Del Boskedən Mourinyoya rədd cavabı

Luiş Fiqu da “Real”ın təklifini qəbul etmədi

 

Bir çox yığma komandalar kimi, sonuncu dünya və Avropa çempionu Ispaniya da fevralın 9-da yoldaşlıq oyunu keçirəcək. Kolumbiya ilə keçiriləcək yoldaşlıq görüşündə “Real”ın futbolçularına istirahət verilməsi üçün Madrid klubunun baş məşqçisi Joze Mourinyo Ispaniya milli komandasının çalışdırıcısı Visente Del Boskeyə müraciət edib. Lakin “Real”ın futbolçularını 90 dəqiqə oynadacağını deyən Del Boske Mourinyonun təklifini rədd edib.
“Heyətə cəlb olunan bütün futbolçular var gücü ilə oynamalıdır. Çünki bu, milli komandadır. Əlbəttə, hər hansı futbolçunun zədədlənməsi bizi də narahat edir. Bununla belə, onlar yığma üçün əlindən gələni etməlidirlər”, – deyə Del Boske bildirib.
Bu arada “Real” rəhbərliyi komandanın sabiq futbolçusu Luiş Fiquya Joze Mourinyonun köməkçisi olmaq təklifilə müraciət edib. Məlumata görə, Mourinyo “Real”la müqavilə imzalayarkən onun köməkçisi postunu həmyerlisi Luiş Fiqunun tutacağını şərt kimi qoyub. Ancaq Luiş Fiqu “Real”ın prezidenti Florentino Perezlə problemlərinin olduğunu əsas gətirərək, bu təklifi qəbul etməyib.
Xatırladaq ki, Luiş Fiqu karyerası ərzində “Barselona”, “Real” və “Inter” kimi klubların formasını geyinib. O, “Real”dan “Inter”ə transfer olunarkən ispaniyalı azarkeşlərlə vidalaşmamışdı. “Real”ın prezidenti Florentino Perez isə futbolçunun bu hərəkətini “mədəniyyətsizlik” adlandıraraq onu tənqid etmişdi.