Mən çox şeyə məəttəl qalmışam. Sadalasam böyük bir siyahı alınar, oxuyub lap üzülərsiniz. Biz niyə görə belə yaranmışıq? Nədən o biri millətlər başqa millətlərin səhvlərindən öyrənir, biz isə onların səhvlərini təkrarlamağı sevirik? Nədən başqa millətlər on il bundan sonranı proqnozlaşdırmağı və nəzərə almağı bacardığı halda biz burnumuzun ucundan o tərəfi görmürük? Dünyada çox az millət bizim qədər öz qüsurlarını yamanlayıb. Bəs nədəndir heç bir nəticə çıxarmırıq? Bəli, nədəndir, nədəndir!
Sonsuzluğa qədər bunu davam etdirmək olar. Amma bununla mən Sabirdən və Mirzə Cəlildən irəlimi gedəcəm? Inanmıram. Bəlkə də hakimiyyət hissi insanları korlayır, nəhayət bir gün insan reallıq hissini itirir. Misirdə bütün cəbr elementləri var, Misir də düşünülən qədər geridə qalan dövlət deyil. Ordu, polis, müasir hərbi texniki vasitələr, bir sözlə, hər şey var… Amma bu gün bütün bunların hamısı bircə detala dəymir – bu da millətin etimadıdır. Bəli, H.Mübarəkə qarşı artıq heç kimin etimadı yoxdur. Mənim aləmimdə o, hərbi canidir, çünki kim dinc və silahsız insanlara qarşı ordu göndərirsə, yaxud bu məqsədlə ordu yaradır və özlüyündə güc topladığını zənn edirsə, o, hərbi canidir və buna da uyğun olaraq cəzalandırılmalıdır. Burada “Nəsimi” filmində Şirvan Şahının dediyi bir cümlə yadıma düşür: “Mən öz təəbələrimin üstünə ordu göndərmirəm!”. Hər dəfə bu filmə baxanda bu fikir məni ovsunlayırdı. Həmişə fikirləşirdim ki, əcəba, bəs nədən sonradan şahlar, krallar, prezidentlər bu hikməti belə tez unutdular?
Bilirsiniz, bu, çox qəribə bir haldır. Həqiqətən də psixoloji bir detaldır. Heç kim özünə qarşı edilən ən kiçik pisliyi unutmur, amma başqa bir insana qarşı ən böyük pisliyi edəndə hətta vicdan əzabı da çəkmir. Çox paradoksal haldır. Paradokslar həmişə düşüncə tərzindəki qüsurları aşkar və dəf etməyə kömək edir, fəlsəfədə və fizikada hətta onları xüsusi olaraq öyrənir və tədqiq edirlər. Amma həyatda hələ öz açılışını gözləyən nə qədər paradoks var!
Siyasi etika da var axı
Bu yaxınlarda öz partiyasını tərk etmiş bir köhnə müxalifətçinin elə özünün keçmiş partiyası haqqındakı “şok açıqlaması”nı oxudum. Böyük bir təəssüf hissi keçirdim. Indi bəziləri yenicə tərk etdikləri partiyanın uzun müddət tam yanlış bir yolda olduğunu israr və iddia edirlər. Mən bununla razı deyiləm. O mənada ki, düşünülmüş şəkildə hansısa böyük yanlışlıq baş verdiyini güman etmirəm. Amma bircə anlığa təsəvvür edək ki, həqiqətən də belə olub. Bəs onda əvvəl niyə susurdunuz? Niyə bəzi insanlar partiyanın kursuna tənqidi fikirlər söyləyəndə həmin adamları az qalırdınız partiyadan qovasınız və elə qovurdunuz da! 2003-cü ilə qədər partiyada kiçik postu tutmaq üçün qırğın gedirdi, amma indi həmin partiya öz postlarını təklif edir, fəqət, yaxın duran yoxdur! Bəziləri elə düşünür ki, bizim siyasət haqqında dediklərimiz ancaq hakimiyyətdəkilər üçün nəzərdə tutulur. Amma belə deyil, bu, siyasətlə və dövlət işi ilə məşğul olmaq istəyənlərin hamısı üçündür. Siyasətin də etika çərçivələri var. Bəzən bizə elə gəlir ki, haradansa çıxıb getməklə həyatımızı da korrektə edirik. Amma belə deyil axı… Təbii ki, mən bir mahnıda deyildiyi kimi, “ötən günlərimi qaytarsaydılar, qalan günlərimi qurban verərdim” deməkdən çox uzağam. Ancaq ötən günlərimiz də bizimkidir və onlar heç də gələn günlərdən əskik deyillər. Başa düşürəm, emosiyalar olur, xüsusən də fikirləşəndə ki, artıq ötüb keçmiş o vaxta heç bir korrektə edə bilməzsən, adam az qalır ki, ağlını itirsin. Amma nə etmək olar? Bu da həyatdır, bizlər bir çox hallarda arzularımızı yox, məhz taleyimizi yaşayırıq.
Kiçik sözardı
Mübarəkdən başladım, gərək Qərb haqqında da bir-iki kəlmə deyim. Düzü, Qərbin təlaşı məni çox da xoşlandırmadı. Elə bir əsas olmadan söyləmək ki, Misir Iranın taleyini yaşaya bilər, mənə elə gəlir ki, proseslərə bir hiperbloik güzgüdən baxmaq kimi idi. Misirlilər də ağıllı tərpənirlər – heç bir ekstremist dini şüar səsləndirmirlər. Ona görə də ümidliyik, özü də çox.