə yanaşırlar. Üzvü olduğum qurumun insanların qırılan ümidlərini doğruldacaq bir ünvan olacağına inanıram. Ictimai Palatanın ən ciddi işi prezidentə Mərhələli Islahat Proqramı təqdim etməkdir. Orada kifayət qədər aydın beyinlərimiz var. Düşünürəm ki, ən qısa zamanda belə bir proqram hazırlanıb təqdim olunmalıdır.

“Azərbaycan parlamenti saxtakarlıq nümunəsidir”

– Parlamentdəki qadınların fəaliyyətini necə qiymətləndirirsiniz?
– Bugünkü parlamenti saxta qurum aldandırıram. Azərbaycan parlamenti saxtakarlıq nümunəsidir. O üzdən heç bir şey gözləmirəm. Qoy, mandat qazanan qadınlar başlarını yalançı siyasətlə aldatmasınlar.

– Ümumiyyətlə, bu gün qadınların fəallığı Sizi qane edirmi?
– Allahın qadınların üzərinə qoyduğu ən ali haqq analıq haqqıdır. Ən çətin vəzifə də budur. Ən böyük siyasət ana olmaqdır. Kiminsə həyatı uğursuz ola bilər. Ancaq qadın olan kəs öncə Allahın onun boynuna qoyduğu haqq üçün mücadilə aparmalıdır. Bunun öhdəsindən gəlməyən qadının parlamentdə ailə məsələlərini müzakirə etməyə ən azı mənəvi haqqı yoxdur.

– Şeir də yazırsınız?
– Uşaqlıqdan yazıram. Ancaq son dövr şairə xanımlarımız o qədər çoxalıb ki, kitab çap etməkdən vaz keçdim. Şeir ali məqamdır. Içindən gələn hissləri şeirə çevirmək ilahi gücdür. Bu insanlar Tanrının seçilmişləridir.

“Bəzi verilişlərə baxanda həyatdan küsürəm”

– Cəmiyyətdə aşılanma gedir. Bu, artıq ciddi müzakirə predmetinə çevrilib. Fəal qadın kimi bunun səbəbini nədə görürsünüz?
– Özümüzü Qərbə oxşadırıq. Məsələn, bəzi proqramları Türkiyə telekanallarından tam köçürüblər. Xarici telekanallarda belə verilişlərə baxanda adamda o qədər də ikrah hissi doğurmur. Amma bu, Azərbaycan üçün xarakterik deyil. Bəzi verilişlərə baxanda xəcalət çəkirəm, həyatdan küsürəm.

– Cəmiyyətin bu həddə çatmasını nə ilə əlaqələndirmək olar?
– Deyirlər inkişaf edirik. Bunu da inkişafla əlaqələndirirlər. Millətin başını həm də belə qatırlar. Proqramlaşdırılmış, düşünülmüş bir strategiyadır. Hesab edirəm ki, bu, çox böyük iddialar sahibi olan məmurların işidir.

“Heydər Əliyev, əllərini Azərbaycandan çək”

– Dünyanın gündəmini ərəb ölkələrində baş verənlər zəbt edib. Məsələn, Tunisdə hadisələr bir göyərti satanın özünü yandırması ilə başladı. Təxminən eyni vaxtda Gədəbəydə haqsızlıqla üzləşən bir nəfər özünü və ailəsini yandırdı. Ancaq bizim cəmiyyət buna kəskin reaksiya vermədi. Səbəb nədir?
– Hüseynovların faciəsinə qədər Gədəbəydə üç belə hadisə olub. Tunisdə göyərti satanın göyərtisi cücərənə qədər çox proseslər getmişdi. Bizdə vəziyyət daha betərdi. Bu gün mənə qəribə gəlir ki, millətə niyə belə xidmət olunur. Millət buna layiqdirmi? Doğrudanmı prezident hesab edir ki, Azərbaycanda ciddi islahatlar aparılmamalıdır? Bölgələrdə vəziyyət çox bərbaddır. Gədəbəyin icra başçısı Kamran Rzazadə 1990-ci ildə Heydər Əliyevə “əllərini Azərbaycandan çək” deyən birisidir. Bir gün Əli Əhmədova dedim ki, bu şəxs rayona da, Heydər Əliyevə də xəyanət edən şəxsdir. O da cavabında dedi ki, “vaxtilə deyib, indi demir. Burda nə var ki?”. Indi siz təsəvvür edin ki, belə bir mövqenin sahibinə qarşı iqtidar haqlı bir tədbir görsə, o nələr deməz?!

“Korrupsiyaya bulaşmış qurumlar ifşa olunmalıdır”

– Sizcə, Ilham Əliyev Gədəbəydəki faciəyə niyə reaksiya vermədi?
– Əslində onun bu hadisədən xəbərinin olmamasının özü düzgün deyil. Dövlət başçısının hansısa kənddə 9-cu uşağın dünyaya gəlməsindən xəbəri olmaya bilər. Hesab edirəm ki, Ictimai Palata prezidentə müraciət etməlidir. Ölkədə korrupsiyaya bulaşmış qurumlar xalqın gözündə ifşa olunmalıdır. Vətəndaş ona edilən zülmə görə özünü yandırır. Olayı saxtalaşdırmaq üçün böyük çaba göstərirlər. Ancaq istədiklərinə tam nail olmadılar. Respublika Prokurorluğu cinayət işi açdı. Bununla belə nəticədən əmin deyiləm. Çünki rayonda buna bənzər hadisələr çox olub. Hər dəfə də rayonun icra başçısı çulunu sudan quru çıxara bilib. Görünür, çox böyük siyasətçidir…
Yeri gəlmişkən, fürsətdən istifadə edib sizin qəzetə təşəkkürümü bildirmək istəyirəm. Çünki ölkədə hüququ pozulan, haqqı tapdanan adamların ümid yerisiniz.

Fizzə Heydərli