Inqilab dərsləri

Vergi, gömrük və bir sıra başqa dövlət orqanlarına tapşırılıb ki, rüşvət almasınlar. Səbəbi “2+2″nin cavabını bilənlərə apaydındı. Hakimiyyət Tunisdə, Misirdə baş verən inqilablardan səksənib. Əlavə qıcıq yaratmamaq üçün iştahlarına bir az pəhriz veriblər. Tapşırığa yüksək səviyyədə əməl olunur. Əlaqə saxladığım dostlarım inanmıram ki, məni aldatsınlar. Onlar deyir ki, rüşvətlərinə yiyə duran yoxdur.

Rüşvətsiz Azərbaycan görməkdən daha gözəl bir bəxtiyarlıq yoxdur, ancaq bu hiyləni, xalqa qarşı riyakar planı anlamaqdan da böyük acı yoxdur.
Bir həftənin içində rüşvət adlı idbar hərəkətin Odlar Yurdundan yox olması bizə düşünmək üçün xeyli material verib. Bir sıra yalan-palanlar uçub töküldü bu günlərdə. Hansılardı, bir-bir çözək…

Birinci, bir daha bəlli oldu, balıq başdan iylənir. Deməli, “rüşvət bizim xalqın qanındadı”, “biz düzələn deyilik” kimi alçaq fikirlərin heç bir əsası yoxdur.

Görürsünüzmü, istək olanda bir günə rüşvəti əsaslı dərəcədə yox etmək mümkündür. Yetər ki, istək olsun. Bu arada M.Saakaşvilinin yaxınlarda verdiyi müsahibəni də xatırlatmaqda fayda var. Mişadan “siz rüşvətin kökünü necə kəsdiniz?” soruşduqda, o “sadəcə, rüşvət almamağımla” cavabını vermişdi.
Korrupsioner rejimlər özlərindən başqa hər kəsi günahkar çıxarmağa vərdişkardı. Biz onların nağıllarına inanacaq qədər sadəlövh olmaqdan utanmalıyıq.
Ikinci, çıxarılacaq ən mühüm nəticə budur: Hakimiyyətdəkilər kürsülərini itirməyin qorxusunu hiss edəndə insanlaşırlar, harınlıqdan, xalqı əzməkdən çəkinirlər. Onunçün əlini-qolunu sallayıb məhdud saylı müxalifət partiyalarını kənardan seyr etməyə son qoymaq lazımdır. Nəhayət, sıravi vətəndaş da anlamalıdır ki, müxalifətin güclü olması iri hədəflərə yetməklə yanaşı, birbaşa onun məişət problemlərinin həllinin asanlaşması deməkdir.
Uzağa getməyib 2005-ci ilin narıncı etiraz mitinqlərini xatırlayın. O zaman hakimiyyət dalbadal müxtəlif qrupların maaşını artırmaqda idi. Elə ki, etiraz aksiyaları səngidi, müxalifət zəiflədildi, o zaman hakimiyyətin əsl siması açıldı. Xalqa qarşı “barbarossa” planı işə düşdü; işığın, qazın, suyun daha nələrin qiyməti qaldırıldı…

Gələk sona… “Rüşvətdən pəhriz” effekt verəcəkmi? Xalqın mərhəmətini bununla qazanmaq mümkün olacaqmı? Xalqın əvəzindən danışmaq kimi çıxmasın, mən “yox” deyirəm. Bu addımın, hətta əks-reaksiya verəcəyi şübhəsizdi. Ona görə ki, əvvəla, insanlar, iş adamları rüşvətsiz həyatın necə gözəl, rahat olduğunu dərilərində hiss edəcəklər. Bu həzdən onları illərdir məhrum edənlərə qarşı ürəklərində daha köklü nifrət alovlanacaq…

Insanlarımız rüşvətsiz Azərbaycanın mümkünlüyünə inanacaq və onu çiçəkləndirənlərin başda oturduğunu biləcəklər. Həndəsə müəllimimiz deyirdi: “Məsələni başa düşmək, onu 50 faiz həll etmək deməkdir”. Bu baxımdan “Rüşvətdən pəhriz”in ciddi siyasi nəticələr doğurduğuna əminliyim böyükdür.

Məni düşündürən bir hadisə

“Eurovizion”çu Səfurənin YAP-a üzv olmaq istəyinin acısını yaşayıb qurtarmamış, növbəti xəbər gəldi. Səfurənin sələfi Aysel də YAP-a üzv olub. Bu gənc qızlar ya son dərəcə fədakardılar, ya da son dərəcədə siyasi korafəhm. Dünyanı inqilab bürüdüyü bir anda, YAP üçün əcəl zəngləri çalındığı bir ərəfədə bu partiyaya üz tutmağı başqa cür necə izah edəsən ki?