Sumqayıt olayları: vəkillərin müəmmalı ölümü

Onun vəkilləri Moskvadan qayıdan kimi ölürdülər

Öldürülmüş adam Sibirə necə gedə bilərdi?

 

Yazıçı Anar Əhməd Əhmədovun qardaşına nə dedi?

əvvəli ötən saylarımızda

Sumqayıt, 2011-ci il yanvar… Əhmədin ata evi… Qardaşı Əhmədağanın dediklərindən:
Əhməd barəsində çıxarılan ölüm hökmünün icra olunması barədə ailəsinə məktub göndərilsə də, bunu təsdiq edəcək heç bir dəlil-sübut ortada yoxdur. Adətən, güllələnmə hökmü yerinə yetiriləndə qanunla bu faktı sübut edəcək foto, eləcə də pal-paltarı həmin adamın ailəsinə göndərilir. Əhmədağa qardaşının güllələnməsi ilə bağlı onlara göndərilən məktubdan başqa hər hansı sübutun olmadığını deyir. Qeyd edək ki, məhz bu səbəbdən ötən müddətdə Əhmədin barəsində çıxarılan güllələnmə hökmünün icra olunmaması, hətta kimlərinsə dilindən onun sağ olduğu barədə müxtəlif söz-söhbətlər yayılıb. Əhmədağa bizimlə söhbətində onlara da əvvəllər belə məlumatların daxil olduğunu bildirir: “Məhləmizdə Əhmədin tay-tuşu olan bir nəfər vardı, o da qardaşımın güllələnmə xəbəri yayılanda türmədə yatırdı. Arada azadlığa çıxmışdı, indi yenə türmədədir. Deyirdi ki, türmədə Əhmədin Butırka türməsindən Sibirə aparılması, hətta kiminsə onunla qonşu vaqonda söhbətini eşitdiyini deyirdi. O, türməyə bir də qayıdanda bu xəbəri dəqiqləşdirəcəyinə söz vermişdi. Amma hələ ki, əlavə məlumat yoxdur. Əhmədin güllələnmədiyi haqda söz-söhbətlər çox olub, amma indiyədək təsdiqedici heç bir fakta rast gəlməmişik”.
Moskva, 1988-ci il, 20 oktyabr, günün ikinci yarısı…
Günün ikinci yarısı zərərçəkənlər ifadə verməyə başlayır. Sumqayıtda öldürülmüş Arakelyanın arvadı bir möcüzə nəticəsində sağ qaldığını deyir. Çoxsaylı zədələr alsa da onu xilas edən Sumqayıtlı tapılıb. O, məhkəmədə deyir: “Bu mühakimə olunanların heç birini hadisə yerində görməmişəm və tanımıram”.
Sumqayıtda öldürülmüş Iqor Melkumyanın arvadı Irinanın məhkəməyə ifadəsindən:”… Mənim ərim iki il Əfqanıstanda xidmət etmişdi. Əfqan düşmənlərin edə bilmədiyini ərimə qarşı sovet türkləri etdilər. Onu vəhşicəsinə qətlə yetirdilər”.
Mişa Ambarsumyanın arvadı Jasminin ifadəsindən: “Mən yalnız onu (əli ilə Əhmədovu göstərir), görmüşəm. Əlində meqafon tutmuşdu”.
Jasmin Əhmədovu həm də ilkin istintaq zamanı ona göstərilən şəkillərdən tanıdığını bildirir. Lakin prokuror söz alaraq deyir ki, cinayət işində Ambarsumyanın Əhmədovu fotolara görə tanıması haqqında heç bir sənəd yoxdur. Bu vaxt öyrədilmiş erməni şəkilləri ona evində göstərdiklərini deyir. Məhkəmə məsələni aydınlaşdırmadan bitmiş hesab edir.
Şahid bütün erməni mənzillərində telefonların kəsildiyini bildirir. Amma qonşulardan milisə zəng etdiklərini, heç kimin köməyə gəlmədiyini deyir.
Vəkil Ruştuni soruşur:
– Sumqayıt hadisələrində ölənlərin sayı haqqında rəsmi informasiyada 32 nəfər olduğu bildirilir. Həqiqətdə neçə nəfər olub?
Sədrlik edən işə qarışır və vəkildən soruşur:
– Siz rəsmi informasiyaya şübhə ilə yanaşırsınız?
– Yoldaş hakim! Mən çox adamlarla görüşmüşəm, onlar da bu rəqəmə şübhə ilə yanaşırlar.
Sədrlik edən vəkildə hansısa sənəd olub-olmadığı ilə maraqlanır. Dialoqa prokuror müdaxilə edir:
– Sizdə hansısa rəsmi sənəd var?
-Xeyr indi mənim əlimdə heç bir sənəd yoxdur, – Ruştuni cavab verir.
Prokuror sözünə davam edir:
-Bilirsiniz, Sumqayıtda hər şey söz-söhbətdən başladı. Indi biz də əsassız söhbətlər edirik. Əgər əlinizdə əsaslı sənəd varsa, təqdim edin, aydınlaşdıraq.
Zaldan səs eşidilir:

“Ölənlərin siyahısını dərc edin, inanaq!”

Yenə də düşmən dəyirmanına su tökən azərbaycanlı müstəntiqlər…
Əhmədovun vəkili Yaşin söz alaraq Ambarsumyanının ilkin istintaqda verdiyi ifadəni oxuyur. Ambarsumyanın təsvir etdiyi əlində meqafon olan adamın Əhmədova heç bir oxşarlığı olmadığı müəyyənləşdirilir.
Zalda səs-küy qopur, hakim onlara xəbərdarlıq edir. Ambarsumyan ilkin istintaqa belə ifadə vermədiyini deyir. Ona yazdığı mətn və imzası göstərilir. O, bəyan edir ki, imza onun deyil, saxtadır. Yeri gəlmişkən, bu ifadənin Sumqayıtda azərbaycanlı müstəntiqlər tərəfindən alındığı müəyyən olunur.
Hakim məsələyə aydınlıq gətirmədən fasilə elan edir.
Moskva, 21 oktyabr, 1988-ci il, cümə axşamı.
Səhər saat 10:00. Şahidlərin sorğusu davam edir.
Ifadə vermək üçün Əhmədovun anası dəvət edilir. O, oğlunun heç bir cinayət törətmədiyini Azərbaycan dilində çox ağrılı bir formada proses iştirakçılarına çatdırır. Oğlunun heç bir cinayət etmədiyini deyir. “Mənim oğlumu niyə bura gətirmisiniz? …Niyə milis heç bir tədbir görməyib? Niyə Bağırov silahları yığmaq haqqında qərar vermişdi?”

Vəkillərin müəmmalı ölümü

Sumqayıt, 2011-ci il yanvar…
Əhmədağa deyir ki, 1990-cı ilə qədər hər ay Moskvada saxlanıldığı Butırski türməsinə Əhmədə poçtla 100 rubl göndərib. 1990-cı ilin yanvar ayında pul geri qayıdıb. O, qardaşından xəbər tutmaq üçün Moskvaya gedib. Lakin Əhmədin taleyi ilə bağlı heç bir xəbər tuta bilməyib: “1990-cı il yanvarın 17-də Əhməd vəkili Yaşinlə görüşmək üçün SSRI Ali Məhkəməsinə müraciət etmişdi. Bu məhkəmənin cinayət işləri üzrə kollegiyasının sədri Romazin yanvarın 30-da Sumqayıt Şəhər Məhkəməsinə məktub göndərir və Yaşinin Moskvaya gəlməsini xahiş edir. Moskvada keçirilən məhkəmə proseslərində Əhmədin hüquqlarını müdafiə edən vəkil Yaşin həmin vaxt artıq rəhmətə getmişdi. Ona görə Əhmədin atası Imani kişi SSRI Ali Məhkəməsinə teleqram vuraraq bildirir ki, aprelin əvvəllərində oğlu ilə görüşə başqa vəkil – Y.Məmmədov gedəcək. Vəkil aprelin 5-dən 21-dək Moskvada olur. O, SSRI Ali Məhkəməsinə, SSRI Baş Prokurorluğuna və Qorbaçova müraciət etsə də, Əhmədin aqibəti barədə heç nə öyrənə bilmir”.
Əhmədağanın sözlərinə görə, vəkil Məmmədov Moskvadan qayıdandan sonra onlarla görüşdən yayınıb, ümumiyyətlə çox şeyləri deməyib: “Ən maraqlısı odur ki, həmin vəkil Moskvadan qayıdandan təxminən bir həftə sonra müəmmalı şəkildə dünyasını dəyişdi. Cavan idi, təxminən 42-43 yaşı olardı, niyə qəflətən rəhmətə getdi, indiyədək bilinmir. Moskvadakı məhkəmə prosesində Əhmədin əsas vəkili olan Yaşini sonradan Moskvaya bir də göndərmişdik. Qayıdandan sonra zəngləşdik, üstündən iki-üç gün keçdi, səhər saatlarında evinə zəng vurdum, yoldaşı dedi ki, Yaşin artıq dünyasını dəyişib. Inanın, hamı şoka düşmüşdü, çünki Yaşinin heç bir xəstəliyi yox idi. Hər iki vəkilin Moskvaya gedib qayıdandan sonra qəflətən dünyalarını dəyişməsi müəyyən şübhələrə əsas verir?…

Yazıçı Anar Əhmədin qardaşına nə deyib?

Bakı, 2011-ci il, yanvar…
– SSRI Ali Sovetinin Azərbaycandan olan deputatları, Azərbaycanın Moskvadakı nümayəndəliyinin əməkdaşları məhkəmə prosesində iştirak etməyə cəhd göstəriblərmi? Siz bu məqsədlə kiməsə müraciət etmişdinizmi?
– Oktyabrın 18-də məhkəmə başladı, noyabrın 3-də qalmaqal yarandığına görə proses bir həftə dayandırıldı. Səhəri gün Azərbaycana gəldim, ayın 10-da Yazıçılar Ittifaqının (indiki Yazıçılar Birliyinin – red.) sədri Anarla görüşdüm. Onunla görüşməkdə məqsədim heç də Əhmədin müdafiəsi ilə bağlı deyildi. Biz Moskvada məhkəməyə hər gün metro ilə gedib-gələndə sərnişinlərin, xüsusən də rusların çoxunun əlində rus dilində nəşr olunan Dağlıq Qarabağa dair kitab görürdüm. Müəllifləri ermənilər idi. Onlar kitabı oxuyanda fikir verirdim. Anara dedim ki, belə situasiya ilə qarşılaşmışam, o, “ola bilməz, yalan danışırsan” dedi. Mən məhkəmənin gedişi ilə bağlı danışanda isə saymazyana stolun üstündəki vərəqdə yazılanı oxumağa başladı. Gördüm fikir vermir, “bağışlayın, sizi narahat etdim” deyib otaqdan çıxdım.
Moskvadakı Azərbaycan nümayəndəliyindən kimsənin məhkəməyə gəlməsi bir yana, proseslə uzaqdan-uzağa da maraqlanmırdılar.
-Bəlkə müraciət etməyinizi gözləyiblər?..

ardı var

Surxay Hüseynli,
Azər Hüseynbala