ATV-nin boşaldılması xəbəri yayıldı

Kanalın əməkdaşları gələn həftəni gözləyirlər

 

Ötən gün “Azad Azərbaycan” (ATV) telekanalının boşaldılması xəbəri yayılıb. “Qafqazinfo” xəbər verir ki, kanalın prezidenti Tağı Ibrahimov başda olmaqla, rəhbərlik kanalı tərk edir. Kanalın vitse-prezidenti Həsən Abdullayev ötən gün otağını boşaldaraq, işçilərinə kabinetindəki suvenirləri paylayıb. O, “kim nə istəyir götürsün, bunları aparmağa yerim yoxdur” deyib.
Hətta ATV-nin şou proqramlarının əsas istehsalçısı olan “SOY Production”a da özlərinə başqa telekanal tapmaq tövsiyə olunduğu üçün “SOY” da ATV ilə yollarını ayıraraq “Space” telekanalına keçib. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, televiziyanın yeni rəhbərləri gələn bazar ertəsindən etibarən işə çıxacaqlar. Şənbə-bazar günləri isə köhnə rəhbərlərə əşyalarını toplayaraq şirkəti tərk etməsi barədə göstəriş verilib.
Məlumatı dəqiqləşdirmək üçün telekanalın həyətinə yollandıq. Kanalın əməkdaşlarından birilə söhbətdən məlum oldu ki, ATV-nin Idarə Heyətinin dəyişəcəyi xəbəri elə şirkətin özündə də gəzir. Lakin hələlik heç kim kanalı tərk etməyib.
ATV əməkdaşının dediyinə görə, gələn həftənin əvvəllində bütün məlumatlar dəqiqləşəcək. Indi isə onlar normal iş qrafikində fəaliyyətlərini davam etdirirlər. Işçilərə deyiblər ki, onların narahat olması üçün heç bir əsas yoxdur. Əgər dəyişiklik olacaqsa, bu rəhbərlik səviyyəsində baş verəcək. Yəni, sıravi işçilər istənilən halda fəaliyyətlərini davam etdirəcəklər.
Yeri gəlmişkən, “qafqazinfo” kanala kimlərin rəhbərlik edəcəyini də yazıb. Xəbərə görə, ATV-nin rəhbərliyinə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundovun həyat yoldaşı Vəfa Axundova gətirilir. V.Axundova “Interfaks Azərbaycan” informasiya agentliyinin nümayəndəsi, eyni zamanda “Region+” jurnalının redaktorudur. V.Axundova telekanalın binasında hələlik görünməsə də son 10-15 gündə Heydər Əliyev Irsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayevin ATV-yə gediş-gəlişi intensivləşib. F.Babayev ATV-nin vitse-prezidenti Həsən Abdullayevin postuna gətirilir. V.Axundova isə rəhbərlikdə sadəcə, simvolik təmsil olunacaq. Əslində isə telekanalı V.Axundovanın həyat yoldaşı Fuad Axundov idarə edəcək.

 

Elmin