Açaram sandığı, tökərəm pambığı…

Ağ pambığı becərəndə, yığanda
Gəlməyəsən heç zavala, Novella.

Bu, köhnələrin yadında qalan bir mahnıdandır. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella xanım da bu mahnını bilməmiş deyil. Mahnı “ağ qızıl” ustası Sürəyya Kərimovaya həsr olunub. Adamları qul kimi işlədən sovet hökuməti onlara mahnı qoşmağı da yaddan çıxarmırdı. Mahnının “Əməyin azad, diləyin azad, ay ellər qızı, bu şən ölkəmin bəxtəvər qızı” hissəsi də vardı. Bütün azadlıqların boğulduğu, tapdandığı, adamlarla kölə kimi davranıldığı ölkədə pambıqçı azadlığına mahnı qoşurdular…
Niyə xatırladım. Hüquq müdafiəçisi Leyla Yunusun “özünə hörmət edən hüquq müdafiəçisi dövlətdən mükafat qəbul etməməlidir” sözlərinə son çağlar hüquq müdafiəçisindən daha çox hakimiyyətin sözçüsü kimi çıxış edən Novella Cəfəroğlu sərt münasibət bildirib. Məsələ belədir ki, keçmiş müxalifətçi, indiki iqtidarçı deputatlardan biri müstəqilliyimizin 20 illiyi münasibətilə N.Cəfəroğluya prezident təqaüdü verilməsini parlamentdə təklif kimi irəli sürüb. Hüquq müdafiəçisi N.Cəfəroğlu da qəzetlərə açıqlamasında belə bir təqaüd verilərsə, imtina etməyəcəyini deyib. Başqa bir hüquq müdafiəçisi Leyla Yunus da buna yuxarıdakı reaksiyanı verib.
Bəlkə də üstündən keçmək, məsələyə iki nəfərin münaqişəsi, söz savaşı kimi baxıb boş vermək də olardı; AŞ PA-dan qayıdan üçlük (Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı) mətbuat konfransı keçirib Azərbaycana siyasi məhbuslar üzrə məruzəçinin gərək olmadığını deməsəydilər.
Azərbaycan dərdlərini, problemlərini qabartmaq üçün xaricilərlə deyil, Səməd Seyidovla müzakirələr aparmalarını normal hal kimi gözümüzə soxmasaydılar. Kimsə Səməd Seyidovla hər hansı məsələnin müzakirəsinin əleyhinə deyil. Amma bu görüşü Bakıda da keçirmək olar. Özünün, yaxud özgələrin (donorların) hesabına Strasburqa gedib antidemokratik rejimin qulu, sözçüsü olan adamla siyasi məhbuslarla bağlı “müzakirələr” aparmaq ən azı elə o məhbusları ələ salmaqdır…
Əslində bu adamları heç qınamalı da deyil. Əsl qınanılası bizik – jurnalistlər, qəzetlər. Hər şey gözümüzün qarşısında baş verir, kimin kim olduğunu biz başqalarından daha yaxşı bilirik, amma yenə də onlara meydan, tribuna veririk…
Qabaqlar onlar bir qədər çox idilər. Asıb-kəsirdilər. Odlu-odlu danışır, siyasi dustaqlara görə hakimiyyəti tənqid edirdilər. Işçi qrupda birləşən kimi vətənpərvər oldular. Azərbaycanın, müsəlmançılığın təəssübkeşinə çevrildilər. Dostlarından biri – Çingiz Qənizadə indi onlarla deyil, başqa əqidədaşlarının yanındadır. Yeri gəlmişkən, Novella Cəfəroğlu hələ AŞ PA-ya getməzdən qabaq “Ayna” qəzetinə müsahibəsində siyasi məhbuslar üzrə məruzəçi məsələsinə toxunmuşdu: “Yalnız müsəlman ölkəsi olan Azərbaycana məruzəçinin təyini istər-istəməz qıcıq yaradır. Prezidentin yerinə olsaydım, mən də məruzəçini ölkəyə buraxmazdım”. Bu sözləri hüquq müdafiəçisi deyir. Həm də sanki vətənpərvərliyi aşıb-daşan birisi. Yaxşı ki, onun yerində deyilsiniz, Novella xanım…
Əslində bu, Novella xanımın dedikləri, eyni zamanda hakimiyyətin başqa bir rektor-sözçüsü Səməd Seyidovun dediklərinin təkzibidir, yalanının üzə çıxarılmasıdır. Yadınızdadırsa, siyasi məhbuslar üzrə məruzəçi Ştrasser demişdi ki, onu Azərbaycana buraxmırlar. Bunun cavabında Səməd Seyidov onun dediklərinin yalan olduğunu bildirmişdi. Səməd Seyidovla Strasburqda çay içməyin belə acı nəticələri də olur…
“Getmək istəyirsən, bəhanəsiz get” – bu da başqa bir mahnıdandır…