Nazirlə deputat 20 manat üstündə qırğına çıxıb

Dövlət qəzeti «Azərbaycan» müxalifət mətbuatına çevrilə bilər

 

Tələbələrin itən biletlərinin etibarsız elan olunması üçün onlara yalnız bir qəzetin – “Azərbaycan müəllimi”nin ünvan göstərilməsi bir ilə yaxın müddətin hadisəsidir. Bu köhnə hadisədən rəsmi “Azərbaycan” qəzeti təzəlikcə xəbər tutub və hər şey də bundan başlanıb.
Tələbələrdən biri “etibarsız” elanını “Azərbaycan” qəzetində dərc etdirib. Amma ona universitetdə deyiblər ki, bu elanın özü etibarsızdır. Çünki təhsil nazirinin göstərişi var ki, elanlar ancaq “Azərbaycan müəllimi” qəzetində dərc olunmalıdır.
Bu məsələdən hali olan “Azərbaycan”ın baş redaktoru, deputat Bəxtiyar Sadıqov əməkdaşlardan birinin imzası ilə qəzetin ötən saylarında nazir Misir Mərdanovu sərt tənqid edib. Baş redaktorun yazısı əlbəttə, real əsaslara söykənib və ilk baxışda tənqiddə xeyli həqiqətəuyğun məqamlara istinad olunub. Məsələn, nazirin belə bir göstəriş verməsi monopoliya cəhdi kimi qiymətləndirilib. Eyni zamanda, söz və mətbuat azadlığının boğulmasına yönəlik addım kimi şərh olunub.
Bundan başqa, yazıda nazir yungülvari şantaj da olunub. Ona təxminən belə irad tutulub ki, hətta prezidentin imzaladığı bəzi sənədlər “Azərbaycan”da dərc olunmadan qüvvəyə minmədiyi halda, onun “Azərbaycan müəllimi” ilə bağlı sərəncamı hoqqabazlıqdır.
“Azərbaycan”ın haqlı tənqidləri öz yerində. Ancaq daha maraqlı məqam bu tənqidi doğuran real səbəbdir. Bu isə puldur. Faktiki olaraq, nazirlə deputat arasında “etibarsızlıqdan” gələn pul uğrunda savaş gedir. Yoxsa, necə olur ki, təhsildə şəxsən nazir kimi Misir Mərdanovun fəaliyyətində minlərlə qüsur olduğu halda, “Azərbaycan” bir dəfə də bu sahədəki problemlərə toxunmayıb. Əksinə, müxalifət qəzetlərində gedən bu qəbildən yazılara cavab məqalələri tirajlayıb.
Hələ illər öncə Bəxtiyar Sadıqov özü etiraf etmişdi ki, qəzetinin büdcəsində başsağlıqları və elanlardan gələn gəlirlər əhəmiyyətli rol oynayır. Hazırkı şərtlərə görə, bir “etibarsız” elan üçün adam “Azərbaycan”a 20 manat ödəməlidir. “20 manat”ların əldən çıxması indi “Azərbaycan”ın bəsirət gözünü açıb. Yəqin ki, Misir Mərdanovun analoji addımlarını başqa dövlət orqanları da atsa, biz yaxın günlərdə “Azərbaycan”ın simasında yeni müxalifət qəzeti qazanmış olarıq.

 

Natiq