“Azadlıq üçün verilən mücadilə azadlıqdır”

Tunisdə rep ritmlərilə başlanan inqilab havası dalğa-dalğa ərəb ölkələrinə yayılır. Uzun illər qapalı dairədə əzilən milyonların insanlıq savaşı başlanır. Misir, Yəmən, Iordaniya, Əlcəzair, Suriya… Siyahının uzanacağına şübhə yox. Əsrin ikinci onilliyi azadlıq mübarizəsi aparan insanlar üçün yeni bir yolun başlanğıcı olacaq kimi görünür. Artıq bu ruh qarşısında diktator dirənişləri, qorxu, qadağa, ölüm də gücsüz və aciz görünür. Meydanları dolduran milyonların hayqırış və azadlıq nəğmələrindən yer-göy titrəyir. Nə küçələrə tökülən zirehli tanklar, nə də ölüm gətirən güllə səsləri insan kimi yaşamaq istəyənlərin gözündə deyil…

Bütün bu baş verənləri ardıcıl yayımlayan “Euronews”u izləyərkən, yaxın zamanlarda elə bu kanalda dinlədiyim bir meksikalı musiqiçinin söhbətini xatırlayıram. Öz ölkəsində opera və folklor musiqisinin əvəzsiz ifaçısı Rolando Villazonun məni heyrətləndirən əsas tərəfi onun sənətkarlığı deyil, insan azadlığı haqqında düşüncələriydi. Aparıcının “özünüzü azad hesab edirsinizmi?” sualına musiqiçi belə cavab vermişdi: “…Meksikalı yazar Karlos Fuentes deyirdi ki, ”azadlıq üçün verilən mücadilə azadlıqdır”. Bizim də insan olaraq azadlıq üçün savaşmamız lazım. …Insanlıq nə qədər mədəni, psixoloji, bioloji və genetik olaraq çeşidli faktorlarla açıqca müəyyən olunmuş olsa da… Insanlıq savaşacaq… Əgər azadlıq üçün savaşmaq azadlıqsa, bəli, mən azadam”.
Bizə çox uzaq bir xalqı təmsil edən bu gənc musiqiçinin fikirləri və qibtə olunacaq intellekti ilə ekranları ucuzlaşdıran müğənnilərimizin dayazlığının müqayisəsini aparıb kiminsə qanını qaraltmaq istəmirəm. Görünür, azad olmaq elə bir dəyərdir ki, insanda insanlıq fəlsəfəsi, ləyaqət, qürur deyilən şey öz-özünə formalaşır. Nə oxuduğun qalaq-qalaq kitablar, nə bitirdiyin yüksək universitetlər, nə gəzdiyin ölkələr sənə o dəyəri verə bilməz. Əgər azadlığın yoxsa və onu düşünmək ağlının ucundan belə keçmirsə, kimsə səni o köləlikdən xilas edə bilməz.

Kim bilir, bəlkə azadlıq böyük bir qanqallıq və tikanlıq arasında açmış gözəl bir çiçəyi dərmək kimi əziyyətli olduğu üçün çox çəkici görünmür… Bəlkə, bu, yaşamaqla bioloji mövcud olmanın fərqini belə ayırd edə bilməyənlərin özünü qoruma instinktindən doğur elə…
Misirdə 11-ci gündür insanlar ölüm-dirim savaşı verir. Xalq 30 illik totalitar rejimə son qoymaq naminə yüzdən artıq qurban verib. Amma meydandakı yerini tərk etmək, geri çəkilmək barədə düşünən kimsə yox. Təhrir meydanında xalqın gücü qalib gələcək, buna şübhə ola bilməz. Misir nümunəsi bütün dünyadakı insanlar üçün stimuldur, örnəkdir.

Bir ömür qorxularına qısılıb yaşayan varlığa insan deyilməz. Insanlığa qarşı ən mürtəce qaydaların tətbiq olunduğu bir yerdə səssiz-səmirsiz dayanıb, hər gün günəşin çıxıb-batmasını gözləmək ölümü gözləyən ömürlük məhbusun halına bənzəmirmi?

Azərbaycandakı rejimlə Misir rejiminin bənzərlikləri çox yaxındır. Şübhəsiz ki, iki ölkə başçısını doğmalaşdıran da bu oxşarlıqlardır. Əslində, dünyadakı bütün diktatorlar bir-birinə bənzədiyi kimi, azadlıq və ləyaqət mübarizəsi aparan insanlar da bir-birinə bənzəyir. Bu gün bizi Təhrir meydanında dayanan milyonlarla birləşdirən bir şey var – ləyaqətli cəmiyyətdə yaşamaq arzusu. O meydandakı milyonlarla misirli kimi, qorxuların və iddiaların üstündən keçib çiyin-çiyinə dayana bildiyimiz gün bizim də arzumuz gerçəkləşəcək.