Çanaq antenalardan qoruyucu forma

Sovetdən qalan tramvay relsləri, qaz, su boruları, qazan, samovar, manqal… xülasə, hər növdə olan metal əşyalar ölkədən yığışdırılıb xaricə satıldı. Sanki millətə illər öncə bu metal alış-verişi ilə xəbərdarlıq edilirdi ki, bir azdan ölkədə nə getməyə iş yeriniz olacaq, nə də bişirməyə bir şey tapacaqsınız: dörd divar arasında boş-bekar oturmağa, aclığa hazır olun. 
Xaricə qəpik-quruşa satılan metal “tullantılar”dan əcnəbi biznesmenlər qapı-pəncərə, hamam avadanlıqları, mətbəx əşyaları, peyk antenaları… düzəldib, dükan-bazarlarımıza doldurdular. Biznesmenlər satdıqları mallardan qaz vurub qazan doldurur, amma ölkə əhli qazanda qaynatmağa daha su da tapmayacaq. Fevralın 1-dən Azərbaycanda suyun qiyməti iki dəfə qalxdı. Amma hökumət suyun qiymətini qaldıranda ölkədəki qanlı ölümləri nəzərə almadı. Cənablar, guya bilmirsiniz ki, divarlara çilənən, yerə tökülən, yorğan-döşəkdəki insan qanını yumaq, ört-basdır etmək üçün xeyli su işlədilir? Guya bilmirsiniz ki, sayənizdə Əzrayılın vəzifəsini manyak Qəssablar icra edir: adamları qoyun-quzu kimi doğrayıb çarpayının üstünə, zənbilin içinə, maşının baqajına… yığırlar. Tarif Şurası da doğranmış insan tikələrinin bolluğundan ilhamlanıb suyun qiymətini qaldırır. Maraqlıdır, Tarif Şurası dünya ölkələri ilə müqayisədə suyumuzu ucuz sayır, yoxsa qanımızı? Suyu vedrə ilə daşıyan əhali israfçıdır, yoxsa boru ilə nefti xaricə axıdanlar? Yəni, hökumət bilmir ki, bu millət qanından və əsəblərindən başqa hər şeyi qənaətlə işlədir?
Camaatın qara günləri bəs deyilmiş kimi, indi də peyk antenaları üzərində Rabitə Nazirliyinin qara buludları dolaşır. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qara səmada qəfildən görünüb və ildırım kimi çaxıb: “Ölkə əhalisinin 60 faizi xarici telekanallara baxır. Rəqəmsal yayıma keçəndən sonra çanaq antenaları zorla yığışdırılacaq”. Əlbəttə, yığışdırılar! Əgər əhalinin 40 faizi Vətəni ayağı ilə, 60 faizi fikri ilə tərk edibsə, demək, ölkə vətəndaşsız, AzTV tamaşaçısız qalıb. Əksəriyyəti “bir həsir, bir də Məmmədnəsir” olan ölkə əhalisi damında ağaran çanaq antenaya xilaskar mələyi kimi baxır. Hətta eləsi var ki, damında, eyvanında 3-4 “mələyi” var: birinin üzünü Avropaya, o birinkini Rusiyaya, digərini isə Türkiyə tərəfə çevirib.
Beynimdəki ekstrasens qurdlar oyanıb deyir ki, məmurlar ölkədən qaçmaq üçün peyk antenaları yığışdırmaq istəyirlər: çanaq antenalardan özlərinə zirehli geyim düzədəcəklər. Yaralanmadan qaçmaq üçün ən azı 3 çanaq lazımdır. Tezliklə aeroport yolunda belində, sinəsində və başında çanaq daşıyan, əlləri diplomatlı, ayaqları rolikli məmurların qaçış yarışı başlayacaq. Amma kimdir onlara çanağını verən? Elə ki, peyk antenalardan istifadəyə qadağa qoyuldu, ailə başçıları dama çıxıb halal malına sahib çıxmalıdır: antenanı damdan “bismillah” edə-edə açıb evə aparsınlar. Xanımlar da antena üzərindəki ağ boyanı qəşəngcə qaşıyıb, təmizləyib sac etsin: qabarıq üzündə yuxa, qutab bişirsin, çökək tərəfində ət qovursun, şabalıd, qarğıdalı… partlatsın. Ya da ki, antenalardan balacalar üçün nənni düzəltsinlər. Bu, həm də 21-ci əsrin analoqu olmayan nənnisi sayılar: antenanın qıraqlarına mavi lampalar düzüb, çilçıraq yerinə asmaq olar. Ora ən dəcəl körpəni də qoysan pişik kimi yatar. Hətta arada hirslənən ataları da sakitləşdirmək üçün çanaq nənnidə yelləmək olar: əlinə balta alıb, ayı kimi nərildəyən kişini qadın iki-üç dəfə sağa-sola yelləsə, o, quzu kimi mələyəcək. Ən yaxşısı isə qonum-qonşular “krosna”larını bir-birinə qaynaq edib məhəllədə xeyir-şər “besedka”ları düzəltsinlər. Yəqin ki, peyk “besedka”lardan bütün dünya millətin dərdli üzünü görər, kədərli söhbətlərini eşidər…