Heydər Əliyev adına park 500-dən çox ailəni didərgin saldı
Polis insanların qarşısını kəsməyə cəhd etsə də, nəticəsi olmadı
Məmur-oliqarxların apardığı siyasət nəticəsində minlərlə insan evlərindən didərgin düşüb. Təkcə 2010-cu ildə iki böyük hadisəni xatırlamaq kifayətdir. “Qış bulvarı” layihəsi və “Mur-Ay” MMC-nin fırıldağı mindən çox vətəndaşı didərgin etdi. Artıq proses Bakının kəndlərinə də keçib. Belə ki, söküntü-dağıntı paytaxtın Buzovna qəsəbəsini ayağa qaldırıb.
Söküntü ilə bağlı rəsmi sənəd, bildiriş verilməyib
Əsasən Rasim Imanov və Güloğlan Məmmədov küçələrinin sakinləri evlərindən, dükan və qarajlarından olacaqlar. Qərar qətidir. Qərarın dəyişilməyəcəyinə artıq heç kim şübhə etmir. Çünki adıçəkilən ünvanda Heydər Əliyev adına park salınır. Sakinlər üzləşdikləri problemlə bağlı aidiyyəti qurumlara müraciət edib özbaşınalığa son qoyulmasını tələb edirlər. Amma onları dinləyən yoxdur. “Azadlıq”a açıqlama verən sakinlərin bildirdiyinə görə, parkın salınması 500-dən çox ailəni bütün var-yoxlarından məhrum edəcək: “Söküntü işinin tez başlanması üçün icra hakimiyyəti, bələdiyyə, ”JEK” vətəndaşlara müxtəlif üsullarla təzyiqlər edir. Vaxtaşırı evlərin işığını, qazını, suyunu kəsirlər, kanalizasiya sistemlərini dağıdırlar. Bütün baş verənlər barədə bizə nə rəsmi sənəd, nə də bildiriş təqdim olunub. Bundan əlavə, kompensasiyanın verilməsi barədə də heç nə deyilmir”.
Artıq “Zuğulba ticarət evi” və onun ətrafı dağıntılara məruz qalıb. Sakinlərin bildirdiyinə görə, iki gün öncə onlara heç bir xəbərdarlıq olmadan park üçün aidiyyəti ünvanı sökməyə başlayıblar: “Qeyri-rəsmi məlumatlara görə, tapşırığı ölkə başçısının köməkçisi Əli Əsədov verib. Dedikləri budur ki, icra hakimiyyətinin qarşısında dükan, qaraj ola bilməz. Yalnız Heydər Əliyevin parkı olmalıdır. Ərazini sökənlər heç bir hüquqi sənəd göstərmirlər. ”Zuğulba ticarət evi”nin yan-yörəsinin özəlləşdirilməsi üçün çoxlu vəsait xərcləmişik. Bütün işləri qayda-qanunla görmüşük. Fəaliyyətimizdə heç bir qanunazidd hərəkət yoxdur. Gəlib sənədlərimizi yoxlaya bilərlər. Deyirik ki, mülklərimizi bazar qiymətinə dəyərləndirib, kompensasiya ödəyin, heç kəs buna məhəl qoymur”.
“Yuxarı”nın xəbəri olmadan daşı-daş üstünə qoymaq olmaz
“Evlərimizi tikəndə bələdiyyədən icazə almışıq. Onlara pul ödəyib hansısa yerdə məskunlaşmışıq. Hamıya gün kimi aydındır ki, bu ölkədə ”yuxarı”ların xəbəri olmadan kimsə daşı-daş üstünə qoya bilməz. Indi bizə deyirlər ki, konpensasiya olmayacaq. Bu qədər xərclədiyimiz pullar, əziyyətimiz necə olsun? Axı bu ölkədə insanların haqqını kimsə tanımalıdır? Biz hamımız Azərbaycan vətəndaşıyıq. Heç kəs başqa ölkədən, ya da hansısa planetdən gəlməyib” – deyən sakinlər öz haqlarını tələb edirlər.
Qəsəbənin sakinləri haqlarını sona qədər qoruyacaqlarını deyirlər: “O qədər pulumuz yoxdur ki, kimlərinsə dediyi ilə razılaşaq. Kimsə özünə bir koma, kimsə də kiçik bir dükan düzəldib ki, beş-on manat pul qazansın. Indi bunu da bizə çox görürlər”.
Əli hər yerdən üzülən sakinlər ölkə başçısının iqamətgahına gedən yolu bağlayıb. Polis mane olmağa çalışsa da, insanların haqlı narazılığı qarşısında duruş gətirə bilməyib. Təxminən 30 dəqiqə yol bağlı qalıb. “Biz haqqımızı tələb edirik. Əlimizdən nə gəlirsə, onu edəcəyik. Sözümüz eşidilməyincə aksiyalarımız davam edəcək”.
Ramin DEKO