Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hər kəsin bildiyi həqiqətin yarısını Misirin Hüsnü Mübarəkinə ünvanladı, “bu dünyadan kəfəndən başqa heç nə aparmayacağıq” deyə.
Ancaq tiranların xalqdan oğurladığı var-dövləti “kəfənə qədər” arın-arxayın yemədikləri də par-par parıldayan tarix olaraq göz qamaşdırır. Iran şahı devriləndən sonra xalqından çırpışdırdığı 65 milyardlıq varidatın üstünə həbs qoyuldu, övladları qürbətdə intiharlarla ömürlərini başa vurdular; pul Pəhləvi ailəsini xoşbəxt etmədi.
Dünyanın ən məşhur diktatorlarından biri Franko “kəfənə qədər” uzun və məşəqqətli bir ölüm yolu keçdi. Hakimiyyəti bölüşdürmək üçün Frankonun bir neçə ay sağ qalmasına çalışan oliqarxlar – diktatorun inandığı “ən yaxın çevrəsi” onu ölməyə qoymurdu: həkimlər Frankonun üstündə aylarla cərrahiyyə əməliyyatı apardı. Sonda göz yaşlarını saxlaya bilməyən birinci xanım “imkan verin ərim ölsün, bu qədər əzab yetər” deyə nalə çəkdi. Çünki diktator cərrahların davamlı bıçaq müdaxilələri altında dəhşətli ağrılar çəkirdi.
Elə həmin dəhşətli ağrılarla da öldü!
Sivil dünyanın sığınacaq vermədiyi Ben Əlinin də beynəlxalq banklardakı külli miqdarda vəsait saxladığı hesabları dondurulub, ölkədə “Əli nəvələrinə” məxsus obyektlər hamısı dağıdılıb. Özüylə cəmi 1,5 ton qızıl apara bilib Səudiyyə Ərəbistanına: ömrünü qürbətdə, saray məhbusluğunda “qızıl teştin” içində başa vuracaq – əgər bu da qismət olsa!
Hazırda Misir fironunun 55 milyardlıq varidatı müzakirə mövzusu. Şübhəniz olmasın, o da dondurulacaq və Misir büdcəsinə qaytarılacaq.
Bütün diktatorların aqibəti eynidir – taladıqları gözlərindən gəlir, aşlarına tökdükləri qaşıqlarına çıxır, xalqdan oğurladıqları varidat özlərinin və övladlarının təminatçısı əvəzinə, bəlasına və qatilinə çevrilir.
Bu, dünyanın mistik və qızıl qanunudur.
Ərdoğanın demədiyi “yarım” bu idi.
Ictimai Palatanın diqqətinə!
Ölkənin talanması, çapılması, Azərbaycanın xaraba qoyulması hamının gözü qarşısında hər gün, hər saat, hər an davam edir. Hakimiyyəti Sizlər məndən daha yaxşı tanıyırsınız.
Ona görə vətəndaşları da, ölkənin gələcəyini də Siz qoruyun, hakimiyyətin hər gün cəmiyyətin içinə basdırdığı və qiymət artımları ilə fitil qoyduğu sosial minaların partlamasına imkan verməyin!
Bir model təklif edirəm: Ictimai Palataya yığışan insanların əksəriyyəti hüquqşünaslardır, imkanları, intellektləri, qabiliyyətləri var: Oğuz-Qəbələ-Bakı su kəmərindən tutmuş yol çəkilişlərinə, körpülərə, qaçqın şəhərciklərinə, “Ağ şəhər”, “Qış bulvarı” və sairə qədər – saymaqla bitməyən bu layihələrdəki gözgörəti korrupsiya faktlarını məhkəməyə verin; Azərbaycan məhkəmələri minlərlə bu cür hüquqi çəkişmələri çözməklə məşğul olsun, beynəlxalq təşkilatlar, aparıcı qəzetlər də dəstək versin.
Bir mərkəzdən idarə olunan minlərlə iddia – korrupsionerlərin cəzalandırılması, rüşvətxorların tutulması, büdcəyə və əhaliyə vurulan maddi ziyanların kompensasiyası! Dəyişikliyin qansız-qadasız, hüquqi-iqtisadi yolu!
Nə deyirsiniz?!