Rövnəq Abdullayevin əsəbləri dözmədi

ARDNŞ prezidenti Kəmaləddin Heydərova açıq zərbə endirdi

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Azərbaycan Dövlət Neft Şirkətinin(ARDNŞ) prezidenti Rövnəq Abdullayev arasında ziddiyyətlərin baş qaldırması barədə yazdıqlarımız təsdiqini tapır. Hər iki məmurun üz-üzə gəlməsinə Rövnəq Abdullayevin yeni tikilən, lakin dövlət qeydiyyatından keçməyən binalara qaz verilməsi ilə bağlı səsləndirdiyi təklif səbəb olub.
ARDNŞ prezidenti artıq həmin binalarda yaşayışın olduğunu əsas gətirərək bildirib ki, onların qeydiyyat məsələsi həllini tapmalıdır. Rövnəq Abdullayevin bu təklifi Kəmaləddin Heydərovun maraqlarına uyğun olmadığı üçün iki məmur arasında ziddiyyətlərin baş qaldırmasına səbəb olub. “Fövqəlnazir” Rövnəq Abdullayevi yerində oturtmaq üçün “Azəriqaz”ın fəaliyyətindəki nöqsanları ictimailəşdirmək xəttini tutub. Həmçinin Kəmaləddin Heydərovun yaxın çevrəsinə daxil olan şəxslər Rövnəq Abdullayevə qarşı hücuma keçiblər. Təbii ki, ARDNŞ prezidenti ilə bağlı ictimailəşdirilən faktların obyektivliyinə şübhə yoxdur. Sadəcə təcrübə göstərir ki, Azərbaycanda məmurların bir-birlərinin paxırlarını açması yalnız onların arasında hansısa problemlər yarananda baş verir.
Kəmaləddin Heydərovun hücumları artıq Rövnəq Abdullayevi cavab zərbələri endirməyə məcbur edib. “Azəriqaz” Istehsalat Birliyinin sədri Əkbər Hacıyevin APA-ya açıqlamasına diqqət edəndə, onun fikirlərinin Kəmaləddin Heydərova cavab olduğunu sezməmək mümkün deyil. Əkbər Hacıyev bildirib ki, yeni tikilən bina dövlət komissiyası tərəfindən qəbul olunsa, “Azəriqaz” onu 3-4 gün ərzində qazla təmin eləməyə borcludur. Əkbər Hacıyev bununla problemin qeydiyyat məsələsində olduğuna eyham edib. Onun sonrakı fikri isə daha maraqlıdır. “Azəriqaz” rəhbəri deyib ki, hazırda bəzi binalarda insanlar köçüb yaşayır, ona işıq, su verilsə də, qaz verilmir. Halbuki ora insanların köçməsi də qadağandır.
Əkbər Hacıyev demək istəyir ki, əgər bina qeydiyyatdan keçməyibsə, ora niyə işıq, su verilir? Yaxud da insanlar hansı əsasla binaya köçürülür? Sakinlər binaya köçürülsə, işıq və su ilə təmin olunursa, qazla da təmin olunmalıdır. “Azəriqaz” üçün də bu, 3-4 günlükdür.
“Azəriqaz” rəhbəri daha sonra bildirib ki, sovet dövrünün qaydalarına görə, o vaxt binalarda sakinlərin 30 faizdən az hissəsi yaşayanda, ora qaz vermək qadağan idi. Indi isə bu qayda yoxdur – əsas məsələ binanın təhvil alınmasıdır. “Biz baxmırıq ki, binada 5 nəfər qalır, ya 10 nəfər. Dövlət Komissiyası tərəfindən qəbul olunubsa, qazı veririk. Yəni qazın verilməsi üçün əsas şərt komissiya tərəfindən qəbul olunmasıdır”,- deyə Əkbər Hacıyev əlavə edib.
“Azəriqaz” rəhbərinin fikirlərindən görünür ki, Rövnəq Abdullayev təklifini reallaşdırmaqda israrlıdır. Bu halda Kəmaləddin Heydərovla ARDNŞ prezidenti arasında ziddiyyətlərin daha da alovlanacağını söyləmək olar.

 

İnformasiya şöbəsi