Əlcəzair diktatoru da geri çəkildi

19 illik hərbi rejim aradan qalxır; müxalifət isə “Qəzəb günü”nə hazırlaşır

 

Tunis və Misirdən sonra Əlcəzairdə də müxalifət hərəkətə keçib. Artıq ölkəyə doğru yön alan inqilabi proseslər qarşısında Əlcəzair başçısı Əbdüləziz Buteflika geriyə addım atıb. Əlcəzair rəhbəri bəyan edib ki, ölkədə 19 ildir davam edən fövqəladə rejim ən qısa vaxtda ləğv olunaccaq.
Əl Ərəbiyyə telekanalı xəbər verir ki, yerli müxalifət fevralın 12-də hakim rejimə qarşı böyük bir aksiya planlaşdırır. Bu mitinqlərdə Buteflika rejiminə son verilməsini tələb edəcəklər.
Əlcazir rejimi ölkədə tez-tez terror aksiyaları təşkil edən Əl Kadiye ilə mübarizə adı altında orada 19 ildir hərbi rejim tətbiq edib.
İndi isə ölkədəki rəsmi “APS” agentliyi hərbi rejimin ən yaxın müddətdə qaldıralacağı barədə rəsmi məlumat yayıb. Məlumatda vurğulanır ki, ölkə hakimiyyəti terrorizmlə mübarizənin başqa yollarına üstünlük vermək niyyətindədir.
Bundan başqa, Buteflika ölkədə işsizliyin aradan qaldırılması və korrupsiyaya qarşı mübarizə üçün də yeni tədbirlər hazırladığını, müxalifətin radio və televiziya ilə təbliğat aparmasına icazə verəcəyini bildirib.