Hüquq müdafiəçilərindən hakimiyyətə mesaj

“Siyasi məhbuslar üzrə məruzəçi postu ləğv edilməlidir”

“Bu postun ləğv olunması üçün hökumət jiddi addımlar atmalıdır”

Novella Cəfəroğlu: “İstəmirik ki, Azərbaycan uçuruma getsin”

Avropa Şurası Parlament Assambleyasının son ssesiyasında iştirak edən Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı dünən səfərlərinin yekunlarına dair mətbuat konfransı keçiriblər. Hüquq müdafiəçisi Novella Cəfəroğlu Strasburq səfərinin uğurlu keçdiyini və budəfəki səfərləri çərçivəsində bir sıra zəruri görüşlər keçirdiklərini söylədi. Daha sonra son zamanlar mətbuatda ünvanlarına səslənən bir sıra ittihamlara aydınlıq gətirən N.Cəfəroğlu onları qərəzli adlandırdı. Azərbaycanda AŞ PA-ya daha çox hüquq müdafiəçisinin getməsinin ölkənin problemlərinin çözülməsi baxımından xeyirli olduğunu deyən N.Cəfəroğlu vurğuladı ki, onlar öz görüş proqramlarını səfərdən bir ay əvvəl müəyyənləşdirmişdilər və proqrama uyğun da hərəkət ediblər: “Yerli mətbuatda bizə qarşı ittiham səslənir ki, bəs biz nəyə görə digər hüquq müdafiəçiləri ilə görüşməmişik, amma Səməd Seyidovla çay içmişik. Bəli çay içmişik. Həmin vaxt orada Aydın Abbasov, Rövşən Rzayev, Qənirə Paşayeva da var idi. Biz AŞ PA-ya beş ildir gedirik və beş ildir ki, onlarla görüşüb problemləri müzakirə edirik. Dəfələrlə siyasi məhbus problemini, Eynulla Fətullayevin azadlığa çıxmasını müzakirə etmişik. Biz hüquq müdafiəçilərinin, iqtidarın, müxalifətin iştirak etdiyi bir dialoqun alınmasını istəyirik. İstəmirik ki, Azərbaycan uçuruma getsin”. L.Yunusun onların AŞ PA-ya səfərinin iflasa uğraması ilə bağlı fikri ilə razılaşmayan N.Cəfəroğlu vurğuladı ki, onların fəaliyyəti Azərbaycanın maraqlarına uyğundur. “Qoy Leyla Yunus desin özü nə iş görüb, biz də deyək biz hansı fəaliyyətlə məşğul olmuşuq”, deyə N.Cəfəroğlu vurğuladı.
Hüquq müdafiəçisi Səidə Qocamanlı isə bildirdi ki, hər zamanın öz tələbləri var. Hər bir hüquq müdafiəçisinin vəzifəsinin insanların pozulan haqlarını bərpa etmək, jəmiyyətin maraqlarını təmin etmək olduğunu deyən S.Qocamanlı qeyd etdi ki, onlar bu baxımdan şərəfli tarixi var: “Hüquq müdafiəçisi olmaqla heç də insana hüquq vermir ki, mətbuatda istədiyini danışasan. İndi tamamilə başqa zamandır. Problemləri bir masa arxasında oturub müzakirə edərək çözmək lazımdır. S.Qocamanlı eyni zamanda onu vurğuladı ki, o, mətbuatda bu cür xoşagəlməz müzakirələrin davam etməsini arzulamır: “Vətəndaşların hüquqlarının müdafiəsi, curnalist Eynulla Fətullayevin, “Yeni fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin və digərlərinin azadlığa buraxılması ilə bağlı mövqeyimizi AŞ PA rəhbərliyinə çatırmışıq. “AQO” qrupunun rəhbəri ilə də görüşmüşük. Buradakı ədabazlara isə demək istəyirəm ki, işləri ilə məşğul olsunlar”. Hələ siyasi məsələlər üzrə xüsusi məruzəçi K.Ştrasserin təyin olunması zamanı bu addıma etiraz etdiklərini xatırladan S.Qocamanlı bildirdi ki, zaman K.Ştrosserin fəaliyyətinin heç bir effekt vermədiyini göstərdi: “Qış sessiyası zamanı onunla dəfələrlə görüşmək istəsək də, imkan yaratmadı. İki il öncə də bu şəxs siyasi məhbuslar üzrə məruzəçi təyin olunanda və ümumiyyətlə, belə bir post təsis olunanda biz etiraz etmişdik. Çünki Kristof Ştrasserin Azərbaycanla bağlı məlumatı yoxdur, bir dəfə də olsun öz işi ilə bağlı Azərbaycana gəlməyib. Həmçinin, biz o zaman etiraz etdik ki, bəyəm, Ermənistanda, Gürcüstanda, Rusiyada siyasi məhbus yox idi. Bu fikirlərimizə görə bizi burda topa tutdular. İndi bizim dediyimiz olub”.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə qeyd etdi ki, iyunda Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri AŞ PA-nın yay sessiyasından bir neçə gün əvvəl bu qurumda Azərbaycanla bağlı keçirilən müzakirələrə qatılacaqlar: “Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin səlahiyyət müddəti apreldə sona çatdığından, yeni məruzəçinin təyin olunması gözlənilir. Hesab edirəm ki, hökumət bu barədə düşünməli və bu postun ləğv olunması üçün ciddi addımlar atmalıdır”.
Xəyal