«Dəyişikliklərə bir balaca ümid yaranan kimi, bu laqeydliyin nə qədər müvəqqəti olduğunun şahidi olacağıq»
Lalə Şövkət:
«Burada zaman məsələsi var, diktatura, avtoritar rejimlərin aqibəti eynidir»
ALP lideri, professor Lalə Şövkət son günlər dünyanın gündəmini məşğul edən ən aktual mövzu- Ərəb ölkələrindəki inqilab dalğası və onun Azərbaycana mümkün təsirlərilə bağlı düşüncələrini “Azadlıq”a danışdı.
– Lalə xanım, son günlər dünyanın aparıcı mövzusu Ərəb dünyasında, xüsusilə də Misirdəki hadisələrdir. Necə hesab edirsiniz, bu uzun illər daxildə yığılan mənfi enerjinin partlamasıydı, yoxsa başqa səbəblərdən qaynaqlanırdı?
– Burada həm birinci, həm ikinci səbəb mövcuddur.
Lakin, əsas səbəb diktaturadan, korrupsiyadan, məmur özbaşınalığından, sosial ədalətsizlikdən, işsizlikdən, səfalətdən, zorakılıqdan bezmiş və əzilmiş, bu rejimlərə “YOX” deyən xalqın üsyanıdır. Son 25 ildə dünyada bu artıq üçüncü demokratiya dalğasıdır: birincisi, Şərqi Avropa ölkələrində, ikincisi, postsovet ölkələrində – narıncı inqilablar, üçüncüsü də, Ərəb ölkələrini bürümüş böyük demokratiya dalğasıdır. Və bunun qabağını almaq mümkün olmayacaq. Ona görə ki, qloballaşan, bütövləşən, demokratikləşən, balacalaşan dünyada demokratiya, insan hüquqlarının prioriteti, sosial ədalət bəşəriyyətin əsas faktoruna çevrilib.
– Ərəb dünyasındakı son hadisələr göstərdi ki, müxalifəti əzməklə, qərargahsız qoymaqla, fərqli düşünənləri ölkədən didərgin salmaqla, azad mətbuatı susdurmaqla daxili narazılığı boğmaq və sabitliyi təmin etmək mümkün deyil. Əksinə bunun fəsadları daha dəhşətli olur. Siz necə düşünürsünüz?
– Nyutonun əsas fizika qanunu “təsir əks təsirə bərabərdir” tarixən siyasətin də əsas qanununa çevrilib. Burada istisnalar yoxdur. Nə qədər çox müxalifəti, insanları əzsələr, o qədər də güclü müqavimətlə üz-üzə qalacaqlar. Burada zaman məsələsi var. Onsuz da diktatura, avtoritar rejimlərinin aqibəti eynidir.
Xalqın narazılığına etinasızlıq çox təhlükəli dəst-xətdir
– Siz bu hadisələrlə bağlı verdiyiniz bəyanatda Azərbaycan hakimiyyətinə “ayılın” çağırışı etmisiniz. Amma hakimiyyət təmsilçiləri hesab edirlər ki, Ərəb dünyasında baş verənlər Azərbaycanda təkrarlana bilməz. Bu yanaşmanı doğru sayırsınızmı?
– Mən “ayılın” deyərək, Azərbaycan hökumətinə müraciət etdim ki, köklü islahatlara keçin, total korrupsiyaya qarşı real mübarizə aparın, insan hüquqlarına hörmətlə yanaşın, demokratiya üçün, millətin inkişafı üçün yol açın. Sonra gec ola bilər. Hakimiyyətin son bəyanatlarına gəlincə isə, zənnimcə, onlar hakimiyyətdə olan əsl əhval-ruhiyyəni heç də əks etdirmir. Əgər yaxın günlərin tarixinə baxsaq, eyni arxayınçılıqla həm Tunis hakimiyyəti, həm Misir hakimiyyəti davranırdılar. Amma bunun heç bir əhəmiyyəti olmadı. Xalqın narazılığına etinasız baxmaq çox təhlükəli dəst-xətdir. Və bir gün gözlənməyən halda bunun əks sədası ilə üzləşmək ehtimalı realdır.
Tarif Şurasının son qiymət artımları hakimiyyətin böyük səhvlərinin davamıdır
– Bəzi ərəb ölkələrinin liderləri indidən geri çəkilməyə başlayıb. Iordaniyada hökumət buraxıldı, Suriya və Yəmən liderləri islahatlar aparılacağını bəyan etdilər. Ancaq Azərbaycan hakimiyyəti bir yandan Qərb dünyası ilə açıq savaşa girir, digər yandan isə ölkədə bir çox sahələrdə qiymətləri artırdı. Bu dünyaya meydan oxumaq anlamına gəlmirmi?
– Nəinki Iordaniyada, Suriyada və Yəməndə liderlər islahatlar aparacaqlarını bəyan ediblər. Hətta postsovet məkanında Qazaxıstan prezidenti Nursultan Nazarbayev onun səlahiyyətlərini referendum yolu ilə uzadılması haqqında qərara qarşı çıxaraq növbədənkənar prezident seçkisini elan etdi. Avtoritar Rusiya isə bir tərəfdən korrupsiya ilə mübarizəni əyani şəkildə apararaq, digər tərəfdən bütün hərbi qulluqçuların əmək haqqını üç dəfə artıraraq, adi leytenant rütbəli zabitlərə 2 min dollara yaxın maaşını təsdiqlədi. Belə olan halda Azərbaycan kimi balaca ölkənin dünyaya meydan oxumağı həm qeyri-ciddi, həm qeyri-adekvatdır. Və son günlər Tarif Şurası tərəfindən onsuz da insanların ağır olan sosial vəziyyətinə vurulan zərbə bugünkü hakimiyyətin bu vəziyyəti dərk etməməsinin və düzgün qiymət verməməsinin aydın göstəricisidir. Bu, xalqda olan narazılıq enerjisinin artmasına səbəb olacaq və hakimiyyətin böyük səhvlərinin davamıdır.
Korrupsiya ilə mübarizə aparmaq istəyirlərsə, son beş ildəki qəzetlərə baxsınlar
– Bir çox ekspertlər hesab edir ki, Azərbaycan hakimiyyətini arxayınlaşdıran cəmiyyətin bir çox hadisələrə xüsusilə də siyasi proseslərə laqeyd yanaşmasıdır. Doğrudan da ölkədə bu qədər laqeydlik narahat edicidir. Amma Tunis və Misirdəki hadisələr göstərdi ki, belə laqeydlikdən arxayınlaşmaq doğru deyil. Siz necə düşünürsünüz?
– Millətimizin laqeydliyi inamsızlıqdan doğan ümidsizliyin nəticəsidir. Laqeydlikdən sonra üsyan gəlir. Son zamanlar Azərbaycanda intiharların sayı günbəgün artır. Bu, öz həyatlarından bezən insanların fərdi üsyanıdır. Heç bir normal insan öz həyatına, övladının gələcəyinə laqeyd yanaşa bilməz. Bu, təbiətin qanunlarına ziddir. Və bugünkü laqeydlik yalnız görüntüdür. Dəyişikliklərə bir balaca ümid yaranan kimi bu laqeydliyin nə qədər müvəqqəti olduğunun şahidi olacağıq. Və bu mütləq olacaq, geci-tezi var.
– Ərəb dünyasında yaşanan hadisələrdən sonra həm Prezident Administrasiyasında, həm digər dövlət qurumlarında korrupsiyaya qarşı iclaslar keçirildi. Bundan sonra ayrı-ayrı nazirlər rəhbərlik etdiyi bir neçə sıravi işçini çıxarmaqla korrupsiyayla mübarizə görüntüsü yaradırlar. Bu imitasiyanı necə qiymətləndirirsiniz?
– Əgər həqiqətən korrupsiya ilə mübarizə aparmaq istəyirlərsə, heç olmasa son beş ildəki qəzet səhifələrində, mediada gedən araşdırmalara, faktlara reaksiya versinlər. Mediada bir çox hallarda korrupsiyanın və büdcə oğurluğu ilə bağlı birbaşa faktlar açıqlanaraq araşdırılmışdır. Niyə görə hakimiyyət buna heç bir reaksiya vermədi? Ya bu faktlarla bağlı, bütün dünyadakı olduğu kimi, dərhal yoxlamalar aparılmalı idi, ya da qəzetlər məhkəməyə verilməli idi. Bütün bu faktları susqunluqla izləmək bunlarla barışmaq deməkdir. Bu isə başa düşülən deyil. Ona görə bugünkü kampaniya imitasiyadan başqa bir şey deyil.
Azərbaycanda korrupsiya dövlət ideologiyasına çevrilib. Korrupsiya ilə mübarizə etmək üçün sistemi dəyişmək lazımdır. Bunun dünyada qəbul olunmuş üç əsas şərti var: söz azadlığı, müstəqil məhkəmə sistemi və ictimai nəzarət. Bunlar hamısı demokratiyanın xüsusiyyətləridir. Köklü islahatlar olmayınca, korrupsiya ilə mübarizə yalnız sözçülük olaraq qalacaq.
Hicab qadağası çox məntiqsiz və yersiz idi
– Necə hesab edirsiniz, Azərbaycanda hicab problemi varmı? Ümumiyyətlə bu məsələyə də münasibətinizi bilmək istəyərdik.
– Azərbaycanda hicab problemi yox idi, amma hakimiyyət bunu problemə çevirərək, böyük səhvə yol verdi. Azərbaycan Konstitusiyası vətəndaşların vicdan azadlığına, insan hüquqlarının ayrılmaz hissəsi kimi, birmənalı olaraq təminat verir. Inanclı insanların etiqad azadlığı heç bir vəchlə məhdudlaşdırıla bilməz. Əks təqdirdə bu, cəmiyyətdə radikallığa yol açar. Azərbaycan özünü demokratik dövlət kimi qələmə verir və demokratik ölkədə inanclı insanların hüquqlarına və davranışlarına hər hansı bir məhdudiyyət yolverilməzdir. Azərbaycan dünyəvi dövlətdir, lakin, bununla yanaşı əhalisinin 95 faizi müsəlmandır, Bayrağımızda, Gerbimizdə inancımız öz əksini tapıb. 2009-cu ildə Bakı “Islam mədəniyyəti paytaxtı” elan olunmuşdu.
Ona görə hakimiyyətin qadağası çox məntiqsiz və yersiz idi. Hətta xristian Qərb demokratik ölkələrində, ABŞ və Avropa dövlətlərinin əksəriyyətində, hicaba qadağa yoxdur.
Müsəlman ölkəsində isə bu qadağa nonsensdir.
Bu gün hicabla bağlı vicdan azadlığına müdaxilə, bundan əvvəl söz azadlığının, sərbəst toplaşmaq azadlığının, siyasi və digər hüquqların məhdudlaşdırılmasının məntiqi davamıdır. Bu, bir daha bizi təşviq edir ki, biz hamılıqla bu gün Azərbaycanda demokratiyanın bərqərar olunması uğrunda mübarizə aparaq. Demokratiya bərqərar olduğu halda, insan hüquqları və etiqad azadlığı hər bir vətəndaşın dinə münasibətindən asılı olmayaraq təmin olunacaq.
Xəyal