«Azəryolservis»in şefi yolların dağılmasının səbəblərini niyə açıqlamır?
“Azəryolservis”in rəhbəri deputat Cavid Qurbanov yenə də yolların dağılmasından danışıb. Cavid Qurbanov bildirib ki, yeni tikilən yolların tez dağılması iri tonnajlı maşınların hərəkəti ilə bağlıdır. “Azəryolservis”in şefi iddia edib ki, buna qarşı ciddi tədbirlər görülür.
Cavid Qurbanovun söylədiklərində müəyyən qədər həqiqət payı var. Lakin o, yolların dağılmasının əsas səbəbini gizlədib. Əsas səbəb bitumun keyfiyyətsizliyi ilə bağlıdır ki, mütəxəssislər də təsdiqləyir. Hətta yol idarələrinin müdirləri də bitumun keyfiyyətsiz olmasını bir neçə dəfə Cavid Qurbanovun diqqətinə çatdırıblar. Sadəcə bitum Azərbaycan Dövlət Neft Şirkətindən alındığına görə “Azəryolservis” şefi bu faktı açıqlaya bilmir. Məlumatlara görə, Cavid Qurbanov tabeliyində olan şəxslərə də bu məsələ barədə danışmamağı tövsiyə edib. “Məni Rövnəq Abdullayevlə düşmən etməyin” deyə o, bildirib.
Bir qədər də iri tonnajlı maşınlar barədə. Doğrudur, yolların dağılmasının bir səbəbi də budur. Amma Cavid Qurbanov niyə demir ki, bu iri tonnajlı avtomobillər kimə məxsusdur? Niyə neçə illərdir ki, bu problemin əlində aciz qalıblar? Bu sualları cavablandırmaq “Azəryolservis”in şefinə sərf etmir. Axı Cavid Qurbanov deyə bilməz ki, həmin iri tonnajlı maşınlar hakimiyyətdəki oliqarxlara, o cümlədən onun özünə məxsusdur. Bakıda iri tikinti layihələrini həyata keçirən Cavid Qurbanov, Ziya Məmmədov, Kəmaləddin Heydərov və digər məmurlar deyilmi? Deməli, yolları dağıdan da elə məmurların özləridir. Dağıdırlar, sonra yenisini tikirlər və bununla da neft pullarını talan edirlər. Bəs Cavid Qurbanov işçisi Xəqani Kazımovun oğluna 160 min manatlıq “Porşe”ni hansı pulla bağışlasın?!
İnformasiya şöbəsi